Elmar günü

“Azadlıq” qəzetinin keçən saylarının birində “Usubovun işçilərindən kütləvi şikayətlər” başlıqlı yazı dərc edilib, açığı, belə bir yazını oxumamışdım, onun haqqında dünən DIN (Daxili Işlər Nazirliyi, bəzi antimilli ünsürlər, düşmən dəyirmanına su tökən, Azərbaycanı sevməyən qüvvələr isə bu abbervituranın açmasını Dubinka və Işgəncə Nazirliyi kimi təqdim edirlər, əlbəttə, belələrinin cibi hələ narkotik tanımır, bir gün üst-başlarından heroin-meroin çıxar, ağılları başlarına gələr!) mətbuat xidmətinin rəisi Sadiq Gözəlovun qəzetimizin saytına yerləşdirilən təkzib açıqlamasından xəbər tutdum.
Nazirlik rəsmisi həmin məqalədə yazılanları təkzib edir, yəni polislərdən kütləvi şikayətlərin olmasını yalanlayır, bunu birilərinin qərəzi, böhtanı kimi təqdim edir.
Ola bilər. Hətta deyərdim ki, məhz belədir. Niyə?
Çünki polisdən şikayət etmək hər kəsin hünəri deyil. Kimin nəyinə lazımdır, ağrımayan başını ağrıtsın? Polisdən də şikayət etmək olar? Adamın ağzı əyilər. Ya da belə deyək, tutub adamın ağzını əyərlər. Polis rəhm edən və bağışlayandır. Polisdən başqa polis yoxdur, dubinka onun elçisidir. Hər şeyin düzünü polis bilir.

***

Mənim üçün Gözəlovun təkzibinin düşündürücü tərəfi başqadır. Polis nazirliyi özləri haqqında hansısa xəbərə dözmür, bunun yalan, iftira, böhtan olmasından dad edir. Adam soruşmaq istəyir: lap deyək ki, təkzib etdiyiniz xəbər doğrudan da həqiqətlə örtüşmür. Doğrudan da həqiqət payından məhrumdur. Doğrudan da yalandır. Çox gözəl. Çox pakizə.
Haqqınızda bir “yalan xəbər” sizə bu qədər toxunur, sizi bu qədər rahatsız edirsə, bəs heç düşünürsünüzmü, heç bir suçu olmayan, yeganə günahı Əliyev rejimindən fərqli düşünmək olan və bu səbəbdən “polisə müqavimət”dən tutmuş “narkotik maddə saxlamaq”adək çeşidli qondarma ittihamla həbs edilən insanlar nə etsinlər?
Bir qəzet yazısı sizi bu qədər ağrıdır, yaxşı bəs hakimiyyətin siyasi intiqam duyğusu ilə cəzalandırılmasını sifariş etdiyi adamların, onların doğmalarının, yaxınlarının çəkdiyi əzablar, keçirdiyi iztirablar necə olsun? Buna qədər yaşananları bir qırağa qoyuram. Son üç gündə aramsız davam edən cəbhəçi tutuqlamalarını hara yazaq? Bu haqsız tutuqlamaların nə qədər ailəyə qayğı, əndişə, narahatlıq gətirməsini hara yazaq?
Bir yazıda hansısa haqsız, yalan təsbit, mövqe, münasibət DIN rəhbərliyini bu qədər rahatsız edirsə, ona görə də buna bir təkzib gərəyi duyursa, bəs düşünürlərmi heç: sadəcə, fərqli siyasi fikrinə, ictimai mövqeyinə, bu yalançı və talançı rejimə qarşı tənqidçi münasibətinə görə şərlədikləri insanlar neyləsinlər? Onların doğmaları neyləsinlər?
Yalana dözmürsünüz və təkzib edirsiniz, bəs yalan ittihamlarla niyə həbs edirsiniz?

***

Bu gün Elmar Hüseynovun anım günüdür.
9 il öncə xain bir qurşunla qətlə yetirilən həmkarımızın qatilləri hələ də azadlıqda əlini-qolunu sallayaraq dolaşırlar.
Polislər arasında belə bir yazılmamış qanun var, bilirəm. Öz poqon yoldaşlarına qarşı atılan bir güllə nədir, bir silləni belə bağışlamırlar, buna cəhd edəni ələ keçirdikdə ona necə lazımdır, həyatı başa salırlar.
Bizimsə qələm yoldaşımızı öldürənlərə 9 ildir “gözün üstə qaşın var” deyən yoxdur.
Nə o qətlin sifarişçiləri qandallanıb, nə də icraçıları.
Təkcə Elmara deyil, ümumilikdə azad sözə, fərqli fikirə, demokratiyaya, çağdaşlığa güllə atanların nəfəsini hər birimiz kürəyimizdə hiss edirik.
O güllənin bir daha atılmayacağına, o tətiyin bir daha çəkilməyəcəyinə heç birimizin təminatı yoxdur.
Biz indi bax belə ağır şərtlər, qorxu, əndişə altında yazırıq.
Haqqınızda yazılan nəyisə təkzib edərkən, bir də bunu nəzərə alın, lütfən!