Anımlarda qalan Xocalı

Bu gün uzaqlarda qalmış Xocalı adlı kiçik bir kəndin üstünə ölüm güllələri yağacaq. Qış yuxusunda uyuyan evlər ağzı qanlı tankların dişinə keçəcək. Yer-göy cəhənnəm atəşində yanacaq. Böyük-kiçik, qoca-cavan, çoluq-çocuq al qana boyanacaq, həyat bitəcək, insanlıq öləcək, dünya susacaq. 

Böyük faciələrin qisası ilbəil anımlardan ibarət olmamalı. Xocalı boyda dərdi olanların gözünə yuxu getməz. Belə bir vəhşət yaşamış xalq hər günündə o günahsızlığın qisasını düşünməli. O dəhşətdən geriyə qalan şahidlərin yaşadıqlarını, əsirlik cəhənnəmini xatırlamalı. Xatırlamaq da dirigözlü ölmək, hər dəfə yenidən gülləyə gəlmək, yenidən çarmıxa çəkilməkdir, doğru. Amma unutmaq ondan betər, ondan amansız, ondan işgəncəli. Ən azı ona görə dönə-dönə xatırladılmalı ki, belə qanlı ləkələrin insanlığın vicdanında əbədi qalacağı anlaşılsın və unudulmasın.

Son 25 ilin ən qanlı faciəsi olan Srebrenitsa soyqırımı ilə müqayisəyə gələ bilər Xocalı qırğını. Boşnak xalqı bu soyqırım haqqında onlarla təsirli film çəkib – faktlar, sənədlər, dəlillər əsasında. Bu xalq məhz öz filmləri sayəsində çatdıra bilib acılarını dünyaya. Filmləri ilə aça bilib kar qulaqların tıxacını, göstərdikləri gerçəklərlə qıra bilib donmuş ürəklərin buzunu. Yaxınlarda bu ölkənin milli şairi sayılan Latiçin dünya miqyasına çıxa biləcək “Şindlerin siyahısı” səviyyəsində bir film çəkmək hazırlığında olmasını yazmışdım. Indi o film üzərində ciddi iş gedir və meydana çox mükəmməl bir ekran əsərinin çıxacağı gözlənilir. 

Biz isə hər ildönümdə eyni şeyləri deyirik. Hər dəfə güclü bir bədii film çəkmək əzbərini təkrarlayırıq. Daha yazmağın da bir anlamı qalmamış kimi. “Film yoxdur” deyəndə, öz təəssübkeşliyi ilə min cür zəhmətə qatlaşıb yaxşı sənədli film çəkənlərin haqqını yerə vurmaq istəmirəm. Bunu hər dəfə bizə irada tutan məşhur sənədli filmlər rejissoru Nazim Rzanın haqlı gileyi ilə razılaşıram. Həqiqətən də, görkəmli rejissorun tarixən erməni vəhşətlərinin xronikasını əsaslı şəkildə əks etdirən çox dəyərli filmləri var. O, 2006-2010-cu ildə qondarma “erməni soyqırımı” ilə bağlı olaraq 4 sənədli film çəkib. Həm araşdırmaçısı, həm ssenari müəllifi, həm də rejissoru olub o filmlərin. Material toplamaq üçün dəfələrlə Gürcüstan və Türkiyəyə səfər edib. Düz 4 dəfə Türkiyədə olub, ağır və bəzən təhlükəli şərtlər altında toplayıb materiallarını. Aylarla çalışmadan sonra peşəkar bir iş alınıb, həm də Azərbaycanın ilk müəllif filmi.

Bəli, bu, bir vətənpərvərin demək olar ki, öz səyləri əsasında çalışıb-vuruşub tariximiz üçün ərsəyə gətirdiyi çox qiymətli materialdır. Heç şübhəsiz, Azərbaycan kimi ölkəyə tarixi faktları ortaya qoyan belə tarixi-publisistik filmlər hava-su kimi vacibdir. Amma bizim iradımız belə filmlərin nədən hər il çəkilməməsi, nədən sayının onlarla olmaması və nədən boşnaklar kimi dünya kinoteatrlarına çıxa biləcək bədii filmlərin yaranmamasınadır.

Bu gün yenə bir çoxumuz anım abidəsini ziyarət etməklə işimizi bitmiş sayacağıq. Bəlkə, bəzilərinin heç yadına da düşməyəcək, bəziləri iş-gücünü buraxıb baş çəkə də bilməyəcək. Beləcə bitəcək bu 22-ci ildönümü də. Viran olmuş Xocalı uzaqlarda, ondan geriyə qalan barmaq sayımı insanların bir qismi əsirlikdə, bir qismi burada, vətən qürbətində acılarını çəkməyə davam edəcək. Baxaq, hara qədər onlar acı çəkməyə, biz can çəkməyə, dünya film çəkməyə davam edəcək?..