“İstintaq”ı işverənlər aparır…

…Agent kəlməsini eşidəndə əvvəllər gözlərimiz önündə sınmaz, cəsarətli, hər cür ekstremal şəraitə uyğunlaşan, nəhayət öz idealları uğrunda canından keçə biləcək qəhrəman canlanır. Bu haqda kitablar yazılıb, filmlər çəkilib, nəhayət arxivlərdə saysız-hesabsız materiallar mövcuddur. Tanış olduqca heyrətini gizlədə bilmirsən. Yaxalandığını hiss edən rezidentin inanılmaz soyuqqanlılıqla özünü öldürməsi, onun gözlərinı belə qırpmadan öz Vətəni, ideyaları uğrunda canına qıya bilmək bacarığı onların yüz minlərin içindən seçildiyinə parlaq misaldır.

…Elə Bakıda doğulan, 30-40-cı illərdə Yaponiyada diplomat kimi çalışan Rixard Zorgeni götürək. Anası ukraynalı, atası alman olan bu şəxs sovet kəşfiyyatçısı idi. Ikinci dünya müharibəsi zamanı Moskvaya ötürdüyü məlumatların qiymətini dillə ifadə etmək mümkün deyil. Almaniyanın SSRI-yə hücumunun, Yaponiyanın müharibəyə qoşulacağının dəqiq tarixləri, Hitler Almaniyası üzərində qələbəyə gətirib çıxardı desək, bəlkə də yanılmarıq. Sovet qoşunları Şərqdəki kontingentin əsas hissəsini məhz Zorgenin informasiyalarına əsasən Qərbə köçürmüşdü… Zorge o qədər mətin və dözümlü insan idi ki, qəza törətdikdə belə özünü itirməmiş, məxfi sənədləri gizlədərək, onu digər kəşfiyyatçı yoldaşına ötürməyi bacarmışdı. Rixard Zorgeni yaponlar yalnız 4 il izləyəndən sonra ələ keçirə bildilər.  Təsəvvür edirsinizmi, ilk radioqrammanı 1937-ci ildə ələ keçirən yaponlar onu yalnız 1941-ci ilin sonunda yaxalaya bildilər. Ondan oncə yaxalanan radist Maksın etirafı olmasaydı, bəlkə də onu yaxalamaq mümkün olmayacaqdı. …Təəssüflər olsun ki, 20 ildir ki, Azərbaycanda elə bir nəsil yetişir ki, “agent”lə “işverən” məfhumlarını bir-birindən ayıra bilmir. Maraqlıdır ki, bu günə qədər milli təhlükəsizliyimizlə məşğul olan xidmətlərimiz, xarici dövlətlərə işləyən agentləri yalnız bir kəsimin içərisində axtarmaqdan yorulmurlar. Heç bir dövlət idarəsinə girişi olmayan, rejimə qarşı kəskin münasibət bəsləyən müxalifət liderləri, yazarlar heç bir əsas, arqument olmadan az qala “xalq düşməni” elan edilir.

Əslində xaricə işləyən agentləri iqtidar nümayəndələri arasında axtarmaq lazımdır, təsəvvür edin, mal-mülkləri, hətta balaları belə xaricdədir. Onları ələ almaq qədər asan bir şey yoxdur, iki kupça sənədinin yayılmaması üçün hər şeyə hazırdırlar… Kimə deyirsən?.. Götürək elə Xədicə Ismayıla olan gülməli ittihamları. Başda prezident Ilham Əliyev olmaqla, digər nazir-oliqarxların xaricdəki mal-mülkünü araşdıran bu cəsarətli jurnalist hazırda Azərbaycan hüquq-mühafizə və xüsusi xidmət  orqanları və “həmkarlar”ının hədəfindədir. Qəribədir ki, bu işdə “marağı” olan ikincilər artıq istintaqı “başa çatdırıblar”, artıq müxtəlif ssenarilərin konturları görünməkdədir. Əvvəlcə Xədicə Ismayıl “ifşa” edilir, daha sonra isə, ictimaiyyətə Ilham Əliyevin və nazir-oliqarxların “məsumluğu” təqdim olunur.

Bu tapşırığı yerinə yetirəcək telekanalın da, qəzetin də, saytların da adı bəllidir. Yəqin ki, siz də hiss edirsiniz, bu üç istiqamət arasındakı “məsafə” get-gedə qısalır, onların arasındakı buzlar “əridilir”, anlayacağınız tam bir “işverən” həmrəyliyi… Hadisələr isə, getdikcə bu janrda çəkilmiş fransız komediyalarını xatırlatmağa başlayır… …Yəqin ki, mətbuatdan, eləcə də sosial şəbəkədən keçmiş MTN işçisinin “ötürdüyü” “verbovka” protokolu ilə tanışsınız. Adlar pozulub, onu təqdim edən işdən çıxıb, ən əsası isə, bu, dövlət sirri-filan belə deyil. Orda MTN müxalifət içərisində olan agentinə ayda 600 manat verir ki, qanuni fəaliyyət göstərən partiyalar arasında pozuculuqla məşğul olsun(!). Dövlət pullarını nəzərdə tutulmayan bir istiqamətə yönəldilməsi, üstəlik, bu sənədin necə sızmasını araşdırmalı olduqları halda görün bunlar neylədilər?.. Digər tərəfdən isə, aylarla sosial şəbəkədə yayılan “dövlət sirri”i birdən-birə aktuallaşmasıdır. Şəxsən mən Ermənistanda fəaliyyət göstərən agentimizin (gözəl səslənir deyilmi? – X.Ə.) taleyindən narahat olmağa başlayıram. Mənə elə gəlir ki, sənədin yayılmasına səbəb… MTN-nin sabiq  əməkdaşı ilə “verbovka” olunmuş agent arasında olan pul söhbətidir. Agent, əvvəlcədən razılaşdırıldığı kimi, ona veriləcək pulun bir neçə ayını əməkdaşa verməkdən imtina edib və məsələ böyüyüb. Nəticədə əməkdaş işdən azad edilib, agentlə də əməkdaşlığa son qoyulub. MTN əməkdaşının da bununla ürəyi soymayıb, o, özündə saxladığı sənədi mətbuata ötürüb…

…Ermənistanda agentimizin olmasına gəldikdə isə, mən buna  həm sevinər, həm də təəccüblənərdim…