İşsizlik, aclıq və yanğın…

Bu ölkədə yaşayan gənclərin halı ürək yandırır. Hər şeydən öncə, gözəl illərini ağır məişət problemlərinin, iş axtarışının, maddi sıxıntıların cəngində yelə verdiklərinə görə. Baxın, hamımızın çevrəsində bəlkə onlarla belə oxumuş, ağıllı, sağlam düşüncəli işsiz gənc var. Bəzən bu qızıl kimi, pırıl-pırıl gənclər diplom əllərində illər boyu qapı-qapı gəzmək, ya da çarəsizlikdən lap ucuz, təhsillərinə yaraşmayan qara işlərdə çalışmaq məcburiyyətində qalırlar. Iş bölgüsünün qabiliyyətə görə dəyərləndirilmədiyi yerdə, bundan artıq gözləyəcək bir şey də yox.

Ölkədə iş bolluğu olduğunu söyləyənlər də var. Nədənsə, biz bu bolluğu görə bilmirik axı. Görünən mənzərə isə budur: dövlət idarələrindəki normal işlərə hər adam yaxın düşə bilməz, onlar yalnız “adamı” olanlar üçündür. Xüsusi brendli özəl şirkətlərin qapısını döymək üçünsə xüsusi keyfiyyətlərin olmalıdır. Ən azı, əlavə iki dil bilməlisən, həm də mükəmməl səviyyədə. Buyurun, bu şərtlər daxilində iş tapın görüm, necə tapırsınız. Xarici dil bilmək bir insan üçün üstünlük də sayıla bilər, intellektual dərəcə də. Amma öz ölkəsində normal iş tapmaq üçün insanların qarşısına mütləq mənada əlavə dil bilməsi şərtinin qoyulmasını da ədalət prinsipinin tapdanması kimi qəbul edirəm.

Hələ bunlar nədir ki… Bu ölkədə gözüaçıq, azad fikirli, haqqının davaçısı olan gənclərə aylıq çörəkpuluna çatacaq işləri də çox görürlər. Artıq üç gündür ki, Bakıda Teymur Kərimov adlı bir gənc haqsız yerə işdən çıxarılmasına etiraz olaraq aclıq aksiyası keçirir. Teymur Kəlbəcərdən olan məcburi köçkündür. Ailəsi ilə Bakıda yaşayır. Üç övladı var. O da ali təhsilinə baxmayaraq, dolanışıq üçün az maaşlı işlərdə çalışmaq məcburiyyətində qalan gənclərimizdəndir. Amma bu işlərdə ona rahatlıq versəydilər, nə vardı ki… Sonuncu iş yeri “Azəryolservis”dən onu qış məzuniyyəti bəhanəsilə çıxarıblar, sonra da işə bərpa etməyiblər. Işinə bərpa olunmaq üçün bütün səlahiyyətli orqanlara, o cümlədən Kəlbəcər RIH-nin başçısına müraciət edən Teymur heç kəsdən müsbət cavab ala bilməyib.

Dünən aclıq aksiyasına davam edən gənc “facebook” səhifəsində bildirib ki, haqlı tələbi yerinə yetirilmədiyi halda, özünü yandıraraq intihar edəcək. Teymur həm də AXCP Gənclər Komitəsinin üzvüdür. Onun iş məsələsi ilə bağlı yaranan əngəllərə siyasi mənsubiyyəti də təsir göstərməmiş deyil. Hamımız ölkədə müxalif cəbhədən olmağın və bu yola sadiq qalmağın məhrumiyyətlərini bilirik. Amma indi ölkə problemlərlə o qədər yüklənib ki, ayrı-seçkilik dairəsi əhalinin böyük çoxluğunu əhatə edir. Baxımsız, qayğısız, taleyin ümidinə buraxılmış insanların intihar siyahısı hər gün genişlənir.

Indi bu sıraya daha bir nəfərin girmək təhlükəsi var. Illərdir ölkədəki ədalətsizliklərə qarşı dönmədən mübarizə aparan bir gəncin də bu həddə çatması vəziyyətin necə vahiməli olmasından xəbər verir. Amma biz Teymurun da o yanğın siyahısına düşməsinə yol verməməliyik. Onun həyatı üçün səfərbər olub, bivec qurumları, səlahiyyətli şəxsləri hərəkətə gətirməliyik. Biz susqun əmək hüquqları təşkilatlarının dilini açmalı, həyatı təhlükə qarşısında olan daha bir insanı alovlara təslim etməməliyik. Bunu bacarmasaq, baş alıb gedən çarəsiz intiharların qarşısına keçməsək, o yanğının alovları çox uzaqlara gedəcək və günahsız insanların vəbalı həm də bizim boynumuzda qalacaq.