Rusiya yenə də miqyassız özbaşınalıq və cığallıq yolunu tutur. Vladimir Putin böyük cinayətə əl ataraq müstəqil və azad Ukraynaya qoşun yeridir. Sıradan bir olay deyil. Gürcüstan hadisələrini də yada salıb, istər-istəməz hamı indi Rusiyanın hərbi gücü barədə düşünür. Hətta hər yandan həyəcanlı fikirlər gəlir ki, Rusiya Azərbaycana da girə bilər…
Amma hamı da anlayır ki, Rusiya özünü dəcəl nüvə dövləti kimi aparsa da, onun böyük miqyaslı fəlakətlərə yol açacaq qədər hərbi gücü olsa da, iddia etdiyi qədər güclü dövlət deyil. Cığallıq və özbaşınalıq edir, böyük fəlakətdən ehtiyatlanaraq onun nazı ilə oynayırlar, amma onun da küncə sıxışdırılacağı imkanlar vardır.
Ayrıca götürsək, slavyan Ukraynada Rusiyaya heç asan olmayacaq. Onun bu hədsiz özbaşınalığı hətta çox böyük biabırçılıqla bitə bilər. Nə edəcək, Rusiya Ukraynada qan tökəcək? Rusiya Ukraynada təsəvvür etmədiyi müqaviməti görəcək. Bütün dünya açıq və ya gizlində Ukraynanın tərəfindədir. Rusiyanın içindəki xalqlar da! Rusların bir qismi də!
Putin təkcə böyük cinayətə deyil, həm də böyük səhvə imza atır.
O ki qaldı, Rusiyanın Azərbaycana da girə bilmək ehtimallarına. Gəlin bu qorxuları davam etdirək və təsəvvür edək ki, Rusiya Ukraynadan sonra ruhlanıb bütün keçmiş sovet dövlətlərinə hücum edir. Yenə də heç nə alınmayacaq. Bütün xalqlar bir yerdə ayağa qalxar və köhnə SSRI-ni rədd etdikləri kimi, yeni rus işğalını da bir arzu kimi heç edər. Bunun üçün başqa bir səbəb də var, həm də kifayət qədər güclü səbəb var – xalqları cana doyduran yerli rejimləri də Rusiyaya qəzəbdə yox etmək!
Bu yerli rejimlər məsələsi ilə Rusiyanın arasında birbaşa bağlılıq var. Əvvəla, şimal qonşumuz yenə də bu rejimlərin böyük qardaşıdır. Əslində, Rusiyanı özbaşınalıqlara həvəsləndirən də ətrafdakı avtoritar rejimlərdir.
Rusiya ətrafdakı dövlətlərin xalqlardan dayağı olmayan oğru, saxta liderlər üzərində təsirindən ruhlanır. Rusiyanı güclü edən xalqını əzən və əzməyə hazır olan rejimlərdir. Rusiya bu rejimlərə təsir edə bilir və bundan güc alır. Orta Asiyada, Ermənistanda, Azərbaycandakı xalqdan dayağı olmayan hakimiyyətlər Rusiyanın şətəlinin keçdiyi əsas səbəbdir. Rusiya bu rejimlərin mahiyyətinə ümid edir.
Rusiya böyük və kiçikliyindən asılı olmayaraq hansısa oturuşmuş demokratik ölkəni, xalqın iradəsinin hökm sürdüyü bir dövləti nəzarətə alacağını ağlının ucundan keçirə bilməz. Çünki demokratik ölkələrdə Rusiyanın oyunu keçməz, ümumiyyətlə, belə ölkələrdə heç bir oyun keçmir, çünki hər şey xalqın aydın rəyi və iradəsi ilə müəyyən edilir. Demokratik ölkələr hətta böhranlı hallarda daha sabit sosial həyata və düzənə sahibdir, onları xarici təsirlərlə təlatümə soxmaq çətindir. Demokratik ölkələr güclü hərbi və iqtisadi potensialı olan demokratik dünyanın bir hissəsidir və onların müdafiəsini qazana bilir. Nəhayət, belə ölkələrdə güclü xalq hakimiyyəti olur, hakimiyyətlərin arxasında isə güclü toplum dayanır.
Rusiyanı indi qəzəbləndirən odur ki, Yanukoviçdən sonra Ukraynada onun heç bir şansı qalmır. Ukrayna sərt demokratiya yolunu tutur. Pitin tələsir ki, demokratiya ətrafa yayılır.
Yenə də Azərbaycan məsələsinə qayıtsaq, qəti bilməliyik ki, antidemokratik və xalqın nifrət etdiyi bir rejim qaldıqca, Rusiyanın ölkəmizə böyük tamahı və ümidi qalmış olacaq. Yaddan da çıxarmayın ki, Rusiya birbaşa və dolayısı ilə Azərbaycana hücum edib – Qarabağı işğal etdirib, amma biz Ermənistan kimi kölə olmadıq. Rus qoşunlarını çıxardıq torpaqlarımızdan. Indi Rusiyanın buradakı yeganə ümidi xalqdan dayağı olmayan hakimiyyətin mövcudluğunun yaratdığı şərtlərdir.
Rusiya Azərbaycana da hücum edə bilərmi?
•