Xocalı faciəsi: baxır kimlər üçün!

Xocalı soyqırımının, Xocalı qırğının, Xocalı faciəsinin törədilməsindən 22 il ötdü. Regionda ANALOQU olmayan, Qafqazın “ən güclü” ordusunu yaradan Azərbaycan Xocalı soyqırımını törətmiş ermənilərdən hələ indiyədək azacıq da öc ala bilməyib. Ala bilməyəcək də: Qarabağla, neft-qaz resursları ilə ALVER üzərində qurulan Əliyevlər hakimiyəti durduqca!

I.Əliyev tez-tez Azərbaycan ordusuna ayrılan pulun “Ermənistanın” dövlət büdcəsindən artıq olduğunu bildirir. Nə olsun? Xocalının 22-ci ildönümündə də biz itki verdik, ermənilər yox! Xocalı soyqırımının başında duranlardan biri – terrorbaşı-prezident S.Sərkisyan bu faciənin ildönümündə də ortaya çıxıb qorxu-ürkü bilmədən öyünə bilirsə, siz ey əliyevçi rejim başçıları, hansı üzlə, nədən danışa bilərsiz? Siz ey Azərbaycanın milyardlarını oğurlayan rejim başçıları, siz 20 ili aşan hakimiyətiniz dönəmində ən azı Xocalı soyqırımının başında duran, Xocalıda Azərbaycanın mənliyini-namusunu tapdayan R.Köçəryandan, S.Sərkisyandan, S.Ohanyandan indiyədək öc almamısızsa, hansı “güclü dövlətdən” hansı “siyasi iradədən” danışırsız? Siz o dövlət gücünü də, o siyasi iradəni də 21 ildir Azərbaycan xalqını yıxıb-yenməyə yönəltmisiz.

Müxalifəti dövlətə “xəyanətdə”, “satqınlıqda” suçlayan, “xaricdən” verilən qrantlar, pullarla yaşamaqda qınayan, “ermənilərdən betər” düşmən gözündə görən dövlət başçısı-prezident Ilham Əliyev, – hamının prezidenti olacağına and içmiş adam, prezident andını da bir belə pozmaq olarmı? Müxalifəti bir belə şərləmək, qaralamaq, müxalifətlə bağlı bir belə yalan danışmaq prezident funksiyası daşıyan adama yaraşarmı? Kimliyindən asılı olmayaraq bir dövlət başçısı illərlə müxalifəti xəyanətdə, satqınlıqda suçlayırsa, bu faktın özü kriminal xarakterli görsənişdir. Müxalifətdə xəyanətkar, satqın adamlar varsa, uyğun dövlət qurumları bu yöndə öz işini görməli, indiki rejimdə çox olduğu kimi, şərləmə yoluyla yox, qanunauyğun düzgün izləmə-araşdırma-məhkəmə yoluyla başqa dövlətə işləyən kimsələr cəzalandırılmalıdr. Bizdə bunların yerinə nə olur? MTN, DIN, “bandotdel” adlanan qurum illərlə MÜXALIFƏTÇILIYI izləyib cəzalandırır. Bu isə dövlətə qulluq deyil, xəyanətdir. Müxalifətçilikdə, başlıcası da istənilən ANTIMILLI, ANTIDEMOKRATIK rejimə qarşı olan müxalifətçilikdə, dövlətə dönüklük (xəyanət) ola bilməz – prinsipcə ola bilməz! Bilirik: müxalifət arasında satqın-xəyanətkar adamlar var, ancaq bunlar rejimin qrantla-pulla ələ aldığı adamlardır.

Televiziyalar prezidentin qızı, bəlli fondun vitse-prezidenti L.Əliyevanın Kanadada Xocalı soyqırımını anma-tanıtma işləri gördüyünü bildirir. Olsun, ancaq nə üçün Rusiyada yaşayan adam bu işləri elə Rusiyada görmür? Nə üçün uzaq Kanadaya, eləcə də Amerikaya, Avropaya tökülən pullar Rusiyaya yönəldilmir? Rusiyada il uzunu, illərlə ermənilər antiAzərbaycan kampaniyası aparırlar. Nə üçün Fond filialı yerləşdiyi ölkədə – Rusiyada ermənilərin antiAzərbaycan kampaniyasını, ən azı, neytrallaşdırmağa yönəlik işlərlə xalqımızı azacıq da olsa sevindirmir? Başqa bir yandan, nə üçün Bakıdan Kanadayadək Azərbaycan adına görülən bütün işlər qadınlı-kişili yalnız bir ailənin adına yazılmalıdır? Axı, bu, qadınlı-kişili, ölkənin bütün bacarıqlı adamlarını, başlıcası da, aydınlarını-intellektuallarını aşağılamaq, təhqir etməkdir. Dünyada “ailə dövləti” anlayışı yoxdur. Azərbaycan bu gün açıq-aydın, ən başlıcası, funksional olaraq AILƏ DÖVLƏTINƏ çevrilib. Buna görə üstündən 22 il keçən Xocalı soyqırımı yiyəsiz faciə olaraq ortada atılıb qalıb – IŞĞAL edilmiş Qarabağ kimi! Nə yaxşı, rejimin “döyüş alnına yazılan” ANS-i varmış: “Düşmən cavab atəşilə susdurulmuşdur”.

Çox sayğılı xanım Aureliya Qriqoriu Xocalı soyqırımı ilə bağlı uluslararası tribunal yaradılmasına çağırıb. Gərəkli çağırışdır, ancaq xalqı bütünlüklə özündən ayıran, Vyanada korrupsiya məhkəməsinə çəkilən rejim belə bir riskə gedərmi?!