İlham Əliyev İrana gedəcəkmi?

Siyasi ekspertlər dövlət başçısının İrana səfərini şərh etdilər

İran prezidenti Həsən Ruhani Azərbaycanın dövlət başçısı İlham Əliyevi İrana səfər etməyə dəvət edib. İran İslam Respublikasının Azərbaycandakı səfiriliyinin mətbuat xidmətindən verilən məlumata görə, prezidentin dəvətini İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin İ.Əliyevlə son görüşü zamanı səsləndirib. Səfir İ.Əliyevin H.Ruhaninin dəvətini müsbət qarşıladığını deyir.

Maraqlıdır ki, indiyə qədər İran tərəfindən Azərbaycanın dövlət başçısına səfərlə bağlı çeşidli dəvətlər olsa da, İ.Əliyev onların heç birini gerçəkləşdirməyib. Əvəzində İrana Azərbaycan hakimiyyətinin müxtəlif təmsilçiləri səfərlər reallaşdırıblar. Həmin səfərlərdən sonra da münasibətlərin normalaşacağı ehtimal olunsa da, əksinə əlaqələrdə tam yeni-yeni sürprizlər meydana çıxıb. Bu baxımdan dəvətlə bağlı yaranan ilk sual həmin dəvətin qəbul edilərək, səfərin gerçəkləşib-gerçəkləşməyəcəyi ilə bağlıdır.

Digər bir tərəfdən Azərbaycan hakimiyyəti qonşu dövlətlərə səfərlərini bir qayda olaraq seçkilər ərəfəsində intensivləşdirir. İran da bu məsələdə istisna deyil. Azərbaycan rəsmilərinin İrana səfərləri bir qayda olaraq seçki ərəfəsində cənub qonşumuzu neytrallaşdırmğa, onu Azərbaycanın daxili işlərinə qarışmamağa vadar etməkdən ibarətdir.

Amma İ.Əliyevə edilən dəvətin fonunda son zamanlar İrandan səslənən bir sıra bəyanatlar nəzərə alınmaya bilmir. Belə ki, bu yaxınlarda İran rəsmiləri Xəzərə heç bir xarici dövlətin nə iqtisadi, nə də əməkdaşlıq məqsədilə müdaxiləsinə yol verməyəcəklərini bəyan etmişdi. Bundan başqa Azərbaycanın İsrail ilə son zamanlar münasibətlərini daha da dərinləşdirməsi İranın kəskin reaksiyası ilə qarşılanır. Bu məqamlar İ.Əliyevin İrana səfərini bir qədər maraqlı edən nüanslardır. Eyni zamanda Qərbin-İranla münasibətləri, bölgədə baş verənlərdə unudulmamalı faktorlardandır.

Fuad Qəhrəmanlı: «Belə bir səfərin gündəmə gəlməsi daha çox İranın maraqları ilə bağlıdır»

AXCP sədrinin müavini Fuad Qəhrəmanılının fikrincə, belə bir səfərin gündəmə gəlməsi daha çox İranın maraqları, regionda yürütdüyü siyasətlə bağlıdır. Artıq əvvəlki İran-Qərb qarşıdurmasının olmadığını deyən F.Qəhrəmanlı vurğuladı ki, artıq münasibətlərdə müəyyən yumuşalma var . İran probleminin həlliylə bağlı irəli doğru addım atmaq üçün zəmin yarandığını vurğulayan F.Qəhrəmanlı qeyd etdi ki, İran eyni zamanda regional siyasətinə yenidən baxmağa ehtiyac duyur: «Bundan əvvəl də Azərbaycan dövlət başçısına İrana səfər etməklə bağlı dəvətlər edilmişdi. Amma bu səfərlər ona görə gerçəkləşməmişdi ki, Azərbaycan çalışırdı ki, İranla bağlı Qərblə müəyyən dərəcədə sinxron davransın. Azərbaycan daha irəli gedərək Qərbin qəzəbinə tuş gəlməkdən çəkinirdi. Burada İsrail amilini də unutmaq olmaz. Çünki paralel olaraq İsrail ilə ikitərəfli münasibətlərin inkişafı Azərbaycanı İranla məsafəli davranmağa vadar edirdi. Hazırda bu mərhələ geridə qalıb».

