İsa Qəmbər getsin, ya getməsin?

Müsavat üzvləri Arzu Səmədbəylinin təklifi ilə razı deyil

Gülağa Aslanlı: «Nizamnamədə elə bir dəyişikliyin olmasını məqsədəuyğun hesab etmirəm»

Bu arada Müsavat Məclisinin sədri Arzu Səmədbəyli “Media forum” saytına müsahibəsində qurultayda eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayan maddənin çıxarılmasını təklif edəcəyini deyib. A.Səmədbəyli Müsavatda əksəriyyətin Isa Qəmbərin başqanlıqdan getməsinin əleyhinə olduğunu da qeyd edib. 

Bununla yanaşı artıq başqan olmaq iddiasını ortaya qoyan şəxslər də öz mövqeyində israrlıdır. Bu şəxslər partiya rəhbərliyində təmsil olunanlardır. Belə olan halda Məclis sədrinin bu təklifi partiya rəhbərliyində təmsil olunan digər şəxslər tərəfindən necə qarşılanır?

Müsavat başqanının müavini Gülağa Aslanlı Müsavatın demokratik partiya olduğunu deyir. Hər kəsin təklif irəli sürmək səlahiyyəti və hüququ var. Ona görə də belə bir təklifin ola biləcəyi gözləniləndir. Amma təklifin necə dəstəklənməsi tamam başqa məsələdir. Çünki o təklifi əksəriyyət dəstəkləsə və nizamnamədə belə dəyişiklik olsa, Isa Qəmbər namizədliyini vermək fikrində deyil. Ona görə də təklif qəbul olunsa, gələcək başqanlara aid ola bilər. 

G.Aslanlı ümumiyyətlə nizamnamədə elə bir dəyişiklik olunmasını məqsədəuyğun hesab etmir. 

Müsavat Məclisinin üzvü Hüseyn Məlikov isə nizamnaməyə belə bir dəyişikliyin edilməsinin tərəfdarı olduğunu deyir. Amma belə bir dəyişiklik gözlənilmir. Çünki artıq namizədlər öz mövqeylərini bildirib. Başqan isə namizədliyini irəli sürməyəcəyini, hətta namizədliyini irəli sürüləcəyi təqdirdə geri götürəcəyini deyib. 

H.Məlikov başqanlığa namizədlər arasında seçimini etdiyini də bildirdi: “Başqanlığa namizədlər arasında Qubad Ibadoğlunu dəstəkləyəcəm. Çünki Qubad bəy birləşdirici fiqurdu, dağıdıcı fiqur deyil. Hesab edirəm ki, Müsavata bu gün məhz birləşdirici fiqur lazımdı. Ziyalıdır, Müsavatın dəyərlərindən biridir. Intellektual səviyyəsi çox yüksəkdir. Indiyə qədər Müsavat partiyasının daxilində heç bir konfliktdə iştirak etməyib. Konflikt sevməyən adamdır. Ona görə də onu dəstəkləyəcəm və təbliğatçısı kimi də çıxış edirəm”.

Fizzə