Ölkədəki gerçək durumu göstərən faktlarsa deputatın dediklərini təkzib edir
Ukraynada baş verən proseslər Azərbaycanda da diqqət mərkəzindədir. Xalqın etirazı nəticəsində baş verən hakimiyyət dəyişikliyi digər avtoritar rejimlər, o cümlədən Azərbaycan hakimiyyətində də narahatçılıqla qarşılanıb. Lakin iqtidar təmsilçiləri Ukraynanı Azərbaycanla müqayisə etməyə doğru saymır. Bir neçə gün əvvəl YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı məhz yuxarıların sərt və səhv siyasəti bu cür inqilabların yetişdirdiyini bildirdi. Millət vəkilinin sözlərinə görə, Yanukoviçin hakimiyyətindəki bu və ya digər nöqsanları, qeyri-qanuni hərkətləri ifşa edəcək və ya onun qarşısını alacaq, onu zamanında əzə biləcək bir siyasət yeritmiş olsaydı, o hadisələr baş verməzdi.
Lakin YAP-çı deputat Azərbaycanda vəziyyətin tamamilə fərqli olduğunu deyib.
M.Qurbanlının ardınca YAP icra katibinin digər müavini, deputat Siyavuş Novruzov Ukrayna ilə Azərbaycanın müqayisəsini doğru hesab etməyib.
Həmkarından fərqli olaraq S.Novruzov Ukraynada cərəyan edən proseslərin xarici qüvvələrin təsiri və iştirakı ilə reallaşdırıldığını deyib. Eyni zamanda iqtisadi və siyasi böhranın da xüsusi rolunun olduğunu qeyd edib.
SİA agentliyinə açıqlama verən YAP-çı deputatın məntiqinə əsasən, Ukraynada son 10 il ərzində istər parlament, istərsə də prezident seçkiləri zamanı hakimiyyətdə müxtəlif partiyaların yerlərinin dəyişməsi normal hal deyil.
S.Novruzov bu ölkədə əhalinin həyat səviyyəsinin aşağı olduğunu da deyib. YAP icra katibinin müavin hesab edir ki, Ukrayna ilə Azərbaycan arasında yerlə göy qədər fərq var.
S.Novruzovun son fikirlərində həqiqət payı böyükdür. Ancaq reallıq heç də onun dediyi kimi deyil. İki ölkə arasında fərq məhz Ukraynanın xeyrinədir. "Azadlıq"ın ötən saylarının birində Ukrayna ilə Azərbaycandakı bəzi sahələr arasında müqayisə aparılıb və məlum olub ki, hətta ukraynanıların narazı qaldığı Yanukoviç hakimiyyəti xalqına Azərbaycan iqtidarından daha yaxşı qulluq edib.
Bir neçə faktı Siyavuş Novruzovun diqqətinə çatırmağı lazım bildik.
Məsələn, Yanukoviçin dövründə Ukraynada məşğul əhalinin minimum əmək haqqı 315 dollar olub. Ölkədə orta aylıq əmək haqqı yaşayış minimumundan iki dəfə çoxdur.
Yanukoviçin hakimiyyəti dövründə qəbul edilmiş qanuna əsasən, dövlət birinci uşağa görə ailəyə yaşayış minimumunun 30 misli, yəni 3540 dollar, ikinci uşağa görə 60-7080 dollar, üçüncü uşağa görə isə 120 misli qədər – 14 min dollar müavinət ödəyir. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 714 dollar məbləğində müavinət ödəyir.
Azərbaycanda isə bu göstəricinin hansı səviyyədə olduğunu hər kəs, o cümlədən Siyavuş Novruzov yaxşı bilir.
İqtisadi sahədə müqayisələr Ukraynanın xeyrinə olduğu kimi siyasi sahədə də Azərbaycan geri qalır. S.Novruzov özü də açıqlamasında qeyd edib ki, Ukraynada son 10 il ərzində istər parlament, istərsə də prezident seçkiləri zamanı hakimiyyətdə müxtəlif partiyalar yerlərini dəyişib. Bu əslində demokratik ölkəyə xas xüsusiyyətdir. Lakin hər seçkidə müxalifət namizədlərinin qazandığı səsləri və mandatları mənimsəyən YAP hakimiyyəti təmsilçisinin bunu normal hal kimi qəbul etmədiyini anlamaq çətin deyil.
Fizzə