Fuad Qəhrəmanlı: «Azərbaycan Ukraynanın ərazi bütövlüyünü müdafiə etməlidir»
Zahid Oruc: «Krımdakı proseslər Abxaziya və Osetiya ssenarisi ilə inkişaf edərsə, Azərbaycan buna etirazını bildirməlidir»
Krımda baş verənlər Rusiyanın ənənəvi siyasətinin təzahürü sayıla bilər. Belə ki, 2008-ci ildə Rusiyanın parçalama siyasəti ilə üzləşən Gürcüstan Cənubi Osetiya və Abxaziyanı itirmək bahasına Rusiyanın nəzarətindən tam qurtulmuş oldu. Gürcüstan, Moldova, Azərbaycanda uğurla sınaqdan çıxardığı separatizm kartını hazırda Ukraynada işə salan Rusiya Kiyevə “müstəqilliyinin” ona baha başa gələ biləcəyini anlatmağa çalışır. Amma Gürcüstan olaylarında olduğu kimi Rusiya yenə qarşısında bütün dünyanın olmasına baxmayaraq, dirənişini davam etdirir. Bəs, hazırda baş verənlərdə Azərbaycan hansı siyasəti nümayiş etdirməlidir?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, Rusiyanın Krıma hərbi müdaxiləsi ciddi fəsadlar doğura bilər. Bir müddət bundan öncə Rusiyanın Gürcüstana münasibətdə də oxşar siyasəti yürütdüyünü xatırladan F.Qəhrəmanlı vurğuladı ki, Gürcüstan əraziləri olan Osetiya və Abxaziya hazırda Rusiyanın işğalı altında qalmaqdadır. Amma Gürcüstandan fərqli olaraq Ukraynada Rusiyanın bu siyasətinin qlobal fəsadlar verə biləcəyini düşünən F.Qəhrəmanlı qeyd etdi ki, Ukrayna bu gün Qərb tərəfindən birmənalı dəstəklənir və bu dövlətin hərbi potensialı Rusiyaya ciddi zərbə endirməyə qadirdir: “Rusiyanın Ukraynadakı addımları bu dövlətə qarşı artıq qlobal səviyyədə sansiyaların tətbiqinə gətirib çıxara bilər. Bu sırada Rusiya qazının alınmasından imtina olunması Kremli ciddi maliyyə böhranı ilə üz-üzə qoya bilər. Rusiyanın həm də ”Böyük səkkizlik” formatından çıxarılması da müzakirə edilə bilər ki, bu da Moskvanın siyasi təcridi demək idi. Bundan başqa Rusiyanın Qara dəniz donamasının statusunun ləğvi onun beynəlxalq sulara çıxışına maneə ola bilər”.
F.Qəhrəmanlı hesab edir ki, eyni zamanda Rusiya məmurlarının əmlaklarına həbslərin qoyluması, onlara qarşı sanksiyalar Kremli çətin durumda qoya bilər. Ona görə Ukraynadakı prosesləri təkcə Rusiyanın iradəsi ilə həll etmək mümkün deyil. Krımın etnik tərkibi də nəzərə alınarsa Rusiyanın birtərəfli qaydada sabitlik yaratması da çətindir. “Rusiya Ukraynanı hərbi təhdid etməklə təzyiq altında saxlamağa çalışır”, deyə F.Qəhrəmanlı vurğuladı.
Azərbaycanın baş verənlərdə nümayiş etdirməli mövqeyə gəlincə F.Qəhrəmanlı düşünür ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü müdafiə etməlidir: “Azərbaycan da etnik separatizmin qurbanıdır. Azərbaycan əraziləri Ermənistana dəstək verilməklə Rusiya tərəfindən işğal olunub. Ərazi bütövlüyümüz bu günə qədər təmin edilməyib. Ona görə bu problemin nə demək olduğunu yaxşı bildiyi üçün Azərbaycan da bu məsələdə öz mövqeyini ifadə etməlidir. Çünki təcrübə göstərir ki, Gürcüstan, Azərbaycan, Moldovadan sonra Rusiya üçün bu cür addımlar bir ənənəyə çevrilib. Rusiya həmişə zorakı müdaxilələrlə nüfuzunu bərpa etməyə çalışır. Siyasi baxımdan uduzan Rusiyanın məğlubiyyətinin qarşılığını zorla kompensasiya etmək mümkün deyil. Geopolitik baxımdan Rusiyanın malik olduğu iqtisadi güc ona imkan vermir ki, Rusiya uduzduğu mövqeləri geri qaytara bilsin”.
Millət vəkili Zahid Oruc isə hesab edir ki, Krım problemini yaradan səbəblərdən biri də inqilabi Ukrayna hökumətinin gərəksiz davranışları oldu. Belə ki, Ukraynanın yeni hakimiyyətinin addımları, milliyyətçiliyi gücləndirməsi Rusiya meylli qüvvələrin əlinə əlavə arqumentlər vermiş olur: “Krım məsələsi iqilabi hökumətin bir nömrəli probleminə çevriləcək. Çünki iqtisadi defolt yaşayan ölkənin belə bir problemlə üzləşməsi Rusiyanın manevr imkanlarını artırır. Amma Krım üzərindən Ukrayna Rusiya savaşının başlanacağı inandırıcı deyil. Lakin Krımda rusiya ikinci Gürcüstan planını həyata keçirə bilər. Amma bunun əks effektləri də ola bilər və Rusiya baş verənlərdən ciddi ziyan görə bilər. Hazırda cəhdlər daha çox Ukraynanı təkrarən öz orbitinə qayıtmasına xidmət edir”.
Z.Oruc da hesab edir ki, Krımdakı proseslər Abxaziya və Osetiya ssenarisi ilə inkişaf edərsə, Azərbaycan bunu tanımamalı və ona qarşı kəskin etirazını bildirməlidir: “Biz Rusiyanın Krım əhalisini dövlətin əleyhinə qaldırılmasını qətiyyən məqbul qiymətləndirməməliyik. Təkcə ona görə yox ki, bu Qarabağ proseslərinə bənzəyir. Ikinci ona görə ki, Ukrayna Azərbycan üçün mühüm əhəmiyyət kəsb edən ölkədir”.
Xəyal


