Tələbə hərəkatı üçün qığılcım

Məzunu olduğum universitetdə bu həftə baş verənlər o qaynar illəri xatırlatdı. Bu sehrli qapıların arxasından güclü bir dalğa kimi çıxıb, qarşısıalınmaz fırtınaya dönən və qısa zamanda yetmiş ilin qartımış imperiyasını yuyub aparan tələbə hərəkatını. Əslində, hər şey buna bənzər baş vermişdi. Bir az motivlər fərqlidir, bir az da zaman. Amma etirazçı gəncliyin gözündəki işıq heç dəyişməz. Mən də o gözlərdəki işıqda gənclik rəsmimizi görmüş kimi oldum, doğrusu. 

Yaşadığımız zamana görə, dünyanın simasını dəyişən tələbə hərəkatları haqqında kitablardan oxuduqlarımızı paylaşmağa dəyməz. Bu tarixin iştirakçısı və yaradıcısı biz özümüz olmuşuq elə. Hər şey anbaan gözlərimizin qarşısında baş verib. Tələbə hərəkatları tarix boyunca davam edəcək hər halda. Bunu zamanın diktəsi belə deyir. Dəyişim, yeniləşmə, ədalətli həyat və müasirlik istəyir bunu. Gəncliyin coşub-daşan enerjisi, azadlıq havasına köklənmiş ruhu və haqsızlıqla barışmazlığı istəyir.  

Bakı Dövlət Universitetinin qarşısındakı etiraz dalğasına başqa təhsil ocaqlarının tələbələri də dəstək verib. “Kəsir üçün pul verməyək” aksiyası illərdir bu universitetlərdə baş alıb gedən haqsızlıqlara qarşı bir alov püskürməsi idi. Dayaz təhsil səviyyəsindən başqa, rüşvət, yüksək ödəniş haqları, açıq fikirli gənclərin güdülməsi və sıxışdırılması başqa bəlalarıdır təhsil ocaqlarımızın. Partlayış bir gün baş verməliydi, şübhəsiz. Amma bütün bu naqisliklərə göz yuman və şərik olan rəhbərlik nəticə çıxarmaq istəmdi. Gəncləri sakitləşdirib görüşə çağıran rektor onları universitetdən qovmaqla hədələdi və ən “diliuzun” fəal Hüseyni də güdükçülərinə “götürmək” əmri verdi. Cənab rektor böyük səhv etmiş oldu. Bu, yanğının üstünə körüklə getməkdən başqa bir şey deyil. Kimsə Ukrayna hadisələrindən dərs çıxarmaq istəmir anlaşılan.

Xatırlayırsınızsa, tam bənzər tələbə hərəkatı iki il öncə Kanadanın Kvebek (Qubec) əyalətində başlamışdı. O yanğının fitilini çəkən də 2011-ci ilin noyabr ayında tələbə ödənişlərini 5 il ərzində 75% artırmağa qərar verən hökumət olmuşdu. Bu isə 1800 dollar olan illik ödəniş xərclərinin 3000 dollara qədər artırılması demək idi. 2012-ci ilin 13 fevral günü Laval Universitetində aclıq aksiyası ilə başlanan etiraz bir ay sonra 170 min nəfərlik bir hərəkata döndü. Təbii ki, müdaxilələr, həbslər, yaralananlar oldu. Etiraz aksiyasının 3-cü ayında 10 yaralı, 300 gözaltı qeydə alındı.

Amma getdikcə böyüyən və bütün dünya mediasına gündəm olan etiraz qarşısında hökumət geri çəkilmək məcburiyyətində qaldı. Əvvəlcə güzəştə getməyəcəyini bəyan edib, sonra  tələbələrlə danışıqlar masasına oturmağa razılaşdı… 

Siyasi analitiklər bu hərəkatdan sonra Kvebekdə yeni bir mərhələnin başlandığını etiraf edirlər. Tələbələrin təhsil haqlarının artırılmasına etiraz kimi başladılan bu dalğa, bütünlükdə xalqı hərəkətə gətirən bir qığılcım oldu. Hərəkatın gedişində üç nüfuzlu gənclik təşkilatı yarandı və onların arasından fəal siyasətlə məşğul olacağını bəyan edən çox sayda parlaq gənclər çıxdı meydana. 

Tarix həm də dərs almaq üçündür. Yaxın, uzaq keçmiş gəncliyin gücünə qarşı dayanmağın mümkün olmadığını dönə-dönə isbatlayır. Ona görə, BDU-dan başlayan tələbə etirazını ciddiyə almamaq, olanlardan dərs çıxarmamaq və gəncləri susdurmaq cəhdləri onların gücünü gözardı edənlərin özünə ziyandır. Bu qədər gərginliklə Azərbaycanda Kvebekə bənzər tələbə hərəkatının başlanması an məsələsi ola bilər.