Hacı Mazan yazılanların həqiqət əuyğun olmadığını bildirir
Şorsulu (Salyan)-Xırmandalı (Biləsuvar)- Masallı yolunun tikintisi Qafqaz Müsəlmanları Idarəsinin sədri Allahşükür Paşazadənin çətiri altında olan “Bayram-M” kiçik müəssisəsinə tapşırılıb. Bu barədə məlumatı “Yeni Müsavat” qəzeti yayıb. Məlumatda bildirilir ki, layihənin dəyəri 200 milyon manatdır. Bu barədə qəzetə danışan mənbə bildirib ki, layihədə qiymətlər ən azı 4 dəfə şişirdilib.
Təxminən 25 kilometrlik yola 200 milyon manatın ayrılması bir kilometrə 8 milyon manatın (10 milyon dollardan çox) xərclənməsi deməkdir. Qəzet müqayisələr apararaq yazır ki, layiyə 50 milyona başa gələ biləcəyi halda, 200 milyon manat vəsait alınıb.
Qeyd edilir ki, “Bayram-M” şirkətinin hüquqi ünvanı Masallı rayonunun Talışxanov küçəsi 71-dir. Şirkətin təsisçisi isə Ramazan Zeynalovdur. O, Qafqaz Müsəlmanları Idarəsinin sədri Allahşükür Paşazadənin yaxın qohumudur. Ölkənin tanınmış iş adamlarından sayılan bu şəxs Hacı Mazan kimi tanınır. Iddia edilir ki, Hacı Mazan direktor kimi göstərilməklə izi itirməyə çalışırlar. Şirkətin şəriklərindən biri də Milli Məclisin deputatı, şeyxin qardaşı Cavanşir Paşazadədir.
Cavanşir Paşazadə yazılanlara münasibət bildirib. O, publika.az-a açıqlamasında deyib ki, yazılanlar həqiqətəuyğun deyil: “Bu yazılanlar uydurma və yalandır. Guya dövlətdən 200 milyon pul alınıb. Əgər belə bir şey varsa, bizim haqqımızda yazanlar gəlsinlər, 1 faizini bizə versinlər, qalanı onların halal-xoşu olsun. Sadəcə olaraq belə şey mümkün deyil, yalan söhbətlərdir. Nə belə bir müqavilə var, nə belə bir sənəd, nə belə bir iş görən adam. əslində bütün oyunlar cənub bölgəsində gedir. Məqsəd budur ki, insanları qaralamaq və hansısa oyunlarda bundan istifadə etməkdir. Halbuki o qəzet, o yazı həm oxucusunu, həm mövqeyini itirib. Bir dənə düz şey yazmayıblar ki, insanlar da oxuyub inansın. Buna görə heç fikir də vermirəm, o yazını da yazı kimi saymıram”.
Cavanşir Paşazadə qeyd edib ki, belə yazıları fikirləşən adamlar var. Onun sözlərinə görə, orda yol tikintisini fikirləşən adamlar qabaqcadan neytrallaşdırmaq istəyi ilə bunları edir: “Əgər dövlət bu işi ona, yaxud hansısa digər şəxsə gördürərsə, bu, dövlətin öz işidir. Bunun bizə heç bir aidiyyəti yoxdur. Nə mən, nə mənim ailəm nəinki yol çəkmək, heç bu haqda düşünmürük belə. Hacı Mazan mənimlə qohumdur, o nə edir, özü bilər. 9 bacımız var, onların da hər birinin nəvəsi, nəticəsi, kötükcəsi var. Qohumlarım respublikanın bəlkə də 2 faizini təşkil edir. Yaxşı yaşayanları da var, pis yaşayanları da. Yaxşı yaşayanlar heç bizə yaxın gəlmir, pis yaşayanlar da xahiş-minnət üçün gəlirlər. Hamısı qohumdur, tanışdır, dostdur. Indi kim də etdisə, bizim adımıza yazılmalıdır? Biz bunların hamısına cavabdeh deyilik ki. Bunu məntiqlə yazmaq lazımdır. Bu qədər hörmətsizlik etməzlər”.
Hacı Mazan özü isə yazılanlar barədə Vətəninfo.az-a deyib: “Yazırlar ki, guya şirkət oğlumun adınadı, heç oğlumun xəbəri belə yoxdu şirkət nədi, firma nədi. Artıq vəkilimi çağırmışdım və oturub məsləhətləşdik. Mənimlə bağlı bu tip yalan xəbərlərin davam edəcəyi təqdirdə məhkəməyə müraciət edəcəm”.
Hacı Mazan yayılan məlumatlarda Allahşükür Paşazadənin qohumu olmasının xüsusi vurğulanmasına da münasibət bildirdi: “Qafqaz Müsəlmanları Idarəsinin sədri Allahşükür Paşazadənin yaxın qohumu olmaq günahmıdır? Şeyx həzrətləri ağsaqqaldır”.
