Doğrudan Cəbhə

İki gündür AXCP üzvlərinin həbs xəbərləri bir-birinin ardınca daxil olur və xronika şəklini almaqdadır. Cəbhə xronikası kimidir bu məlumatlar – filankəsi də saxladılar, filankəsə 20 sutka həbs verdilər. Hələ yenə də kiminsə izi soraqlanır, evinə gedib-gəlirlər. Güman ki, hücum əmri hələ qüvvədədir.

AXCP-çilərin qismətində bir sözün sanki mistik payı var. Partiyanın adındakı Cəbhə kəlməsi onların həyatlarında gerçəyə çevrilib – doğrudan da bir cəbhə, səngər içindədirlər. Son hadisələr də göstərdi ki, mübarizənin ön sırasında dayanırlar. Onlara qarşı hücumlar davam edir, onlar da hər zaman mübarizə cəbhəsindədir.

Ayrı-ayrı şəxslərin timsalında Cəbhədəki cəbhə daha aydın görünür. Təzəxan Mirələmlinin ailə üzvləri həbsdədir. Bu fədakar, qorxmaz, səmimi və sadə insana qarşı amansız müharibə onunla nəticələnib ki, oğlu və atası məhbəs həyatı yaşayır. Özü də gah döyülür, gah cərimə edilir, gah da həbsə salınır. Indi də 20 sutka inzibati həbs cəzası alıb. Yaxud Elnur Məcidlini götürək: siyasi məhbus olub, dünəndən polislər yenə onu axtarırlar…

Siyasətə hər tərəfdən baxmaq olar, bu mənada AXCP-çilərə və onların təşkilatına da zaman-zaman tənqidlər olur, olacaq da. Bəlkə də çox şeyi mübahisələndirmək olar, amma onların əsl mübarizə cəbhəsində yer almasını kimsə dana bilməz. Xüsusən də, son illər AXCP ətrafında bir gənclik qolu təşkilatlanmaqdadır. Onlar şərdən, basqıdan qorxmur, bütün aksiyalarda öndədirlər, bütün işlərdə öz çiyinlərini qabağa verirlər. Həbsdə olan NIDA liderlərindən Üzeyir Məmmədli son yazılarının birində söyləmişdi: “AXCP son illər təşkilatlanma baxımından xeyli gözəl addımlar atıb. Xüsusilə gənclər təşkilatı fərqlənir. Bu istiqamətdə davam etmək lazımdır”.

Üzeyir bəy tam haqlıdır. Bu təşkilatlanma doğrundan da gedib, AXCP xeyli cavanlaşıb, necə deyərlər, atalar və oğullar burada əl-ələ verib çalışa bilir. Təşkilatlanma yenə də gedir. Bir var inanmaq, bir var bilmək. Mən həm inanıram, həm də bilirəm ki, hakimiyyətin basqıları cəbhəni susdura bilməyəcək. Nə AXCP-dəki cəbhəni, nə də ondan kənarda olan mübarizə cəbhəsini. Əksinə, cinah böyüyəcək.

Bəli, demokratik qüvvələr hələ də məqsədə çatmayıb, qələbəyə hələ var. Amma hakimiyyət də istədiyini edə bilmədi. Lal, nəzarətdə olan Azərbaycan yarada bilmədilər və getdikcə fərqli bir toplumu görməkdəyik. Gəncliyi mübarizədən döndərmək mümkün olmadı. Bölgələri kiçik padşahlığa çevirmək cəhdi Quba və Ismayıllının timsalında bəzi padşahların “yandırılması” ilə davam etdi. Tələbələr də artıq açıq etiraza qalxa bilirlər. Etiraz hər an, hər gün bütün ölkəni bürüyə bilər. hakimiyyətin etdiyi çayın qabağını almaqdır, amma sel bərəni dağıdanda daha böyük daşqın olacağına şübhə yoxdur.

Mübarizə, zəhmət, əziyyət boş getməyib, boşa da getməyəcək. Repressiyalar ağır yaralar açır, amma sonunda biz ölkəmizi arzularımızdakı kimi görəcəyik!

Aşağıdakı fikirlər isə Təzəxan Mirələmliyə məxsusdur. Bu qeydləri 2011-ci ildə oğlu və atası həbs olunduqdan sonra Facebook-da paylaşmışdı. Üstəlik, işdən qovulmuş, yaşadığı evdən çıxarılmışdı. Budur həmin ağır günlərin qeydi: “Xoşbəxt o adamdır ki, səhərlər evdən işə, axşamlar isə işdən evinə qayıdır. Bu gün mənim nə evim var, nə də işim. Amma hər ikisi də ola bilərdi. Lakin o zaman əsla xoşbəxt sana bilməzdim özümü, çünki bunları haqqı deməyəcəyimin müqabilində verəcəkdilər. Bu gün isə özümü xoşbəxt sanıram, hər şeydən məhrum olmağıma rəğmən, yenə haqlayam, yenə mübarizədəyəm, yenə cəbhəçiyəm! Ən əsası, tək deyiləm, minlərlə əqidədaşım, cəbhədaşım var. Onlarla birgə olmaqdan qurur duyuram. Bax, budur əsl XOŞBƏXTLIK!”