Keçmiş vicdan məhbusu Cabbar Savalanlı da qondarma ittihamla 20 sutka həbs cəzasına məhkum olundu
Təravət Əliyeva: «Belə dövlət olar? Allah bunların cəzasını versin»
AXCP-nin daha bir üzvü həbs olundu. Partiyanın Gənclər Komitəsinin üzvü, keçmiş vicdan məhbusu Cabbar Savalanlı martın 1-də Sumqayıt şəhər məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbs cəzasına məhkum edilib. Son dörd gündə həbs olunan digər AXCP üzvləri kimi Cabbar Savalanlıya da belə bir qondarma ittiham verilib ki, guya, küçədə telefonla danışarkən təhqiramiz ifadələr səsləndirib, ona irad tutan polis əməkdaşlarına müqavimət göstərib. Bu səbəbdən də tutularaq polis idarəsinə aparılıb.
Əslində isə Cabbar Savalanlı yaşadığı binanın həyətində həbs olunub. Bu barədə “Azadlıq”a Cabbarın anası Təravət Əliyeva məlumat verib. Təravət xanım bildirib ki, Cabbarın ayaqqabısı cırıldığından onu yaxınlıqda işləyən çəkməçiyə vermək üçün evdən çıxıb. Elə həyətə düşən kimi də onu izləyən polislər dərhal tutub aparıblar. Bu barədə Cabbarın ailəsinə qonşular xəbər verib: “Dedilər ki, Cabbar blokdan çıxan kimi bayaqdan onu gözləyən iki maşın polis tutub zorla apardılar. Cabbar qışqırıb ki, mən neyləmişəm, niyə məni tutursuz?”
Qonşuların bu xəbərindən sonra Təravət Əliyeva oğlunun yerini müəyyənləşdirmək üçün polis idarəsinə, məntəqələrə üz tutub. Lakin ona heç bir məlumat verilməyib. Yalnız Cabbara dövlət hesabına təyin olunmuş vəkil onun keçmiş müdafiəçisi Əsabəli Mustafayevə zəng eləyəndən sonra məlum olub ki, gənc fəalı belə bir qondarma ittihamlara məhkəməyə aparıb, ona 20 sutka həbs cəzası veriblər.
Cabbar Savalanlının anası övladının başına gətirilənlərə görə intihar həddinə çatdığını deyir: “Keçən dəfə nahaqdan balamı uzun müddət həbsdə saxladılar, ürəkləri soyumadı. Bu adam cəmi 4 aydır hərbi xidmətdən gəlib, kurslara gedib ingilis dilini öyrənirdi. Dövlətin təhsilli vətəndaşına münasibəti budur? Belə dövlət olar? Biz hara baş götürüb gedək? Allah bunların cəzasını versin. Stress məni məhv eləyib…”
Xatırladaq ki, hazırda 5 nəfər cəbhəçi həbsdədir. Onların hamısına polisə müqavimət adıyla sutkalıq inzibati həbs cəzası verilib. Bu şəxslərin dördü son üç gündə həbs olunub.
Aytən