AXCP sədri Əli Kərimli partiyanın Qadınlar Şurasının sədri, Ali Məclisin Rəyasət Heyətinin üzvü Solmaz Hüseynovanı yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:
Milli Azadlıq Hərəkatının, AXCP-nin veteran üzvü, fəal, vətənpərvər, əqidəli cəbhəçi, mehriban insan, səmimi dost, alicənab, mehriban xanım, istedadlı alim, əsl vətəndaş və ziyalı, əzmli siyasətçi, AXCP Qadınlar Şurasının sədri, partiyanın Ali Məclisinin Rəyasət Heyətinin və Milli Şuranın üzvü Solmaz xanım Hüseynovanın yubileyidir. Onun haqqında nə qədər xoş sözlər yazsaq da azdır…
Solmaz xanım həm energetika sahəsində səmərəli təklifləri və elmi işi ilə töhfələr vermiş peşəkar mütəxəssis kimi tanınır, həm partiyada təşkilatçılıq qabiliyyəti, təşəbbüskarlığı, xüsusilə qadınların siyasi-ictimai fəaliyyətə cəlb olunmasında misilsiz xidmətlərilə seçilir. AXCP-də 12 ildir təsis olunmuş Qadınlar Şurası məhz onun da fədakarlığı və qayğısı nəticəsində güclənmiş, böyümüş, işlək bir quruma çevrilmişdir. Etiraz aksiyalarında da bu ağbirçək vaxtında Solmaz xanım gənclik enerjisi ilə daim öndə, ən qaynar nöqtələrdə, polis təzyiqinin qarşısında olur. Dəfələrlə həbs olunsa da, bir addım da geri çəkilməyib, mitinqlərin, piketlərin, kütləvi tədbirlərin ən fəal iştirakçısıdır. Seçkilərdə prinsipiallığı, demokratik dəyərlərə sadiqliyi, seçki sahəsində mükəmməl biliyi, nizam-intizamlı fəaliyyətilə də gənclərə, digər xanımlara gözəl örnəkdir.
Solmaz xanım kübar, ziyalı bir ailədə dünyaya gəlib, valideynləri energetika sahəsində görkəmli mütəxəssis olmaqla yanaşı, məsul vəzifələrdə çalışıblar. Atası Firudin Hüseynov texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, energetika sahəsində müxtəlif elmi araşdırmalar aparmış tanınmış alim olub. Solmaz xanım da öz valideynlərinin yolu ilə gedib, texnika elmləri namizədidir, dərin savadına, zəhmətkeşliyinə rəğmən, mövcud rejim onu siyasi əqidəsinə görə tutduğu məsul vəzifəsindən və sevimli peşəsindən kənarlaşdırıb.
Millətimizin üzünü ağardan ölkəmizi dünyada elmi, demokratiya uğrunda mübarizəsi, əqidəsi ilə tanıdan, xalqına, vətəninə təmənnasız, sevgi ilə xidmət edən Solmaz Hüseynova kimi işıqlı aydınlarımızdır.
Hörmətli Solmaz xanım! Sizi yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, uzun sağlıqlı ömür, sevdiklərinizin və sizi sevənlərin əhatəsində fərəhli, firavan günlər, haqq işi uğrunda mücadilənizdə uğurlar arzulayır, sizinlə qürur duyuram.
Əli Kərimlidən cəbhəçi xanımların liderinə təbrik
•