*
Söküntülər Bakıda mənzillərin qiymətini kəskin qaldırıb
Vüqar Bayramlı: «Qiymət artımına gətirib çıxarmaması üçün vətəndaşlara nəğd kompensasiya deyil, evlərinə uyğun mənzillərin təklif edilməsi daha məqsədəuyğundur»
“Sovetski”də evlərin sökülməsi şübhəsiz ki, Bakı və Bakıətrafı ərazilərdə mənzillərin qiymətinə təsirsiz ötüşməyəcək. Artıq sökülməsi planlaşdırılan ərazilərdə ev alqı-satqısı ilə bağlı elanlar gözə dəyir. Elanlar daha çox Bakı kəndlərində torpaq sahələri, evlərin satışı barədədir.
Paytaxtın kənar hissəsi sayılan Əhmədli qəsəbəsində, Günəşlidə bir otaqlı evlərin qiyməti 50-55 min dollardan aşağı deyil. Mikrorayonlarda isə bir otaqlı evlər 60 min dollardan başlayır. Bu, köhnə binalara aiddir. Yeni binalarda isə evlərin bir kvadratmetri 750-850 manat arasında dəyişir.
Metronun “Inşaatçılar” stansiyasının yaxınlığında beşmərtəbəli binalarda üç otaqlı mənzillər 90-105 min dollara təklif edilir.
Elanlara diqqət yetirəndə görürük ki, şəhərdən kənarda, məsələn, Masazır qəsəbəsində 50 kvadratmetrlik mənzil 45 min manata təklif edilir. Mətbuat prospektində isə 130 kvadratmetrlik mənzil 185 min manatadır.
Kirayə evlərin qiyməti də dəyişib. Xətai və Nizami rayonlarında bir otaqlı mənzillərin aylıq kirayəsi 200-300 manatdır. Iki otaqlı evlərin qiyməti isə 250-350 manat arasındadır.
Ekspertlər hesab edir ki, paytaxtdakı mənzillərin qiymətinin qalxmasına səbəb söküntü işlərinin getməsidir. Insanlar verilən kompensasiya ilə özünə yeni ev almağa çalışır.
Ekspertlərin fikrincə, son dövrlər bazarda baş verən proseslərin mənzil tikintisinin tempinə göstərdiyi müsbət təsirlər nəticəsində yeni tikililərin reabilitasiya və dövriyyə imkanları ötən ilin müvafiq göstəricilərilə müqayisədə xeyli artıb. Bu isə təkrar bazara daxil olan yeni tikililər üzrə qiymətlərin artımına gətirib çıxarıb. Bütövlükdə tikintisi başa çatmış yeni tikililərdə kommunal təchizat problemlərinin həll olunması da qiymətlərin artımına təsir göstərir.
Ev axtaran vətəndaşlar da bahalıqdan şikayətlənirlər. Vətəndaşlar, hətta xarici ölkələrdə mənzillərin qiymətinin Azərbaycanda, xüsusən Bakıdakı qədər baha olmadığını bildirirlər.
Iqtisadçı ekspert Vüqar Bayramlı “facebook” səhifəsində mənzillərin kəskin bahalaşmasıyla bağlı bunları yazıb: “Keçmiş ”Sovetski” adlandırılan ərazidən 10 minə yaxın ailənin köçürülməsi planı əmlak bazarına yeni axının yaranmasına gətirib çıxaracaq. Evlərin köçürülməsi fonunda yalnız nəğd kompensasiyaların ödənilməsi “yeni evsizlərin” mənzil axtarmasına səbəb olacaq. Bu isə artıq 10 min alıcı deməkdir. Paytaxtın əmlak bazarına qısa zamanda minlərlə alıcının daxil olması isə birmənalı şəkildə tələbin yüksəlməsinə və nəticədə qiymət artımlarına gətirib çıxaracaq”.
Iqtisadçı qeyd edib ki, bu baxımdan, ötən il mənzil bazarında müşahidə edilən artımların 2014-cü ildə də davam edəcəyi gözlənilir: “Kompensasiyaların məbləğini nəzərə alaraq, Bakıda mərkəzə yaxın rayonlarda əsasən 2 otaqlı mənzillərə, nisbətən kənar ərazilərdə isə 3 və daha çox otaqlı evlərə tələbatın artacağı gözlənilir. Kompensasiya məbləğlərinin şəhərin mərkəzindəki evlərə tələbat yaratmamasına baxmayaraq, əmlak bazarındakı qiymət artımlarının paytaxtın mərkəzi hissələrinə də nüfuz edəcəyi proqnozlaşdırılır”.
V.Bayramov kəskin qiymət artımının yaranmaması üçün təkliflər də verib: “Əslində, Bakının yeniləşməsinin qiymət artımlarına gətirib çıxarmaması üçün vətəndaşlara nəğd şəkildə kompensasiyalar deyil, onların sökülən evlərinin müqabilində uyğun mənzillərin təklif edilməsi daha məqsədəuyğundur. Bu zaman, otaqların sayına uyğun olaraq, yaxın ərazilərdə uyğun mənzil təklif edilə bilər. Oxşar təcrübədən Rusiya və Qazaxıstanda istifadə edilib. Bu zaman, dövriyyəyə nəğd pul kütləsi və eyni zamanda, bazara yeni alıcılar daxil olmur. Bu isə paytaxtdakı yeniləşmə planlarının məzil bazarına təsirlərini minimumlaşdırır”.
Ramin DEKO