İranın Azərbaycanla bağlı siyasətini artıq yenidən müəyyənləşdirməyə ehtiyacın olduğunu deyən F.Qəhrəmanlı vurğuladı ki, İranda konyuktura dəyişdiyindən Tehran Azərbaycanın da mövqeyində müəyyən dəyişikliklərin olacağını gözləyə bilər: «Görünür, belə bir məqamda İran yenidən Azərbaycanın mövqeyini yoxlamağa ehtiyac duyur. Tehran rəsmi Bakının onunla münasibətlərində hər hansı dəyişikliyin olub-olmamasını bilmək istəyir. İran bu dəyişikliyin olduğunu güman edir. Çünki Qərblə münasibətlərin yumuşalması İranın Azərbaycanla bağlı davranışlarına da təsir edə bilər. Bu baxımdan Azərbaycan da Qərblə-İranın münasibətlərindən istifadə edərək bu dövlətlə münasibətləri yumuşalda bilər. Çünki Azərbaycan üçün qarşıdan mühüm mərhələlər gəlir. Ona görə də hazırkı hakimiyyət komandası çalışır ki, ona zidd olan, münasibətlərin gərgin olduğu tərəflərlə əlaqələr yumuşaldılsın. Bu baxımdan səfərin gerçəkləşməsi reallaşa bilər». 

Arif Yunus: «Azərbaycan İran faktorundan əvvəl Qərbə qarşı istifadə edirdisə, hazırda bu alınmır»

Ekspert Arif Yunus hesab edir ki, İranda son prezident seçkilərindən ciddi dəyişikliklər baş verdiyindən, İ.Əliyevin bu səfəri normal qarşılanmalıdır: «Hazırda ABŞ və Avropa Birliyinin də İrana münasibəti dəyişib. Hələ deməzdim ki, bu dəyişiklik radikal şəkildədir. Amma hər bir halda mövqedəki yumuşalma hiss edilir. Əgər vaxtı ilə onlar İrana qarşı sanksiyalar tətbiq etmək lazımdır. Hətta İrana qarşı müharibənin ola biləcəyi, bu dövlətin nüvə obyektlərinə zərbələrin endiriləcəyi bildirilirdi. Hazırda İranla dialoq, danışıqlar, kompramis xəttinə üstünlük verilir. İranın öz daxilində də durum dəyişilib. Əvəlki dövlət başçısı ilə hazırkı prezidentin mövqeyləri bir çox məsələlərdə fərqlidir».

Vaxtı ilə Azərbaycanın da Qərbə qarşı oyunlarda İran faktorundan yararlandığını xatırladan A.Yunus bildirdi ki, bu gün Azərbaycan bu faktordan artıq geniş miqyasda istifadə edə bilmir. Çünki ABŞ və Avropa Birliyi özü də İrana qarşı yanaşmasını dəyişib. Və Azərbaycanın İrandan təhlükə mənbəyi kimi istifadə olunması işə yaramır.

Hikmət Hacızadə: «İran ətrafında baş verənlərin fonunda belə bir görüş gərəklidir»

Politoloq Hikmət Hacızadə isə hesab edir ki, belə bir görüş həm İran ətrafında baş verənlərin, həm də regionda cərəyan edən proseslərin fonunda gərəklidir. BMT-nin İrana qarşı sanksiyalarının gündəmdən qalxdığını deyən H.Hacızadə vurğuladı ki, İranla bir qonşu dövlət kimi normal münasibətlərin saxlanması Azərbaycanın dövlət kimi maraqlarına cavab verir.

Xəyal