Görünür, ancaq… yol gedənindir! Yol var Meydana aparır, yol var məhkəməyə. Bizdə bu gün yollar daha çox məhkəmələrə aparır. Məhkəmələrsə bizdə bu gün bütün qanunların (Konstitusiya – mənəviyat qanunlarının) tapdandığı, özü də vəhşicəsinə tapdandığı ayrıca meşə talalarına çevrilib.
Fevralın 25-də Əli Insanoivun indilikdə sonuncu məhkəmə prosesi olacaqdı. Proses başladı, ancaq Ə.Insanovsuz. Ə.Insanov özünün indilikdə sonuncu – hakimin hökmü oxunacaq məhkəmə prosesinə gətirilsə də, zala girməkdən imtina etmişdi. Düz eləmişdi – özünün də qabaqcadan bildirdiyi kimi, sifarişli, qanunsuz hökmün saxlanacağı irəlicədən bəlli olan məhkəmə prosesinə qatılmağa dəyməzdi.
Mən qabaqcadan bəlli hökmün oxunacağı məhkəməyə getmişdim. Mən də düz eləmişdim – sifarişi birbaşa prezident administrasiyasından gələn hökmü hakimin necə oxuyacağına baxmaq istəyirdim. Buna hökm oxumaq deyilməzdi. Bu, hökm oxumaq deyildi, mızıldanmaq idi. Ortada gerçək hakimlik olmadığından, gerçək hökm oxunuşu da yox idi. Burada qabaqkı proseslərdən də göründüyü kimi, “xalqın birinci xidmətçisinin” sifarişi yerinə yetirilirdi. Nə gözəl iş imiş “xalqın birinci xidmətçisi” olmaq! Baxın: qabaqca Rusiyanın, bir sıra başqa dövlətlərin danışılmış yardımıyla siyasi hakimiyəti ələ keçirirsən. Sonra yavaş-yavaş polisi, prokurorluğu, bütövlükdə məhkəmə-hüquq sistemini, bunlarla yanaşı ölkənin yeraltı-yerüstü gəlir qaynaqlarını ÖZƏLLƏŞDIRIRSƏN, bunlarla birgə siyasi konkurentləri hərdən tək-tək, hərdən ikisini-üçünü birdən, hərdən də, NIDAÇılar kimi topasıyla, çeşidli suçamalarla tutub basırsan türməyə. Sonra da başda “xalqın birinci xidmətçisi” olmaqla HAKIM ailənin (qabaqlar jurnalistlərin belə yazmasını xoşlamazdım!) qərarına uyğun soruşdurma (istintaq) başlayır. Ardınca da, bildiyiniz kimi, “xalqın birinci xidmətçisinin”, HAKIM ailənin göstərişinə uyğun məhkəmə prosesi. Hökm də, bildiyiniz kimi, “birinciylə” HAKIM ailənin hökmüdür! Buna görə Qurban Məmmədovun “məhkəmə hökmünü” oxuyan gözəl səsli Emin Mehdiyevin səsi batmışdı; buna görə Əli Insanovun “məhkəmə hökmünü” oxuyan Qədim Babayevin səsi uzaq – QƏDIM yaşayış yerindən gələn kimiydi – güclə eşidilirdi. Görünür, ən mənliksiz hakim üçün də başqasının verdiyi məhkəmə hökmünü öz adından oxumaq hansısa sıxıntıya nədən olur.
Prokurorluq – hüquq dövlətində önəmli rol oynayan bu orqan Azərbaycanın dövlət orqanizmində çoxdan funksiyası pozulmuş kor bağırsaq kimidir. Qanunçuluğu qorumalı olan bu qurum heydərizm siyasi sistemində, Zakir Qaralovun “bazar iqtisadiyatı” platformasında açıq-aydın karikatura xarakteri alıb. Son çağların bir sıra siyasi məhkəmələrində gördüyümdür: prokuror başlanğıcdan sonadək qanunçuluğun, gerçək yuridik prosedurların qarşısını kəsən qorxunc MEXANIZM rolunu oynayır. Hakimlərin getdikcə bu qorxunc mexanizmin yardımçı elementinə çevrildiyi görülür. Başlanğıcdan sonadək “dövlət ittihamçısı” adlandırılan prokurorun dediyi olur. Böyük çoxluğu biliksiz, düzgün cümlə qurub danışmağı bacarmayan, dövlət dilini bazar düzəyində bilən bu adamlar gerçək qanunçuluğun tapdanması baxımından məhkəmələrdə antidövlət faktoru olaraq tanınmaqdadırlar. Bu isə məhkəmə institutu kimi prokurorluq institutunun da yuxarıda sözügedən HAKIM instansiyanın əlaltısı rolunda çıxış etməsi deməkdir.
Ismayıllı olayı yeni baş verəndə qorxuya düşmüş “xalqın birinci xidmətçisi” qudurğanların cəzalandırılacağını bildirmişdi. Aradan aylar keçəndən sonra nə baş verir? Prokuror hakimiyət qudurğanlığının qurbanına şevrilmiş adamlara 4 ildən 9 ilədək iş istəyir. Nə olacaq? Siyasi sifariş qanunlarına uyğun olaraq hakim prokurorun OXUDUĞUNU OXUYACAQ! Necə, hansı səslə; bunun önəmi yoxdur: başlıcası başdan gələn hökmün başarıyla, “Konstitusiya normalarına uyğun” oxunub başa çatdırılmasıdır…