Azadlıq istəyən xalqın ofisi

Ceyms Fenimor Kuper bütün dünyada sevilən “Sonuncu mogikan” əsərində bir nəfərin maraqlı təsvirini verir. Adam büzüşüb oturur, yanındakılardan və ətrafdakılardan heç nə ilə fərqlənmir, zəif və balaca görünür. Amma ayağa duranda, qamətini düzəldəndə onun necə boy-buxunlu, gövdəli və nəhəng biri olduğuna hər kəs heyrət edir. Hər gün ona rast gələnlərin də diqqətini bu qamət özünə çəkmiş olur. Xalqlar da belədir, susub oturanda məzlum, miskin, zəif və xırda görünür. Ayağa qalxanda isə onun gücü hətta lazım olandan artıq və bəzən də qorxulu görünə bilir.

Müxalif fikri, müxalif mövqeli insanları və qurumları sıradan çıxarmaq üçün hər şeyə əl atan Azərbaycan hakimiyyəti bunu anlamaq istəmir. Məsələn, AXCP-nin ofisində partlayış törədirlər, bina qəzalı və istifadə yararsız elan edirlər, təşkilatı qanuni yolla kirayələdiyi ofisindən çıxarırlar. Amma anlamırlar ki, bu, narazı xalqın ayağa qalxmasının qarşısını ala bilməyəcək; xalq ayağa duranda AXCP-nin ofisinin olmamısını nəzərə alıb qərarını dəyişəsi deyil. AXCP-nin həmin zaman oynayacağı rol da özünün ofisinin olub-olmamasından asılı deyil. 

Tunisdə xalq ayağa qalxanda, Misirdə, Liviyada inqilab baş verəndə, SSRI-i dağılanda, AXCP bir yana qalsın, AXC özü (Azərbaycan Xalq Cəbhəsi) yarananda ofislər yox idi, proseslər ofislərdə başlamadı, ofislərdə yürümədi. Azərbaycan Xalq Cümhuriyyəti – çağdaş dövlətimiz özü də ölkədəki bir zalda, ofisdə elan olunmayıb…

Sözün qısası, xalq ofisdə ayağa durmur. Ofislərin olması kafidir, çox faydalı və vacibdir, amma azadlıqların olmadığı şəraitdə işlər onsuz da aparılmalıdır. 1988-ci ildə xalqımız hansısa ofisə yığışmamışdı. Son illərin Quba və Ismayıllı olayları bir ofis hadisəsi deyildi. Belə hallarda ofislik işlər də rəsmi bir qərargahlarda deyil, harada gəldi görülür. Geniş baxanda iqtidarın əl atdığı üsullar fayda verməyəcək. Illərdir ofissiz olan, qanuni ofisinin qapısı qaynaqlanaraq bağlanan AXCP çökmədi ki?! Əksinə, gücləndi. Siçanların partiya qərargahının zirzəmisində partlayış törətməsi də geniş mənada faydasız olacaq. Xalq ayağa duranda onun qaməti və gücü bunsuz da görünəcək. 

Hətta ofissiz də qalmayacaq bu yolda çarpışanlar. Iki gün öncə Leyla Yunus yaxın tarixi bizə xatırlatdı. AXC yarananda yığışmaq üçün ofis yox idi. O zaman bir xanım öz evinin açarını fəallara verib ki, yığıncaqları orada keçirsinlər. Yenə də belə halları görəcəyik. Çoxlarının illərdir yanıldığı bir məsələ var. Elə hesab edirlər ki, Azərbaycan xalqı bu ötən dövrdə susubsa, dinməyibsə, hər cür haqsızlığa dözübsə, deməli, həmişə belə olacaq. Bu cür arxayınlığı olanlara tarix çox ağır dərs verib. Yenə də ən işıqlı və təmirli zallar, ən abad meydanlar xalqın olacaq.

Amma onu da demək istəmirik ki, əhəmiyyət verilməyəcək, heç bir şeyə dəxli olmayan bir hadisədir hakimiyyətin elədikləri. Bu, cinayətdir. Bu, nəzarətində olmayan qüvvələrin funksionallığını zəiflətməkdir. Önə çıxan qüvvəni xüsusi hədəfə almaqdır. Ayrı-seçkiliyin son həddidir. Sonuc olaraq da ölkəni talan etməyin və hakimiyyət qəsbinin davam etdirilməsi üçün gerçəkləşdirilən cinayətdir. Cinayəti davam etdirmək üçün edilən cinayətdir. 

Ayrıca son cinayətlərin hədəfi olan AXCP-yə gəldikdə isə, bu təşkilat atıq proses olmaq yolunu tutub. Mübarizə prosesi. O mübarizəyə isə heç kim şübhə etmir. O mübarizənin davam edəcəyinə də şübhə yoxdur. Mübarizə əzmin varsa, Internetdən böyük ofis tapa bilməzsən. Istəyirsiniz ciddi qəbul edin, istəyirsiniz zarafat sayın: azadlıq istəyən xalqların ofisi indi oradadır – Internetdə.