Bizim hamımızı elə qovarsınız ki…

“Səni buradan elə qovaram ki…” – bunu dünən tələbələrlə görüşüdə BDU rektoru Abel Məhərrəmov ondan qiymət alması üçün rüşvət istənildiyini, rüşvət vermədiyi üçün də imtahandan kəsildiyini deyən şəhid qızı olan bir tələbəyə söylədi.

Həm də yüzlərlə tələbənin, müəllimin, jurnalistin, foto və video reportyorun gözü önündə.

“Səni buradan (yəni universitetdən – E.A) elə qovaram ki, bir də izin burada görünməz” – buyurun, bu da sizə rektor üslubu.

Bir universitet rəhbərinin belə danışmaq lüksü varmı?

Hələ üstəlik, özünü alim, elm xadimi zənn edən biri bu cür necə danışa bilər?

Bir universitet bu qoçu təfəkkürü ilə necə idarə oluna bilər? Ki, zatən idarə edilmədiyi, bazara çevrildiyi də göz önündədir.

***

Əslində, Abel Məhərrəmovun üslubu Azərbaycan üçün əsla yad deyil.

Bu, 20 ildir ölkəni yönəldən, ona istiqamət verən üslubdur.

Bu, alimi iclasdan qovan üslubdur.

Bu, “metro da mənim obyektimdir, nə istəyirəm, onu da edirəm” deyən Tağı Əhmədov üslubudur.

Bu, hansısa bədii əsərinə görə bir yazıçının ünvanına “onu Azərbaycandan qovmaq lazımdır” deyən YAP-çı deputat Nizami Cəfərov üslubudur.

Azərbaycanda başında dayandığı idarəyə, təşkilata, müəssisəyə, nazirliyə, komitəyə… dədə mülkü, öz şəxsi obyekti, bostanı kimi baxmayan bircə məmur göstərə bilərsinizmi?

Bəs vətəndaşa qapısının qulu, nökəri, köləsi, rəiyyəti kimi deil, elə vətəndaş kimi yanaşan, vətəndaşı özünün yox, özünü vətəndaşın xidmətçisi sayan bir məmur necə?

Göstərə bilməzsiniz. Çünki yoxdur.

Niyə? Ona görə ki, bu ölkədə ən xırdabuynuzlusundan ən iribuynuzlusunadək heç bir məmur oturduğu məqama yalnız biliyinin, bacarığının, savadının, istedadının sayəsində gəlməyib. O, bu gün ona görə həmin məqama əyləşib ki, rəhbərə sədaqətlidir, yumurtadan yun qırxa bilir, bu bazar idarəetməsinin cikinə də bələddir, bikinə də. Vəssalam.

Nəticə?

“Səni elə qovaram ki…”

***

Bəli, təkcə o haqqını istəyən tələbəyə ünvanlanmayıb bu mesaj.

Bu mesaj hazırkı hakim sistemin bütün mahiyyətini ifadə edir.

Dəfələrlə yazdıq: biz bu ölkədə kirayədə yaşayırıq, hamımız bir növ kirayənişinik, istədikləri vaxt qolumuzdan tutub bayıra ata bilərlər.

Bizdən tələb edilən çox sadədir:

Dinmə! Danışma!

Göz yum!

Taleyinlə barış!

Aqibətinlə razılaş!

Etiraz eləmə, şükr elə!

Razılaş!

Üzüyola, başıaşağı ol!

Söyənə dilsiz, döyənə əlsiz ol!

Sorğulama!

Hesab istəmə!

Təriflə, mədh et! Əyil, alqışla, çəpik çal!

Yox, xoşun gəlmirsə, onda buyur, bas bayıra!

***

Etiraz insanın ən doğal haqqıdır.

Bir ölkənin nə qədər, dünyəvi, çağdaş, sivil, modern ölkə olduğu o ölkədə susan deyil, danışan…

Razılaşan deyil, sorğulayan insanların sayı ilə ölçülür.

Hansı ki, Əliyevçi rejim üçün o insanlar insan deyil, ünsürdür, elementdir, naftalin iyi verəndir.

Düşmən dəyirmanına su tökəndir, “bizi sevməyən qüvvələrə” işləyəndir.

Xalq düşmənidir, vətən xainidir.

Bax, elə buradan Azərbaycanda hakim olan sistemin əslində çağdaşlığa, tərəqqiyə, bəşəriliyə qarşı olduğunu görmək mümkündür.

Və bax elə buna görə Abel Məhərrəmovların, Tağı Əhmədovların, Hacıbalaların, Siyavuşların, Mübariz Qurbanlıların üslublarına, leksikonlarına, davranışlarına təəccüblənməmək lazımdır.

Onlar başqa cür, sadəcə bacarmırlar, bacara da bilməzlər!

***

Abel Məhərrəmovun dünənki sözlərini eşitdikdən sonra həm də sevindim.

Sevindim ki, əslində, nə yaxşı BDU-dan Rəsulzadənin adını götürüblər. Nə yaxşı!

Bu cür zehniyyətə malik redaktoru olan bir universitetin Rəsulzadə adını daşıması Cümhuriyyət qurucusuna həqarətlərin ən böyüyü olardı.