Elmar Hüseynovun qətlindən 9 il ötür

MHİ hökuməti baş redaktorun qatillərini tapıb məsuliyyətə cəlb etməyə çağırır

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 9 il ötsə də, qatillər hələ də  məhkəmə önünə çıxarılmayıb. Bu qorxunc cinayətin araşdırılması ilə bağlı ictimaiyyətə lazımi məlumatlar verilməyib”. Bu fikirlər Media Haqları Institutunun (MHI) dünən yaydığı bəyanatdandır. Bəynat müəllifləri bildirir ki, Elmar Hüseynovun, eləcə də 2011-ci ildə qətlə yetirilən digər curnalist-yazar Rafiq Tağının qatillərinin hələ də azadlıqda qalması, R.Tağının işi üzrə icraatın dayandırılması ölkədə ifadə azadlığının böyük risk altında olduğunu göstərir.
MHI böyük təəssüflə vurğulayır ki, jurnalistlərin həyatına, sağlamlığına, başqa haqlarına digər qəsd halları da araşdırılmamış qalıb, təqsiri olanların mühakiməsi təmin edilməyib: “Jurnalist Xədicə Ismayıla qarşı çirkin hərəkətlərə, Seymur Həziyevin oğurlanıb işgəncələrə məruz qalmasına, ”Ayna” qəzetinin və Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunun əməkdaşı Idrak Abbasovun vəhşicəsinə döyülməsinə, “Azadlıq” radiosunun əməkdaşı Yafəs Həsənovun ölümlə hədələnməsinə, ictimai etiraz aksiyalarını işıqlandıran jurnalistlərin polis zorakılığına məruz qalmalarına, qanunsuz saxlanılmalarına hələ də ədalətli hüquqi qiymət verilməyib”.
MHI jurnalist haqlarına müdaxilələrin hələ də davam etdiyini təəssüflə yada salır: “Son aylarda ”Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev, həmin qəzetin əməkdaşı Seymur Həziyev, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, həmin qəzetin redaktoru Xalid Kazımlı qəzetlərində dərc olunmuş yazılara görə, habelə tanınmış jurnalist Xədicə Ismayıl prokurorluq qurumlarına çağırılaraq sorğu-sual ediliblər. Tənqidçi jurnalistlər üçün əlverişli media mühiti mövcud deyil. Hazırda ən azı 9 jurnalist həbsdədir. “Xural” qəzetinin hökuməti, ayrı-ayrı siyasi fiqurları sərt tənqid edən baş redaktoru Əvəz Zeynallı qurama ittihamlarla 9 il müddətinə azadlıqdan məhrum edilib. “Yeni Müsavat” qəzetinin yazarı Tofiq Yaqublu şübhəli ittihamlarla həbsdədir, məhkəməsi davam edən jurnalisti ağır cəza gözləyir. Tanınmış jurnalist Pərviz Həşimli də qurama ittihamlarla Milli Təhlükəsizlik Nazirliyində həbsdə tutulur. Onlardan başqa tanınmış jurnalistlər Sərdar Əlibəyli, Fərəməz Novruzoğlu, Nicat Əliyev (“Azadxeber.org” saytının baş redaktoru), Hilal Məmmədov (“Talışi Sədo” qəzetinin baş redaktoru), Araz Quliyev (xeber44.com saytının redaktoru), Fuad Hüseynov (müstəqil jurnalist) da hazırda həbsdədir. Ən azı 5 bloqçu (Rəşad Ramazanov, Ilkin Rüstəmzadə, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Əbdül Əbilov) da şübhəli ittihamlara məruz qalaraq həbs olunublar.
Tənqidçi yazar və media qurumları ictimai önəmli yazılara görə çoxsaylı defamasiya iddiaları ilə üz-üzədirlər. Ölkənin azsaylı tənqidi nəşrləri olan “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə qarşı, eləcə də internet resurlarına qarşı toplum üçün önəmli mövzular kontekstində yaydıqları məqalələrə görə 25-dən artıq məhkəmə iddiası qaldırılıb. Iddiaçıların hamısı ictimai fiqurlar, siyasətçilər, məmurlar və hökumətə bağlı inhisarçı özəl qurumların rəhbərləridir. Mediadan istənilən cərimələrin məbləği 2.5 milyon manatdan artıqdır. Bu idiaların təmin edilməsi ölkənin demokratik gələcəyi üçün çox vacib olan tənqidçi medianın tamamilı sıradan çıxarılması demək olardı.
Media Hüququ Institutu hökuməti Elmar Hüseynovun, eləcə də Rafiq Tağının qatillərini müəyyən edib məsuliyyətə cəlb etməyə, jurnalistlərə qarşı törədilən fiziki və psixoloci basqı, şəxsi həyata müdaxilə hallarını ədalətli araşdırmağa, araşdırmaların gedişi, nəticələri ilə bağlı mediaya, bütövlükdə topluma davamlı bilgi verməyə; jurnalistlərin həbs hallarının, onlara qarşı irəli sürülən ittihamların ən qısa zamanda yenidən, ədalətli araşdırılmasını təmin etməyə; tənqidçi qəzetləri ağlasığmaz cərimə tələbləri qoyulan iddialardan qorumağa çağırır.