Dəliylə bir quyuya düşmək

Xalq arasında “dəliylə bir quyuya düşmək” deyimi var. Anlamına görə nə qədər ağır durum olduğunu özünüz təsəvvür edin! Bizim halımız ona bənzəyir. Çevrədə hamı o quyudan xilas yolu tapır, bizdən başqa. Yox, yenə Ukraynanı bayraq edib kimisə bezdirmək fikrində deyiləm. Quyudan çıxmaq “hər şey bitdi demək” deyil hələ. Qarşıda həllini gözləyən köklü məsələlər var və heç də asan olmayacaq…

Amma şübhəsiz ki, əsası quyudan çıxmaqdır, yəni birinci addımı atmaq. Nə zamansa belə bir hekayə oxumuşdum. Bir kəndlinin keçisi quyuya düşür. Adam “http://dilaveracder.com/” nə edəcəyini düşünüb dururkən, heyvan da dayanmadan səslənib haray salır.

Sonda kəndli heyvanın çox yaşlı olduğunu, quyunu da qapamağı planladığını fikirləşib onu çıxartmamağa qərar verir. Beləliklə, adam qonşuları yardıma çağırır. Hərə bir kürək götürüb quyuya torpaq atmağa başlayır. Heyvan nə olduğunu fərq edərək daha betər bağırmağa başlayır. Sonra birdən səsini kəsincə hər kəs çaşır. Kəndli nə baş verdiyini anlamaq üçün quyuya boylanır və gözlərinə inanmır. Keçi belinə düşən torpağı silkələyərək xeyli yuxarı qalxmış və çıxmaq məqamını gözləyir. Beləcə, bir az da torpaq atıldıqdan sonra heyvan hər kəsin böyümüş gözləri önündə quyudan çıxıb sürətlə gözdən itir.

Bizə qazılan quyu da xeyli dərindir, razıyam. Hələ bu quyunun dibində neft olunca, məsələ bir az da qəlizləşir. Belə çıxır ki, bu quyunun nefti bitməyincə bizim orada qalmaq təhlükəmiz var. Öz xoşumuzla da gedib düşməmişik o quyuya. Və dərd ondadır ki, indi üstümüzü torpaqlayıb məsələni səssizcə bitirmək istəyənlər bizi zamanında itələyib o quyuya salanlardır. Necə olsa, bizsiz yaxşı ötüşür, quyudan kənarda işə daha yararlı olanlar var. Demək, çarə qalır özümüzə. Quyudan çıxmaq üçün ya kəndiri özümüz tapmalı, ya da hekayədəki keçi kimi diribaş tərpənib öz başımızın çarəsini qılmalıyıq. 

Əslində, biz illərdir içində batıb qaldığımız kor quyudan çıxmaq üçün hamıdan çox çapalayırıq. Başımızdan keçən bəlaları görüb bilməyən yoxdur. Amma uğursuzluğumuzun da əsasları var, şübhəsiz. Məsələn, bizim insanlarımız elə ilk cəhddə hər şeyi qazanmağın mümkün olduğunu düşünür. Bu alınmayanda da, ruhdan düşüb aylarla depressiyada qalır. Hədəfə doğru yola bir atımlıq barıtla çıxmağın quyunun dibində uzun-uzun qalmağı da var axı. Bu halda hey çağırsan da kimsə sənə yardım etməz.

Başqa bir səbəb də odur ki, bizim insanları komanda oyununun uğuruna inandırmaq çətin məsələdir. Bizimki çox zaman bənövşə oyununda möhkəm əl-ələ verib, rəqib oyunçu bəndi qırmağa gələn önəmli anda qulağını qaşımaq üçün əlini buraxmağa bənzəyir. Belə olanda da kənardan elə görünür ki, hər kəs öz halından məmnundur və öz kor quyusunda oturub ulduzları sayır.

Amma istənilən halda, ümidsiz və pessimist olmağa heç bir əsas yoxdur. Hər kor quyunun dibindən belə ulduzlar görünürsə, deməli, oradan çıxmağa da mütləq bir işıq ucu var. Yetər ki, sən özün əlini üzüb quyunun dibində qalmaq istəməyəsən. Yetər ki, sən üstünə atılan torpağın altından silkələnib başını yuxarı qaldırmağa can atasan. Yetər ki, sən hər quyunun dibinə atılan Yusifin mütləq bir xilası, xilaskarı olduğundan ümidini kəsməyəsən. Sən bu ürəklə istəsən, neçə kor quyunun gözü açılar, neçə dərdin dərmanı tapılar və neçə-neçə Yusiflər haqqın taxtına sultan olar…