Əli Insanovun işi üzrə Apellyasiya məhkəməsi başa çatmaqdadır. Bu “məhkəmə” adı verlən prosesi canlı olaraq izləyən şəxs kimi, bəzi müşahidə və qənaətlərimi yazmalıyam.
Ən mühüm an: hakimiyyət Əli Insanovu dinləmək gücündə olmadı.
Bunun adını qorxaqlıq da qoya bilərik. Fakt budur ki, hakimiyyət Insanovun təkcə səsindən qorxmur, onun görünüşü də qorxu yaradırdı. Təsadüfi deyil, ilk dəfədir ki, mühakimə olunan şəxs şüşə qəfəsə salınırdı.
Ancaq bu da son deyildi. Şüşə qəfəsin qarşısında məhkəmə nəzarətçiləri dayanaraq, Insanovun mimikasınıdan, jestlərindən gələn mesajları da əngəlləyirdilər. Bu, əslində, tam qapalı proses idi.
Arxalarını Əli Insanova çevirib, onun önündə ətdən sipər çəkən nəzarətçiləri zalda olan yoldaşlardan biri gözəl xarakterizə etdi. O dedi ki, bu, çox simvolik hadisədir, Azərbaycanda alimə, akademikə arxa çevrilib.
Elə bu məqamda bir faktı təkrarlamağı vacib sayıram. Ilham Əliyev tarixə akademiki həbs etdirən yeganə rəhbər kimi düşüb.
Heç şübhəsiz ki, vəziyyətin belə hal almasında Insanovun da böyük məsuliyyəti var və o, özünü buna görə lənətləyib də…
Insanovun məhkəmə boyunca çıxışlarını hakim əlinin altındakı düyməni basaraq kəsirdi. Şüşə kabinədən kənara səs çıxması üçün hakim pultla komanda verməlidi, bu da çox ürəkağrıdan mənzərə yaradırdı. Təsəvvür edin, içəridə danışır, amma xəbəri yoxdur ki, çöldə onu eşitmirlər. Sanki səsi alınmış televizora baxırsınız…
Hətta bəzən belə olurdu; Insanov öz vəkillərinə fikrini əli ilə şüşədə hərf çəkərək çatdırırdı.
Və “məhkəmə” adlanan bu biabırçılıq – “proses yüksək səviyyədə təşkil olunub, hər şey qayda-qanunla aparılır”.
“Qırmızı yalan” deyilən şeyi mən bu prosesdə gördüm.
Azərbaycan hakimlərinin öz səlahiyyətlərinə necə məsuliyyətsiz yanaşdığını, gələcəklərindən necə arxayın olduqlarını da eləcə…
Özümə sual da verdim: Niyə insan gözü ilə gördüyü, əli ilə toxuna bildiyi hadisələrdən ibrət ala bilmir? Bu gün ali hakimiyyətdən sifariş alıb absurd məhkəmə keçirən hakim görəsən, Əli Insanovun aqibətindən sığortalandığına hardan və niyə əmindir? Bir gün o da hansısa səbəbdən hakimiyyətin gözündən düşəndə necə olacaq?
Görünür, hər kəs öz daxilində korafəhm qaydada özünün öləcəyinə inandığı kimi, avtoritar sistemə qulluq edənlər də belə zənn edir ki, əbədi və əzəli olaraq, hakimiyyətin sevimlisi qalacaqlar.
Həyat isə onları həmişə məyus edir. Necə ki, Toro yazmışdı: “Aqibətini zülmkar hakimiyyətə bağlayanlar gec-tez rüsvay olacaqlar”.
Öskürək şousu
Həyat doğrudan da öz şıltaqlığı ilə adamı bəzən çox ağır sınaqlar qarşısında qoyur. Məsələn, Insanovun son məhkəməsindəÿ”Azadlıq” qəzetinin əməkdaşıÿ Aytən Məmmədovanı qoyduğu kimi…
Deməli, Əli Insanovun məhkəməsinə girəndən Aytən xanımın faringiti tutdu, öskürək onu faktiki boğurdu.
Prosesdə isə belə bir maraqlı hal oldu, Insanov Ilham Əliyevin adını çəkən kimi hakim onun mikrofonunu söndürürdü. Insanovun səsi kəsiləndə o, kabinənin qapısına yaxınlaşıb qışqıraraq nəsə deyirdi ki, jurnalistlər eşitsin. Bu vaxt zaldakı “MTN-şiklər” başlayırdılar xorla öskürməyə.
Aytən də onlara qoşulurdu.
Məhkəmə sonrası dedim ki, Aytən, nə edəcəksən? Bu “öskürək şousu”nu yazmasan, reportajın dadı olmaz. Insanovun səsini batırmaq üçün nəzarətçilər qəsdən öskürürdülər, bunu yazsan, yapışacaqlar yaxandan ki, ay bacı, bəs sən niyə öskürürdün?
Demək istəyirəm ki, həyat qəddardı, yoldaşlar, adama bəzən özü də istəmədən düşmən dəyirmanına su tökdürür.
Abel Məhərrəmov üçün şükr edirəm!
Və sonda bir zamanlar “Əli Insanov bizim ağsaqqalımızdır” deyən, Insanov həbs olunan kimi ona qarşı ilk bəyanat verənlərdən olan akademik Abel Məhərrəmov barədə…
Iki gündür sosial şəbəkələr dağılır ki, Abel Məhərrəmov BDU-da rüşvətxorluq olduğunu deyən tələbəni məhkəməyə verəcəyilə hədələyib.
Çoxları bu hadisədən narahatdır. Mən isə çox şükr edirəm. Abel Məhərrəmov mənim üzvi kimya müəllimim olub. O, məsələn, belə də deyə və edə bilərdi: “O tələbəni tutun, boğazına ərinmiş qurğuşun, gözlərinə sulfat turşusu tökün, axırda da özünü nitrat turşusunda yandırın”.
P.S. Əvvəl Vasif Talıbovu qınayırdıq ki, ondan Bakıya şikayət edənləri dəlixanaya saldırır. Akademiki Abel Məhərrəmov olan hakimiyyətin Vasif Talıbovundan çox böyük təmənnalarımız olmamalıdır.