Ilham Əliyev bu günədək dünyanı ayağa qaldıran Rusiya – Ukrayna qarşıdurması haqqında susur. Oxşar aqibəti 21 il öncə yaşamış bir ölkənin başçısı kimi o buna borclu olmasına baxmayaraq…
Paralel olaraq, prezident seçkiləri ərəfəsində, müxalifətin böyük birliyi olan Milli Şuranı heç çəkinmədən “rus proyekti” adlandıranlar da susur…
Mən həmişə “siyasət çirkindir” deyənlərin özlərini çirkin, məkrli hesab etmişəm. Siyasət o zaman çirkin olur ki, şəxsi maraqlar milli maraqları üstələyir. Yəni şəxslər öz xırda maraqlarını dövlət marağı kimi təqdim etməyə çalışırlar. Sadəcə bir misal gətirim, adını müxalifət qoyan bəzi ictimailəşmiş şəxslər Ilham Əliyev hakimiyyəti haqqında danışanda, dərhal keçid alırlar beynəlxalq münasibətlərə. Azərbaycanı beynəlxalq məngənədə çırpınan bir ölkə kimi təqdim edirlər, prezident və onun komandasının çox gərginlik içində olduğunu vurğulayırlar. Bir neçə belə açıqlamanı oxuyandan sonra asanlıqla aşağıdakı nəticəni çıxarmaq olar.
Nəticə belədir, bu muzdlular (düşünürəm, artıq gizlətməyin yeri yoxdur – X.Ə.) iqtidardan kreslo, var-dövlət, mandat umurlar. Fikir vermisinizsə, çoxları ənənəvi olaraq, monoloqunu təxminən bu cür qurtarır: “Milli Şuradansa, YAP, Cəmil Həsənli, yaxud Əli Kərimlidənsə, Ilham Əliyev yaxşıdır”. Bu zaman onlar əvvəllər dönə-dönə israr etdikləri “müxalifətçi” imicindən də imtina edirlər, halbuki məntiqə görə, analoqu ən azı iki müxalifət siması ətrafında qurmağa borclu idilər.
Bütün hallarda bu muzdlular Ilham Əliyev və komandasının dövlət büdcəsindən mənimsədiyi milyardlar haqqında susmağa üstünlük verirlər. Sizi inandırıram ki, bir az utanmasalar bunu da xarici qüvvələrə qarşı mübarizənin bir mərhələsi kimi qələmə verərlər. Deyərlər ki, Obamanın, Putinin qabağına milyardlarla sərvət əldə etməmiş çıxmaq mümkün deyil, ayıb olar.
Onların məntiqindən belə çıxır ki, ölkəni bürüyən korrupsiya və rüşvətxorluq beynəlxalq aləmin Azərbaycana qarşı basqısının nəticəsidir, başını itirmiş, təklənmiş iqtidar çıxış yolları arayır və nəticədə varlanır. Milli Şuranın rus proyekti olması da bu prosesi sürətləndirir…
Bu qüvvələri şərti olaraq, YAP-ın kölgəsi də adlandırmaq olar, onlar özlərini ictimaiyyətə müxalifət kimi təqdim etsələr də, həlledici məqamlarda iqtidar üçün YAP-ın belə bacara bilmədiyini edirlər. Əlbəttə, bir az fərqli formada, yəni müxalifətin birliyini pozmağa çalışmaqla, separat addımlarla, obrazlı desək, konstruktiv müxalifət libasına bürünməklə…
Bu məntiq sahibləri heç nədən çəkinməyərək, özlərini bir də Məhəmmədəmin Rəsulzadənin davamçıları hesab edirlər. Baxmayaraq ki, onlar 31 yanvarda dahi öndərin ziyarətində görünmədilər, amma israr edirlər ki, bu sevda onlarda əbədidir. Təsəvvür edirsinizmi, M.Ə.Rəsulzadəni bütün ölkəyə qısqananlar onun 130 illik yubileyində Novxanıya gəlməkdən çəkindilər. Halbuki… YAP-dan da gələnlər oldu…
Bu muzdlular, əslində əvvəllər də kimin “rus proyekti”, kimin də xalq proyekti olduğunu çox yaxşı bilirdilər. Hazırda da kimin kim olduğunu Ukrayna hadisələri bariz şəkildə ortaya qoydu. Bu gün də gec deyil, bəyan edə bilərlər ki, bəli, biz Milli Şuranı günahlandırırdıq, amma Ukrayna hadisələrindən sonra həqiqət məlum oldu. Amma olmadı, əksinə, hazırda başqa, mən deyərdim ki, antiazərbaycan təbliğat ilə məşğuldurlar. Yazarları Ukraynadan gələn xəbərləri gah Rusiyanın məğlubedilməzliyi fonunda verməyə çalışırlar, gah da ölkə vətəndaşlarını qoxutmağa, onlarda xof yaratmağa üstünlük verirlər. Siyasiləri isə, Ilham Əliyevlə bərabər susmağa üstünlük verirlər.
Inanılmazdır, amma həqiqətdir, bizi “rus proyekti” elan edənlər, hazırda rejimin yadına çilili prezident Salvador Alyendeni salırlar, onlara xalqdan aldıqları (!) səsləri… Kalaşnikovla necə “qorumağın” yolunu öyrədirlər. Dəhşətə gəlməmək mümkün deyil…
Hələlik tək təsəllimiz budur ki, biz hazırda… “rus proyekti” deyilik. Bu Qərb və Rusiyanın Ukraynadakı mübarizəsindən sonra “məlum” olacaq. Rusiya qalib gəlsə, susacaqlar, Qərb üstələsə (yəqin ki, elə olacaq – X.Ə.) muzdlular yenidən bizi, yəni Milli Şuranı “rus proyekti” elan edəcək.
…Həqiqət isə budur ki, Ukraynada həm də Azərbaycanın, Qarabağın taleyi həll olunur. Qərb bölgədə Rusiyanın ağalığına son qoymaqda israrlıdır. Hadisələrin gedişi bir də… onu göstərir ki, çox yaxında Salvador Alyendelər əllərinə almağa “Kalaşnikov” tapa bilməyəcəklər.
Deməli, yenidən “rus proyekti” “olmaq” ehtimalımız qalır. Özü də Rusiyada demokratlar qalib gələnə qədər…
Olsun…