Rusiyanın boşuna cığallığı

Öz əhalisinə normal həyat qura bilmir, Krımda pasport paylayır

Rəşad Babalı, bloger

Cığal Rusiya yenə köhnə metodlarını işə salıb. Indi də Ukrayna ilə münasibətdə Krım kartından istifadə etməyə başlayıb. Son məlumatlara görə, Rusiya Krımdakı ruslara Rusiya Federasiyasının pasportlarını paylayır. Bu üsuldan Cənubi Osetiya və Abxaziyanın Gürcüstandan qopardılması prosesində istifadə etmişdi. Ağlı Gürcüstana gedib, 4-5 milyonluq ölkə üçün tətbiq etdiyi üsulları bu dəfə Ukraynaya etmək istəyir. Ancaq bu xınanın o xınadan olmadığını Rusiya anlamaq istəmir.
RF-nin pasportlarını paylamağını eşidəndə nəhəng, ancaq yöndəmsiz ölkə gözümdən daha da düşdü. Görün nə günə qalıb ki, vətəndaşlığını necə gəldi paylayır. Əlbəttə, tam da əvəzsiz deyil. Əvəzində Krımdakı rus əhalisindən Rusiyanın bölgədəki siyasətinin iştirakçılığı tələb olunur. Ancaq yenə də hansısa klubun üzvlük kartı durumuna gəlməsi vəziyyətin nə gündə olmasını göstərir.
Əcnəbilərə rahat şərtlərlə vətəndaşlıq verən ölkələr də var. Lakin onlar demoqrafik problemlərini həll etmək üçün bunu edirlər. Üstəlik, əcnəbiləri ciddi seçimə məruz qoyurlar, belə desək, hər yoldan keçəni qəbul etmirlər. Onlara yararlı olacaqlara üstünlük verirlər. Inkişaf etmiş ölkələrin vətəndaşı olmaq isə daha çətindir. O qədər ağır şərtləri var ki. Məsələn, AB üzvü olan ölkələr. Həm də Şengen zonası sayıldığından şərtləri ağırdır. Həqiqi mənada matahdı. Amma Rusiya o qədər dəyərsizləşib ki, pasportunu düşük siyasətinə alət edib. Hansı ki, yolun sonunun heç də asan olmayacağını bilə-bilə.
Türk xalqlarının tarixini araşdıranda belə mənzərəni görmüşdüm. Qüdrətli dövrlərində geniş coğrafiyaya yayılan türklər zamanla zəiflədikcə yayıldıqları yerlərdən geri çəkilməyə başladılar. Məsələn, Osmanlının güclü vaxtında Avropaya doğru yayılan türklər Osmanlının zəifləməsi ilə Balkanlardan, Bolqarıstandan, Bessarabiyadan və digər bölgələrdən çıxarılmağa başlandı. Bu proses Türkiyə Cümhuriyyəti qurulana qədər getdi. Sonra da Avropadan geriyə türk köçü davam etdi. Bu hal Rusiyanın başına gəldi. Belə ki, Romanovların zamanında və sonra sovetlərdə tutduğu hər yerə yerləşdirilən ruslar SSRI-nin dağılması ilə geri qayıtmağa başladılar. Bütün müttəfiq respublikalarda rus icmaları getdikcə azalır. Sayın azalması ilə rusdilli məktəblər də azalır və bu da rus mədəniyyətinin təsir arealını dəyişir. Bunun fərqində olan Putin Rusiyası, türklər demiş, bu sürəci dayandırmaq və geri fırlatmaq üçün çırpınır. Hətta bunun üçün əlindən nə gələrsə, edə biləcəyi mesajını verir. Ancaq Rusiyanın hazırda ilişdiyi daş yox, qayadır. Onun belə aqressiyası digər ölkələri də qabaqlayıcı tədbirlər görməyə vadar edir. Nəticəsi özünü çox gözlətməyəcək.
Ya zəlzələdən, ya vəlvələdən Rusiyanın mövqeyini dəstəkləyənlər hələ də elə bilirlər ki, Ukraynada meydana çıxanlar Qərb dövlətlərinin puluna, vədinə aldanıb çıxıblar. Hələ də proseslərə konspiroloji baxırlar. Ruslar özləri də hələ də qəbul etmək istəmirlər ki, iddiaları ilə dəyərləri tərs mütənasibdir. Avropa Birliyinin pis yaxşı dəyərləri var. Üzvlüyünə qəbul etdiyi və edəcəyi ölkələr qarşısında bir xeyli şərtlər qoyur. Çoxu da insana yönəlik. Yəni AB üzvü olacaq ölkə öncə vətəndaşını insan yerinə qoymalıdır. Amma Rusiya hansı dəyəri verir? Ruslar üçün onunla bir yerdə olan və olacaq ölkənin necə idarə olunması, vətəndaşına necə münasibət göstərməsi önəmli deyil. Əsas odur ki, Rusiyanın neoimperial siyasətini dəstəkləsin, yanında olsun. Xalqlar, ölkələr isə ayrı cür yaşamaq istəyir, insana yönəlik dəyərlər istəyir. Odur ki, Rusiya 1990-cı ilə qədər yığdığını xərcləməklə məşğuldur. Həm də boşuna!
Pasport paylamaqla deyil, gərək insanlara rifahlı və ləyaqətli həyat verə biləsən, onda sən pasportu paylamayacaqsan, onun üçün növbəyə duracaqlar…