AXCP icarəyə götürdüyü qərargahın partladılaraq sökülməsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
“Azərbaycan hakimiyyətinin AXCP-yə qarşı düşmən münasibətinin daha bir sübutu ortadadır. Artıq xəbər verildiyi kimi, partiyanın Bakı şəhərində qərargah üçün icarəyə götürdüyü binanın zirzəmisində martın 3-də partlayış törədilib. Hadisənin guya qaz balonunun partlaması ilə baş verdiyi haqda rəsmi izahat elə ilk anlardaca şahidlərin və zirzəmidəki obyekt sahibinin açıqlamaları, eləcə də hadisə yerinin müayinəsi ilə əhəmiyyətini itirdi. Partlayışın AXCP-ni binadan çıxarmaq üçün qəsdən törədildiyi şübhə doğurmurdu. Binanın sahibləri də həm partiya rəhbərliyi ilə danışıqlarında, həm də mətbuata açıqlamalarında bildiriblər ki, AXCP-ni oradan çıxarmaq üçün onlara hakimiyyətin yüksək səviyyəli təmsilçiləri adından ardıcıl təzyiqlər olub, əks halda binanın yanadırıla, yaxud partladıla biləcəyi haqda hədələr alıblar.
Martın 4-də bu deyilənlər öz təsdiqini tapdı. Sübut olundu ki, baş verən partlayış təsadüfi deyil, AXCP-ni növbəti dəfə qərrgahsız qoymaq üçün düşünülmüş yaramaz plandır. Belə ki, martın 4-də Nərimanov Rayon İcra Hakimiyyətinin əli ilə binanı sökməyə başlayıblar. Bunu belə əsaslandırırlar ki, guya partlayış nəticəsində binanın uçmaq təhlükəsi yaranıb. Lakin partlayışdan sonra binaya baxış keçirilib və müəyyən edilib ki, elə də güclü olmayan partlayış nəticəsində qərargaha ciddi zərər dəyməyib, bina istifadəyə yararlıdır, yaranmış fəsadı yüngül təmir-bərpa işləri ilə aradan qaldırmaq mümkündür.
Şübhə yoxdur ki, hakimiyyətin tələm-tələsik binanı sökməyə başlaması həm də oranın sahibini AXCP-yə yer verdiyi üçün cəzalandırmaq məqsədi güdür.
Beləliklə, AXCP növbəti dəfə məcburi şəkildə qərargahından çıxarılır. AXCP-yə qarşı sonuncu anoloji təxribat 2011-ci ildə baş verib. Həmin il partiyanın qərargah üçün icarəyə götürdüyü ofisin qapısı heç bir əsas gətirilmədən qaynaqlandı və hələ də o vəziyyətdə saxlanmaqla, sahibinin belə oradan istifadəsinə imkan verilmir.
AXCP bəyan edir ki, baş verənlər Azərbaycan hakimiyyətinin sivil siyasi rəqabətə hazır olmadığının növbəti görsənişidir. Bu hadisə həm də ona dəlalət edir ki, AXCP-nin bütün maneələrə baxmayaraq güclənməsi, demokratik qüvvələrin birliyi kimi Milli Şuranın yaranması və qorunub saxlanmasında oynadığı rol hakimiyyətdə təşviş və qıcıq yaradıb.
AXCP qarşıdakı dövrdə fəaliyyət planı kimi, iki dəfə böyüməyi hədəf elan edəndən və meydanlarda bu potensialı nümayiş etdirəndən sonra partiyaya qarşı növbəti repressiya dalğasının başlaması da təsadüfi olmayıb, bu təşviş və qıcığın təzahürüdür.
AXCP bəyan edir ki, hakimiyyət öz əməlləri ilə müasir dünyamızdakı siyasi proseslərdən düzgün nəticə çıxarmadığını nümayiş etdirir. Hakimiyyət ölkəni labüd olan demokratik dəyişikliklərə hazırlamaq əvəzinə, qarşıdurma yolu seçir, faktiki təkpartiyalı sistem qurmağa çalışır. AXCP bildirir ki, bu cəhdlərin heç bir dayanıqlı nəticəsi ola bilməz və belə yanlış istiqamət bütövlükdə ölkəyə problem yaratdığı kimi, hakimiyyətin özünü də ağır zərbələr altında qoyacaq. Bu baxımdan Azərbaycan iqtidarı öz əməllərinin məsuliyyətini dərk etməlidir.
AXCP bəyan edir ki, üzləşdiyi bu problemi də aşmaq əzmindədir və yaradılan istənilən maneəyə baxmayaraq, mübarizəsini səngidən deyil. Heç bir təzyiq və əngəl AXCP-ni öz hədəfindən yayındıra, missiyasını yerinə yetirməkdən saxlaya bilməz”.