Mehman Sadıqov: “ Bu məlumat gülünc və tamamilə absurddur”
Həbsxanada olan sabiq deputat Gülər Əhmədovaya qorxu və təhdid dolu mesajlar göndərilib. Bunu ANS PRESS-ə açıqlamasında Milli Məclisin sabiq üzvü G.Əhmədovanın vəkili Əfsər Talıbov söyləyib.
O, bildirib ki, ötən gün müvəkkili Gülər Əhmədova ilə görüşüb. Bu zaman Gülər Əhmədova ona hədə-qorxu dolu mesaj aldığını söyləyib. Onun sözlərinə görə G. Əhmədova bu mesajı qadınlar üçün nəzərdə tutulan cəzaçəkmə müəssisəsindən alıb. Mesajda isə G. Əhmədovanın hədələndiyi əks olunub: “Bu həbsxanaya gəlsən səni öldürəcəyik, sən özünü ölmüş bil”.
Əfsər Talıbov Gülər Əhmədovanın “qadın koloniyasından” olan məktubu aldıqdan sonra səhhətinin daha da pisləşdiyini də sözlərinə əlavə edib.
Prinsip etibarilə Gülər Əhmədova belə bir mesajın gəlməsi mümkündür. Ancaq, belə hal mövcuddursa, bunu araşdırmaq, məktubun kimdən gəldiyini müəyyənləşdirmək də mümkündür. Digər tərəfdən belə fikrin ortaya atılması Gülər Əhmədovanın şəxsi təşəbbüsü də ola bilər. Mümükündür ki, Gülər Əhmədova cəzaçəkmə müəssisəsinə getməyi özü üçün təhlükə hesab edir və bu yolla təhlükəni əngəlləmək istəyir.
Səslənən fikirlərə aydınlıq gətirmək üçün Penitensiar xidmətlə əlaqə saxladıq. Penitensiar xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov belə bir fikrin səsləndirilməsini gülünc hesab etdiyin bildirdi: “ Mən səslənən fikri şərh etməyə də ehtiyac duymuram. Mən inanmıram ki, kimsə belə bir təşəbbüsdə bulunsun və bu məsələni gülünc hesab edirəm. Eyni zamanda bütün təqsirlənən şəxslərin təhlükəsizliyi tam təmin edilir və bundan sonra da təmin ediləcək. Bu məlumat tamamilə absurddur. Tərəfimizdən araşdırılma aparılıb və qətiyyətlə deyə bilərəm ki, belə bir məktub göndərilməyib”.
Akif


