Putin Ukraynanı parçalamağa çalışır

Sülhəddin Əkbər: «Krımda vəziyyət ABŞ və Avropa Birliyinin, NATO-nun necə hərəkət edəcəyindən asılı olacaq»

Ukraynanın cənubunda – Krım Muxtar Respublikasında vəziyyət daha da gərginləşib. Paytaxt Simferopolda, parlamentin binası qarşısında eyni vaxtda iki mitinq keçirilib. Ukraynada qurulmuş yeni hakimiyyəti tanımaq istəməyən rusdilli əhalinin iki gün davam edən mitinqinə qarşı tatarların da mitinqi başlayıb. Tatarlar rusdilli əhalidən fərqli olaraq, yeni hakimiyyətə dəstək verirlər.

Parlament binası önündə gərginlik artıb, ara-sıra toqquşmalar yaşanıb.

Aksiya keçirən rusdilli əhali Ukraynanın yeni hakimiyyətini tanımamağa çağırır. Krımın müstəqilliyi və ya Rusiyaya birləşməsi də səslənən tələblər sırasındadır.

Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyir ki, Ukraynada Yanukoviç hakimiyyətinin devrilməsi Rusiyanı çox ciddi narahat edir. Rusiya Xarici Işlər Nazirliyinin açıqlamasından da aydın görünür ki, Kreml yeni Ukrayna hakimiyyətinin legitimliyini, Ali Radanın qəbul etdiyi qanunları şübhə altına alır: “Rusiya Ukraynanın cənub-şərqində, xüsusən də Krımda, Sevastopolda separatçı əhval-ruhiyyəni qızışdırır. Dünəndən başlayaraq, Rusiya qərb və mərkəz hərbi dairəsində hərbi təlimlərə başlayaraq, qoşunları yüksək döyüş hazırlığı vəziyyətinə gətirib. Bu təlimlərin keçirilməsində əsas məqsəd Rusiya ordusunun döyüş hazırlığını yoxlamaqdır”.

Ekspert qeyd edir ki, Rusiyanın Ukraynanın cənub-şərqində ictimai-siyasi hadisələri gərginləşdirmək, Krımı Ukraynadan qoparmaq planları var. Bunu Ukraynanın ərazi bütövlüyünü təhdid altında saxlayan hadisə kimi qiymətləndirən Sülhəddin Əkbərin fikrincə, bu dönəmdə proseslərin gedişi əsasən ABŞ  və Avropa Birliyinin, NATO-nun necə hərəkət edəcəyindən asılı olacaq: “1994-cü ildə  Ukrayna nüvə silahını təhvil verərkən müvafiq deklarasiya imzalanıb. ABŞ, Böyük Britaniya və Rusiya Ukraynanın suverenlik və ərazi bütövlüyünə təminat verib. Bu anlaşmanın müqabilində də Ukrayna nüvə silahını  təhvil verib”.

Ekspert yaxın vaxtlarda Ukrayna və Krım ətrafında vəziyyətin daha da gərginləşəcəyini proqnozlaşdırır.

Nigar