Rəsul Quliyevin “Arif Hacılı” proqnozu

Arif Hacılı: «Rəsul Quliyev narahat olmasın, Müsavat  partiyası ciddi uğurlara imza atacaq»

Gülağa Aslanlı: «Rəsul Quliyevin siyasətdən başı çıxırdısa,  yaratmış olduğu partiyanı qoruyub saxlayardı»

Milli Məclisin eks spikeri Rəsul Quliyev “teleqraf.com” saytına müsahibə verib. Müsahibədə Rəsul Quliyev Müsavat partiyası haqqında fikirlərini söyləyib və jurnalistin “Arif Hacılının başqanlığı partiyaya nə vəd edir” sualını cavablandırıb:

“Müsavat Partiyasının liderinin kim olması partiyanın daxili işidir. Bu, həm də seçkinin nə dərəcədə demokratik standartlara uyğunluğundan asılıdır. Çünki bu yaxınlarda Müsavatın gəncləri bir-birini saxta seçki keçirməkdə ittiham edirdilər.

Adını çəkdiyiniz şəxsiyyətin partiyanın lideri seçilməsi Müsavat Partiyasının siyasətlə vidalaşması deməkdir. Məqsədi bu gün parlamentdə təmsil olunan ”müxalifət” partiyalarından birinə çevrilmək olacaq. Belə bir prosesin getməsi Müsavat Partiyasının tarixində az olmayıb. Onlar 15 il müddətində tam bir-birinə əks olan cəbhələrə keçiblər. Gah bolişeviklərə, gah millətçilərə, gah federalistlərə, gah da sosial demokratlara qoşulublar. O partiyada kifayət qədər ağıllı və azadlıq ideyalarına sadiq adamlar var. Bir sözlə, Müsavat bu seçkisində yolunu müəyyənləşdirəcək. Çox arzu edərdim ki, gənclər də öz namizədliklərini cəsarətlə irəli sürsünlər”- deyə Rəsul Quliyev bildirib.

Müsavat icra aparatının rəhbəri Arif Hacılı “Azadlıq”a açıqlamasında bildirdi ki, Rəsul Quliyev qətiyyən narahat olmasın və Müsavat partiyası öz yolunu davam etdirir: “Müsavat partiyası 103 il öncə öz yolunu müəyyənləşdirib və bütün bu illər ərzində sadiq mövqeyi olduğunu sübut edib. Müsavat partiyasının başqanının kim olacağını və onun gələcək taleyini partiya üzvləri müəyyənləşdirəcəklər. Ümid edirəm ki, partiya üzvləri düzgün qərar verəcək. Müsavat partiyası bundan sonra da Azərbaycanın siyasi tarixində çox ciddi uğurlar qazanacaq. Ona görə də Rəsul Quliyevin və digərlərinin narahatlığına ehtiyac yoxdur”.

Müsavat başqanın müavini Gülağa Aslanlı Rəsul Quliyevin fikirlərini gündəmdə qalmaq cəhdi kimi qiymətləndirdi: “Rəsul Quliyev 1 aydır gündəmdə yoxdur, onun haqqında heç bir qəzet, sayt yazmır. Ona görə də gündəmə gəlmək üçün Müsavat partiyasına ilişməyə başlayıb. Rəsul Quliyevin siyasətdən başı çıxırdısa, özünün yaratmış olduğu partiyanı qoruyub saxlayardı. Siyasətdə heç bir iz qoya bilməyən adamın, başqa partiyalar haqqında fikir bildirməsi absurddur”.

Akif