Heydər Əsədov İsmət Abbasovun kadrlarını “vurur”

Dövlət Baytarlıq Xidmətindəki yoxlamanı da nazir təşkil elətdiribmiş

Kənd təsərrüfatı naziri Heydər Əsədov sələfi Ismət Abbasovun Dövlət Baytarlıq Xidmətindəki kadrlarını “vurur”. Bu barədə redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Dövlət Baytarlıq Xidmətində Hesablama Palatası tərəfindən aparılan yoxlama da Heydər Əsədov tərəfindən təşkil olunub.

Məlumat üçün deyək ki, bu yoxlama ilə bağlı Hesablama Palatasının fevralın 14-də keçirilən kollegiya iclasında Hesabat və Rəyləri müzakirə olunaraq təsdiq olunub. Yoxlama nəticəsində Dövlət Baytarlıq Xidmətinin Təsərrüfat Hesablı Baytarlıq Təchizatı Birliyinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, etibar edilmiş dövlət əmlakından, o cümlədən ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə halları, dövlətə və ayrı-ayrı vətəndaşlara külli miqdarda zərərin vurulması faktları müəyyən edilib.

Qeyd edək ki, Heydər Əsədov kənd təsərrüfatı naziri olmamışdan əvvəl Hesablama Palatasının sədri idi. Onun bu quruma hələ də təsir imkanları qalır.

Məlumatda bildirilir ki, yoxlamadan sonra Heydər Əsədov Dövlət Baytarlıq Xidmətində Ismət Abbasovun kadrlarından təmizləməyə start verib. 

Ümumiyyətlə, o, kənd təsərrüfatı naziri təyin olunandan sonra qurumda Ismət Abbasova yaxın adamları işdən çıxarmağa başladı. Az sonra proses səngidi. Lakin sonradan Heydər Əsədov nazirlikdə “qlobal dəyişiklərin” anonsunu verdi. Görünür, Heydər Əsədov nazirlikdə Ismət Abbasovun kadrlarının mövcudluğunu “qlobal problem” hesab edir, bu baxımdan da “qlobal dəyişikliy”ə zərurət görüb.