Zeynəb Xanlarovanın açıqlaması aranı qarışdırdı

Sabunçudan deputat «seçilən» Eldar Quliyev müğənnini təkzib edir

 

Millət vəkili Zeynəb Xanlarovanın parlamentdəki tənqidi çıxışı böyük səs-küyə səbəb oldu. O, çıxışı zamanı Nardaran kəndinin problemlərindən, dəniz kənarını məmurların hasarlamasından danışıb və xalqın ayağa qalxacağı ilə bağlı hökumətə xəbərdarlıq etmişdi.

Milli Məclisin Iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da “modern.az”-a açıqlamasında Zeynəb Xanlarovanın fikirlərini dəstəkləyib və bildirib ki, qanunları sayan yoxdur: “Qanun çərçivəsində hərəkət etmək əvəzinə müəyyən imkanlı şəxslər istədiklərini edir, istədiyi hasarı çəkir. Rayon Icra Hakimiyyətlərinin başçıları bu işə səhlənkar yanaşır. Bu, yolverilməz haldır. Xəzərin sahilboyu zolağının hasara alınmasına son qoyulmalıdır. Çünki dəniz hamınındır. Insanlar orada istirahətə gedir, dincəlmək istəyir. Millət vəkilləri Zeynəb Xanlarova, Sabir Rüstəmxanlı da bu məsələ ilə narahatlıqlarını bildiriblər. Mən də bunun qarşısının alınmasının tərəfdarıyam. Qanunda nə nəzərdə tutulubsa, qanuna da uyğun hərəkət edilməlidir”.

Milli Məclisə 28 saylı Sabunçu üçüncü seçki dairəsindən seçilən millət vəkili Eldar Quliyev isə Zeynəb Xanalarovanın çıxışından təəccübləndiyini bildirib: “Mən də Milli Məclisdə idim. Əlbəttə ki, Zeynəb xanımın bu çıxışı gözlənilməz oldu, sözün açığı mənə xoş gəlmədi. Çünki orada nə hasar, nə də digər söhbətlər gedirdi. 10 ildir o dairənin millət vəkili mənəm. Oradakı insanların hansı problemləri olubsa, həmişə mənə müraciət ediblər. Qətiyyətlə deyə bilərəm ki, bu və keçən il də nə qaz, nə işıq problemi olmayıb. 

Bağların hasarlanması məsələsinə gəlincə, E.Quliyev bildirib ki, bu ənənə Abşeron və Bakıda ta qədimdən olub: “Ta qədimdən Abşeron, Bakı həyətlərinin hamısında hasarlar var. Orada boya-başa çatmış insanlar kimi, həm də kökümüz o zonadan olduğuna görə, biz bunları bilirik, oranın camaatının da xasiyyətinə bələdik. Birincisi, Nardaranda heç kim heç kimin həyətinə girməz. Əsas məsələ dəniz söhbətidir ki, Nardaran tərəfdə bağlar var, həmin bağlar dənizin içərisinə girir. Zeynəb xanım hamımızın böyük hörmət etdiyimiz qadındır, hamımızın fəxridir. Ancaq deyir ki, camaatın əlində olanları alıblar. Soruşmaq istəyirəm ki, Nardaran, Maştağa, Bilgəhdə kimin əlindən dövlət nə alıb? Indiki dövrdə mülkiyyəti kim ala bilər?”- deyə Eldar Quliyev bildirib.

Bəs, bu mübahisədə kim haqlıdır?

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bildirdi ki, Nardaran camaatının problemi çoxdur və bu problemlərə işıq saldığı üçün Zeynəb xanıma təşəkkür edirik: “Kənd camaatının qaz problemi var, işıqlar tez-tez sönür, ən əsas da kütləvi işsizlik hökm sürür. Kənd təsərrüfatı ilə məşğul olmaq xeyir vermir. Çünki kənd təsərrüfatı məhsulları əsasən ölkəyə idxal olunur və oliqarxların monopoliyasındadır. Bütün Azərbaycanda olduğu kimi, Nardaranda da eyni problemlər var. Dənizin hasara alınmasına gəlincə, bu həqiqətdir. Bizim camaat həmişə xüsusi mülkiyyətə hörmətlə yanaşıb və xüsusi mülkiyyət toxunulmazdır. Ancaq Azərbaycanda mülkiyyətə təminat yoxdur. Yüksək çinli məmurlar özlərinə böyük iqamətgahlar tikiblər, dənizi özəlləşdiriblər. Bu tikililərin kasıb camaata aidiyyəti yoxdur. Heç kimin ixtiyarı yoxdur ki, xalqa məxsus olan ərazini şəxsi mülkiyyəti kimi özəlləşdirsin. Zeynəb xanıma da təşəkkür edirik ki, zəruri məsələləri parlamentdə müzakirəyə çıxardır”.

Tanınmış vəkil Aslan Ismayılov da Zeynəb Xanlarovanın məlum çıxışına öz “facebbok” səhifəsində münasibət bildirib:  “Zeynəb xanımın Milli Məclisdəki çıxışına deputatlar Q.Salahzadə və E.Quliyev kəskin etirazlarını bildiriblər. Bununla bağlı bildirirəm ki, Zeynəb Xanlarova hamının bildiyini, insanlarda olan narazılığı dilə gətirib. Q.Salahzadə və E.Quliyev və digərləri kimi Zeynəb Xanlarova öz biznes maraqlarını qorumaq, kimlərəsə yarınmaq üçün Milli Məclisdə oturmayıb. Onun Milli Məclisə yox, Milli Məclisin Zeynəb Xanlarovaya ehtiyacı var. Adı ”hacı” olanlarda Zeynəb xanımda olan insanlığın, Allaha, millətinə hörmətin, mərdliyin, dürüstlüyün cüzi bir hissəsi olsa, sevinərdim. Mənə maraqlıdır ki, həmin şəxslər bu cür çıxışlardan sonra insanlar arasına necə çıxacaq, söylədikləri yalanlara görə heç vicdan əzabı çəkəcəklərmi? Axı Xəzər dənizinin həmin şəxslər və onlar kimilərinin dədə malı kimi hasarlanmasını milyonlarla insan görür. Bir də onların savadına, icazəli cəsarətinə bələd olduğumdan əminəm ki, bu çıxışlar ağalarının əmridir. Həmin “ağalar” ki, Zeynəb xanıma etiraz etməkdən çəkinirlər. Əgər bu çıxışları Prezidentə yarınmaq üçün edirlərsə, burada da yanılırlar. Dünyada baş verən hadisələr fonunda məhz Zeynəb Xanlarovanın çıxışı Prezidentə səmimi münasibətin göstəricisidir”.

Akif