Əli İnsanov hakimləri ayağına gətirtdi

Keçmiş nazirlə bağlı məhkəmə hökmü qüvvədə qaldı

«Belə qərarlarla məni sındırmaq olmaz»

Dünən Bakı Apelyasiya Məhkəməsində keçmiş səhiyyə naziri Əli Insanovun işi üzrə yekun qərar elan olunub. Insanovun 11 il azadlıqdan məhrum edilməsi barədə 2007-ci ildə Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmənin çıxardığı hökm qüvvədə saxlanılıb.
Dünən qərar elan olunarkən maraqlı olaylar yaşanıb. “Azadlıq”ın ötən sayında xəbər verdiyimiz kimi, Əli Insanov məhkəmənin qərəzli aparılmasına etiraz olaraq, prosesdə iştirakdan imtina etmiş, bu barədə yazılı ərizəsini istintaq təcridxanasının rəhbərliyinə də təqdim etmişdi. Lakin keçmiş nazir dünən məcburi qaydada məhkəməyə gətirilib. Bununla belə, o, məhkəmədə dustaqların saxlanıldığı otaqdan çıxmayaraq, prosesdə iştirakdan imtina edib. Təkidlərə baxmayaraq, Əli Insanovun məhkəmə zalına gəlmədiyini görən hakimlər məcbur olub, dustaqların saxlanıldığı otağa gediblər və qərarı da nazirə orada elan ediblər.
Əli Insanov da öz növbəsində Qədim Babayevin sədrlik etdiyi hakimlər heyətinə bildirib ki, qərar sifarişli və ədalətsizdir və ondan intiqam almaq məqsədi güdülür: “Belə qərarlarla məni sındırmaq olmaz. Mübarizəmi sona qədər aparacağam”.
Əli Insanovun vəkili Toğrul Babayev “Azadlıq”a açıqlamasında bildirib ki, Bakı Apelyasiya Məhkəməsinin qərarından birbaşa Avropa Məhkəməsinə şikayət edəcəklər: “Normalda apellyasiya məhkəməsindən sonra kassasiya instansiyası kimi Ali Məhkəməyə müraciət olunur. Amma Əli Insanovla bağlı işdə Ali Məhkəmə əvvəlcədən qərəzini ortaya qoyub. Hələ Avropa Məhkəməsinin qərarı əsasında Ali Məhkəmənin Plenumu Əli Insanovun işinə baxarkən qanunsuzluğa yol verildi. Avropa Məhkəməsinin təsdiqlədiyi pozuntu birinci instansiya məhkəməsində baş verdiyi halda, o məhkəmənin hökmü ləğv olunmadı. Çünki bu halda, Əli Insanov azadlığa buraxılmalı idi. Amma həmin hökmün qüvvədə saxlanılması barədə apellyasiya və kassasiya instansiya məhkəmələrinin qərarlarını ləğv edib, işi yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərdilər. Biz buna etiraz edib, qanunsuzluq olduğunu deyəndə Ali Məhkəmənin sədri Ramiz Rzayev belə bir fikir səsləndirdi ki, ”biz müstəqil dövlətik, Avropa Məhkəməsi bizə nəyi necə edəcəyimizi göstəriş verə bilməz”. Beləliklə, Ramiz Rzayev bəri başdan qərəzini ortaya qoydu. Apelyasiya Məhkəməsində də işə baxılarkən yenə Əli Insanovun təqsirsizlik prezumpsiyası hüququ pozuldu, istədiyimiz şahidlər dindirilmədi, hətta Əli Insanova danışmağa belə imkan verilmədi. Ona görə də faktiki Avropa Məhkəməsinin qərarı icra olunmamış qalıb. Həm qərarın icra olunmamasından, həm də Avropa Konvensiyasının 6-cı maddəsilə təminat verilən ədalətli məhkəmə araşdırması hüququnun bu instansiyada da pozulmasından Avropa Məhkəməsinə şikayət edəcəyik”.

Aytən Məmmədova