«Araz Əzimovun açıqlaması rəsmi Bakının Ukraynada baş vermiş dəyişiklikdən məmnun olmadığını göstərir»
Ukraynada baş verən proseslərə, ölkədəki hakimiyyət dəyişikliklərinə artıq beynəlxalq ictimaiyyətdən və ayrı-ayrı ölkələrdən reaksiyalar gəlməkdədir. Lakin Azərbaycan hakimiyyəti hələ də bu məsələdə tərəddüd edir.
Xarici işlər nazirinin müavini Araz Əzimov mətbuata açıqlamasında bildirib: “Ukraynanın vəziyyəti və ordakı hadisələrin inkişafı tək Ukraynaya xas olan və yaxud bu ölkəyə görə baş verən hal deyil. Bu gedişlər, əhvalatlar, məncə, prinsipial olaraq yaranan və formalaşan geosiyasi vəziyyət çərçivəsində baş verməkdədir”.
A.Əzimov hesab edir ki, bu əhvalatlar Ukrayna xalqının maraqlarına xidmət etmir.
Azərbaycanın Ukraynaya dost ölkə olduğunu deyən nazir müavininin sözlərinə görə, Ukraynanın stabilliyinə birbaşa Mərkəzi Avropanın stabilliyinə təsiredici faktor kimi baxılmalıdır.
XIN rəhbərinin müavini deyib ki, Avropa Birliyinin birbaşa üzvü olan ölkələr Ukraynadakı hadisələrdə maraqlı tərəf kimi çıxış edir. ABŞ və Avropa rəsmiləri dəfələrlə orda olublar. Onların səfərləri, Kiyevdəki fəaliyyətləri hadisələrə təsir etməyə bilməz. Digər tərəfdən, ifşa edilmiş və internetdə yayılmış audioyazılar müxalifətin, ayrı-ayrı şəxslərin siyasi nüfuzuna təsir etməyə bilməz. Bu hadisələr hələ ki izlənilməlidir, onların təhlili qabaqdadır.
A.Əzimovun açıqlaması Azərbaycan hakimiyyətinin bu məsələdə mövqe tutmağa tərəddüd etdiyini göstərir.
Ekspertlər Ukraynada baş vermiş hadisəni keçmiş sovetlər məkanında sovet ittifaqı dağılandan sonra ən böyük siyasi hadisə kimi dəyərləndirir. Ukraynada baş vermiş növbəti inqilab bu ölkənin sürətlə Avrointeqrasiya yolu ilə getməsinə səbəb olacaq. Baş vermiş bu hadisə faktiki olaraq Putinin keçmiş sovetlər ittifaqını bu və ya digər formada bərpa etmək cəhdlərinin əslində iflası deməkdir. Araz Əzimovun açıqlaması isə Azərbaycan hakimiyyətinin Ukraynada baş vermiş bu böyük dəyişiklikdən məmnun olmadığını göstərir.
Xatırlatmaq lazımdır ki, Ukraynada üç ay ərzində yaşanmış dramatik hadisələr Yanukoviçin Assosiasiya sazişini imzalamaqdan imtina etmsindən sonra başladı. Azərbaycan hakimiyyəti də Avropa Birliyindən olan çağırışlara baxmayaraq bu müqaviləni imzalamaq fikrində deyil.
Ekspertlər hesab edir ki, Ukraynada baş vermiş demokratik inqilab keçmiş sovetlər məkanında demokratiya mərhələsinin başlanğıcının siqnalı kimi qəbul olunmalıdır. Bu isə Azərbaycan hakimiyyətinin qətiyyən arzulamadığı bir məsələdir.
Fizzə


