Dünəndən tuthatutdur. Bir gündə AXCP-nin 7 üzvünü polisə “dəvət ediblər”, sanki ziyafət verəcəklər. Əsaslı bir səbəb yoxdur. Amma qaydalara görə istənilən “dəvət” üçün səbəb göstərməlisən. O yoxdursa, bəhanə tapılmalıdır. Adi halda bu işin çözümü çox sadədir, yaxın bir dostunuzu görüşə çağırıb “səni görmək istədim” dediyiniz kimi. Niyyət başqadırsa, ağ yalan uydurmalısan. Necə ki, dünən polisə çağırılan cəbhəçiləri həbs etmək üçün uydurulub. Sən demə, 7 nəfərin 7-si də birdən polisə müqavimət göstərib, həm də evlərində otura-otura. Yalanın bu rəngini görən olmayıb hər halda. Ondansa, “kefimizə görə sizi həbs edirik” deyilsə, daha anlaşıqlı olmazmı?
“Müqavimət” böyük sözdür, insani həm fiziki, həm mənəvi baxımdan ayaqda sağlam tutar. Bilirsiniz, fiziki baxımdan zəif uşaqlar iki gündən bir xəstələnər, qızdırması qalxar, dərman içər. Mənəvi baxımdan zəif olanlar da elə. Kiçik bir çətinlik qarşısında müvazinətini itirər, yanlış sıralarda yer alar, səhvlər buraxar və həyatın çıxmazlarına yuvarlana-yuvarlana gedər.
Müqaviməti güclü olanlar isə başqadır. Onlar həyatın daş-kəsəkli yollarından öz ayaqlarının gücünə keçmiş, oddan-alovdan atlamış, qarda-çovğunda bərkimiş adamlardır. Bu qrup sözün hər anlamında həyatın sağlam və möhkəm qanadını təmsil edir. Içində haqsızlığa, ədalətsizliyə, yalana bir üsyan vulkanı var bu insanların. Təsadüfi deyil ki, tarixdəki ən böyük azadlıq hərəkatlarının liderləri də belə insanlar arasından çıxıb. Onlar bütünlükdə bir xalqın etiraz və müqavimət gücünü yönləndiriblər. Qorxulu yollardan, ağrılı-acılı sınaqlardan keçirib qovuşdurublar milyonları böyük azadlıq arzularına. Tarixdə belə bir insana rast gəlməzsiniz ki, yolu həbsxanalardan keçməsin. Bəzən illərlə, on illərlə sürüb tarixi dəyişən bu şəxslərin məhbus həyatı.
AXCP üzvlərinə qarşı dünəndən başlayan və davam etməkdə olan həbslərə nəyin bəhanə verdiyini anlamaq zor deyil. Xocalı faciəsinin anım tədbirində bilərəkdən törədilən provokasiyanın səbəbi vardı. Qurulan oyunun ssenarisi dünən üzə çıxdı. Gecikdiriblər, hər halda bir günləri siyahı tutmağa gedib. Məqsəd polisə müqavimət şousu düzəldərək, yeni bir həbs dalğası başlatmaq imiş anlaşılan. Hələlik cəzalandırılanlar sırasında 15 və 20 sutka almış dörd nəfər var. Amma “dəvətli”lərin siyahısı bununla bitmir. Cəbhə boyunca hücum davam edir. Siyahının hara qədər uzanacağını hələ kimsə bilmir.
AXCP təməldən bu ölkəni candan sevənlərin azadlıq hərəkatı olaraq yaranıb. Həmin hərəkatın təmsilçiləri üçün müqavimət sözü hər zaman dönməzlik, əyilməzlik, sınmazlıq anlamı daşıyıb. Onun tarixində heç vaxt qanunsuzluğa, qanlı qarşıdurmalara, pozuculuğa çağırış olmayıb. Heç olmayacaq da. Ona görə, bu anlamlı sözü kontekstdən çıxarıb, yanlış istiqamətə yönləndirməklə qazanc əldə etmək olmaz.
Tarixdə bütün müqavimət hərəkatlarının simvolik adı olub. Məsələn, Kıbrıs azadlıq mübarizəsinin birinci mərhələdə kod adı Atilla hərəkatı idi. Ikinci mərhələyə verilən film adına bənzəyirdi -“Ayşə tətilə çıxsın”. Belə getsə, “polisə müqavimət” bəhanəsiylə gerçəkləşdirilən bu qanunsuz həbslərin nəticələri də tarixə 310-cu maddənin adıyla 310 hərəkatı kimi düşəcək.