Türkiyədə Xomeyni variantı mümkündürmü?

Vəfa Quluzadə: «Türkiyədə hadisələrin İrandakı kimi inkişafı inandırıcı görünmür»

Türkiyədə Ərdoğan hökuməti ilə “Gülən camaatı” arasında ziddiyyət dərinləşdikcə bu proseslərin nexə başa çatacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Hətta bəzi ehtimallara görə, Fətullah Gülən Ərdoğanla mübarizədə üstün olduğunu gördükdə 1979-cu ildə Ayatollah Xomeyninin İrana qayıdışına bənzər addım ata bilər. Bununla da o hadisələr birbaşa Türkiyədən rəhbərlik edər. 

Lakin bu fikir birmənalı qarşılanmır. Türkiyə üçün belə variant nə dərəcədə mümkün görünür?

Politoloq Vəfa Quluzadə Türkiyədə vəziyyətin gərginləşməsinin təəssüf doğurduğunu deyir: «Türkiyəni irəli aparan Ərdoğan iqtidarına böyük simpatiyam var və istəməzdim ki, bu ölkədə vəziyyət gərginləşsin, nəsə baş versin. Bunun tam əleyhinəyəm. Eyni zamanda qarşıdurma nəticəsində nurçuların əleyhinə qaldırılan kampaniyanı da heç cür anlaya bilmirəm. Bilmirəm ki, nurçuları nədə suçlayırlar. Onların təhsil sahəsində işlərindən xəbərim var. Ancaq təxribatları barədə məlumatım yoxdur. Əgər iqtidarda olan korrupsionerləri ifşa ediblərsə, bu suç deyil. Onların suçunun nə oduğunu anlamaq lazımdır».

Ekspertin sözlərinə görə, Ərdoğanın Türkiyədə xalq tərəfindən böyük dəstəyi var, eyni zamanda nurçların da mövqeləri güclüdür. Ancaq Türkiyədə hadisələrin İrandakı kimi inkişafı inandırıcı görünmür. Çünki İranda vəziyyət tamamilə fərqli idi. İranda hakimiyyətdə xalqın nifrətini qazanmış şah rejimi idi. Ona görə də Xomeyni İrana gələndə xalq onu dəstəklədi. Amma Türkiyədə vəziyyət belə deyil. Türkiyə demokratik, inkişaf etmiş bir dövlətdir: «Ərdoğan xalq tərəfindən dəstələnən, demokratik yolla seçilən hökumət başçısıdır. Ona görə belə varianta inanmıram. Amma çox arzu edərdim ki, bu qarşıdurma və ittihamlara son qoyulsun və Türkiyəni sevənlərin hamısı bir olsun».

Fizzə