Mavi yanacağa qatqını normadan artıq vurdular, qəsəbə böyük fəlakət təhlükəsi yaşadı; ən azı bir nəfərin öldüyü deyilir
Martın 5-i axşam saatlarında Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində kütləvi zəhərlənmə olub. Ərazidə yaşayan sakinlərin “Azadlıq” qəzetinə verdiyi məlumata görə, zəhərlənməyə səbəb qaz olub. Belə ki, səhərdən axşam saat yeddi radələrinə qədər qəsəbəyə mavi yanacağın verilişi dayandırılıb. Qaz veriləndən sonra isə sakinlərdə zəhərlənmə halı müşahidə olunub.
Hadisə qəsəbənin Vilayət Əsgərov küçəsindəki 4 beşmərtəbəli binanın olduğu massivdə baş verib. Sakinlər zəhərlənənlərin sayının 100 nəfəri ötdüyünü deyiblər. Məlumata görə, qəsəbədəki xəstəxanada yerlər dolduğundan paytaxtın digər xəstəxanalarından yardım istənilib. Məhəlləni kəskin qaz iyi bürüyüb.
Rəsmi mənbələrin bilirdiyinə görə, təbii qazın veriliş zamanı əlavə edilən qatqı (odorant) normadan bir qədər yüksək olub, zəhərlənmə də buna görə baş verib. Hadisə yerində olan “Azəriqaz” İstehsalat Birliyinin Qaz Satışı İdarəsinin rəisi Vaqif Namazov da bunu təsdiqləyib.
Taksikoloji Mərkəzdən verilən məlumata görə, mərkəzə 40 nəfər gətirilib ki, onlardan biri hamilə qadındır. Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov xəstələrin durumunun orta-ağır olduğunu deyib.
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov ANS-ə açıqlamasında ərazidə 10 təcili yardım briqadasının çalışdığını bildirib. O, vəziyyətin nəzarət altında olduğunu, ilkin tibbi yardım göstərilən xeyli adamın evə buraxıldığını deyib.
Təcili tibbi yardımın həkimləri bildiriblər ki, odorantın yaratdığı zəhərlənmə öldürücü deyil. Bu zəhərlənmə xəstədə halsızlıq, başgicəllənmə və ürəkbulanması yaradır, ilkin tibbi yardım göstərilməsindən sonra isə xəstənin vəziyyəti normallaşır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları da hadisə yerinə gəliblər. Onlar ərazidə radioloji, kimyəvi, bioloji, bakteroloji səyyar mobil laborotoriya quruşdırıblar və araşdırmaya başlayıblar.
Hadisə yerinə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov da gəlib. İcra başçısı bildirib ki, özü məsələ ilə məşğuldur: “Rayon hüquq-mühafizə orqanlarının, eyni zamanda “Azəriqaz”ın rayon idarəsinin məsul şəxsləri də hadisə yerindədirlər. Araşdırma aparılandan sonra ətraflı məlumat veriləcək”.
Bəzi KİV bu hadisədə ölüm faktının olduğunu xəbər verib. APA sakinlərə istinadla bildirir ki, hadisə baş verən əsnada qəsəbə sakini, 45 yaşlı Natalya Məmmədovanın halı pisləşib. Ailə üzvləri dərhal təcili tibbi yardım çağırsalar da, qadının həyatını xilas etmək mümkün olmayıb. Ailə üzvləri onun evdə yatmış vəziyyətdə dünyasını dəyişdiyini bildiriblər.
Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Lökbatan qəsəbəsində yerləşən 15 saylı köməkçi Yardım Stansiyasından APA-ya faktı təsdiqləyiblər. Stansiyadan bildirilib ki, N. Məmmədovanın qaz zəhərlənməsindən və ya başqa bir xəstəlikdən dünyasını dəyişdiyi ekspertizanın nəticələri bəlli olduqdan sonra müəyyənləşəcək.
“Minval.az” saytı isə 4-ü uşaq olmaqla 8 nəfərin zəhərlənmədən öldüyünü bildirib. Lakin Bakı şəhər təcili və təxirəsalinmaz tibbi yardım stansiyasının baş həkimi Mürsəl Həmidov ANS-ə ölüm faktının qeydə alınmadığını deyib. O, bildirib ki, əgər hadisə ölümə səbəb olsaydı, onda kütləvi tələfat baş verərdi.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən də bildiriblər ki, onların hadisə zamanı ölüm faktı qeydə alınmayıb.

![]()
![]()
![]()
İnformasiya şöbəsi



