Azərbaycan – “bir kişilik” ölkə

Şahdəniz, Şahdağ, Şahbulaq, Şahgöl, Şahrestoran, Şahkafe… adları ilə zənginləşən ölkəmizdə bir nəfər özünü şah elan etsə də, maşallah, məmləkətdə şahlar bolluğudur. Doğrudur, ailəliklə şah kimi açıq-aşkar kef edən bir nəfər olsa da, gizlində şah kimi yaşayanlar yüzlərlədir. Elə ona görə də xalq dəhşətli dərəcədə əziyyət çəkir: biri var boynunda biri otursun, seçkidən-seçkiyə yerə düşsün, biri də yüzlərlə boynuyoğun ailəliklə boynunda oturub kef eləsin. Yerlə göy qədər fərq var. 

“Gizlin şahlar” taxt-tacda oturan oğuldan özlərini heç də əskik kişi saymırlar. Axı bu ölkədə kişilik özəl təyyarədə uçmaqla, saysız-hesabsız şirkət sahibi olmaqla, “Ceep”in içindən diş ağartmaqla, “Rolls Roys” sürməklə, bədəni ilə məşhurlaşan müğənnini qucaqlamaqla, ayı əti yeməklə… ölçülür. Nə olsun ki, Bakının meri özü də daxil olmaqla Ilham Əliyevdən başqa heç kimi kişi saymır. Yeri gəlsə, xalqın dərisini soyub, özlərinə taxt-tac quranlar da Abutalıbovu mer saymırlar. Amma Bakının meri yaxşı bilir ki, onun haqqında kim nə fikirləşsə də, nə desə də yenə vəzifəsində qalacaq. Çünki “ol pərivəş kim, Əliyevlər mülkünün sultanıdır, hökm onun hökmüdür, fərman onun fərmanıdır”.

Eh, bir zamanlar el ağsaqqalı müdrik Dədə Qorqud əməlinə, hünərinə, ağlına görə adamlara ad qoyub “adını mən verdim, yaşını Allah versin” deyərdi, indi isə Bakını məzarlığa çevirən Hacıbala Abutalıbov “ölkədə bircə kişi var, o da cənab prezidentimizdir” deyib, sosial şəbəkələrdə şəninə “dastan” yazdırır. Yeri gəlmişkən, Azərbaycanda “kişi” sözü hörmətdən düşdüyü üçün gec-gec işlənsə də, Türkiyədə ən çox işlədilən sözdür. Məsələn, qardaş ölkədə hoteldə nömrə,  başqa şəhərə getmək üçün bilet… sifariş verəndə mütləq “kaç kişilik?” soruşulur. Kim bilir, bəlkə, Hacıbala Abutalıbov da “Azərbaycanda bir dənə kişi var – o da cənab prezidentdir” deyəndə, ölkənin “bir kişilik” olduğunu nəzərdə tutub. Bəli, mer doğru fikirləşir, Azərbaycan – “bir kişilik” ölkədir, qalanlarına yer yoxdur! Elə ona görə də adamların qəfil intiharına, vaxtsız ölməsinə şərait yaradılır ki, “bir kişilik” ölkədə darısqallıq, basabas olmasın. Ölkəni “bir kişilik” etmək üçün ən çox əziyyət çəkən Bakı meridir, o, gecə-gündüz dincəlmədən “traktor”, “ekskavator” adlı silahları ilə inadkar Bakı sakinləri ilə savaşır, hər yeri sökür-dağıdır, park salır, Heydər Əliyevinə heykəl qoyur. Nə etsin, özü demişkən, axı Heydər Əliyevimiz o dünyada bizi haqq-hesab çəkmək üçün intizarla gözləyir, yoxsa o dünyaya bizi buraxmaz. Hacıbala Abutalıbov arxayın olsun, gördüyü işlərə görə Heydər Əliyev o dünyada onu gülərüzlə qəbul edəcək və mer vəzifəsi verəcək…  

Hələ uşaqlıqdan “Azərbaycan nağıllları” sayəsində bilirik ki, acgöz, zalım şahlar həmişə var-dövlətləri, əraziləri, saxta şöhrətləri ilə fəxr ediblər: sərvətlərini daha da artırmaq, ərazilərini genişləndirmək üçün bir-birlərilə qohum olublar, görməmişlikdən varislərinə qırx gün, qırx gecə toy ediblər, yeyiblər, içiblər, yerə keçiblər. Yeni Azərbaycan şahları sayəsində həmin adət-ənənə indi də davam edir: məmur şahlar xalqın dərisini soymaqla övladlarına, nəvə-nəticələrinə, hətta kötükcələrinin çürükcələrinə də sərvət toplayırlar. Amma nə olsun, o qan qoxuyan sərvət varisləri xoşbəxt edə bilmir, “bir kişilik” ölkədə darıxan şahzadələr kədərli şeirlər yazmaqla, mahnı ilə “geri dön” deməklə, ürəyə heykəl düzəltməklə başlarını qatırlar. Neyləsinlər, yoxsa darıxmaqdan çatlayarlar. Heç gördünüzmü, maaşla, təqaüdlə dolanan bir insan darıxmaqdan şikayətlənsin? Iş-güc, problemlər əlindən başını qaşımağa vaxt tapa bilməyən, bütün günü qarışqa kimi ora-bura qaçan adam darıxmağa axı hardan vaxt tapsın, mümkün deyil. Şəxsən mən, sonuncu dəfə nə vaxt darıxdığımı unutmuşam. Məncə, bu dünyada bir qarışqalar darıxmır, bir də qarışqalaşan azərbaycanlılar.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Ilham Əliyevin qızı rəssam, heykəltaraş, şairə Leyla Əliyevanın “mən səni milyard dəfə öpmək istəyirəm” şeirindən təsirlənərək atasına yenicə yazdığım məktubdan kiçik bir hissə ilə köşəni  tamamlayıram: Ilham Əliyev, səni milyard dəfə tənqid etmək istəyirəm, heyf ki, vaxtım yoxdur: toyuq-cücəyə dən səpməliyəm, yoxsa yumurtlamazlar. Inəyə ot verməliyəm, yoxsa süddən kəsilər, qatıq qoya bilmərəm. Suyumuz da gəlmir, uzaqdan su daşımalıyam. Qaz yerli-dibli yoxdur, odun doğrayıb uşaqlara yemək bişirməliyəm… Ilham Əliyev, səni milyard dəfə tənqid etmək istəyirəm, heyf ki, çox sürətlə gedirik, çatdıra bilmirəm. Dayan Azərbaycan! Tələsmə, dincəl, onsuz da uçuruma gedirik…