BDU-nun etiraz edən tələbəsi döyüldü

Abel Məhərrəmovun tələbələrlə görüşündə qalmaqal düşdü VİDEO

Tələbə rektora rüşvətdən şikayət etdi, məhkəmə və qovulmaqla hədələndi

Ötən gün BDU-nun tələbələri Nazirlər Kabinetinin alt qrupda əlavə pul ödəmələri ilə bağlı qərarına etiraz olaraq aksiya keçirdilər. Aksiyaçıların qarşısına çıxan rektor Abel Məhərrəmov bəyan etdi ki, bu gün etiraz edən tələbələrlə görüş keçiriləcək.

Rektor vədinə əməl edib. O, Təhsil Nazirliyinin nümayəndəsi və Universitetin başqa məsul şəxsləri ilə birlikdə tələbələrlə görüşüb. Ancaq Universitetin mühafizə xidmətinin əməkdaşları görüşü pis sonluqla yaddaşlara yazıblar.

Belə ki, görüş bitəndən sonra narazı tələbələrdən biri, gənc fəal  Hüseyn Novruzov jurnalistlərə açıqlama verərkən Universitetin mühafizəçiləri və Tələbə Həmkarlar Komitəsinin üzvlri tərəfindən döyülüb. Döyənlərdən birinin də Tələbə Həmkarlar Komitəsinin sədri Daşqın Qənbərovun olduğu deyilir.

Hüseyn Novruzov “Azadlıq” qəzetinə açıqlamasında bildirib ki, onu döyənlər 4-5 nəfər olub. Tələbəni döyəndən sonra mühafizəçilərə aid olan otağa salıb bir müddət saxlayıblar. Hüseyn Novruzov onu döyənlərdən şikayət edib və ekspertizaya aparılıb. daha sonra sərbəst buraxılıb.

Tələbənin döyülməsi ilə bağlı Universitetin mətbuat xidmətilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı.

Əslində heç görüşün özü də sakit axarda keçməyib. Universitetin IV kurs tələbəsi Ramilə Kiçiyeva bu ilin yanvarda imtahanlardan birində, yaxşı nəticələr göstərməsinə baxmayaraq, ondan 70 manat rüşvət istənildiyini və vermədiyi üçün kəsildiyini deyib. Bildirib ki, məsələ ilə bağlı dəfələrlə Təhsil Nazirliyinin müvafiq şöbələrində qəbulda olsa da, ona hər hansı cavab verilməyib.

Abel Məhərrəmov cavab olaraq tələbənin özünü ittiham edib və məhkəmə ilə hədələyib. Bildirib ki, həmin tələbəni yaxşı tanıyır, 4 ildə  3 dəfə Universitetdən qovulub və yenidən bərpa olunub.”Səni elə qovduraram ki, izin-tozun da qalmaz”, – deyə rektor tələbənin üstünə qışqırıb. O, Universitetin hüquqşünasına tapşırıb ki, tələbə “böhtan atdığına və müəllimi şərlədiyinə görə” məhkəməyə verilsin. “Universiteti hər dəli, ağılsız tələbə qarışdıra bilməz. Qoyun, cəmiyyət inkişaf etsin”, – deyə Abel Məhərrəmov hiddətlənib.

Tələbələri aksiyaya vadar edən səbəbə gəlincə, Abel Məhərrəmov bildirib ki, yeni qaydalarda bir tələbə üçün hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir. Bütün tədris müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən, 81 baldan az toplayan və akademik borcu olan tələbələr üçün isə ödənişli əsaslarla hər semestrdə cəmi 8 kreditdən çox olmamaq şərtlə əlavə fənlər də seçməyə icazə verilir: “Bu halda əlavə fənlər üzrə ödənişin məbləği ixtisas üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü əlavə fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir. Aydındır ki, bu halda təhsil haqqı dedikdə, tələbənin təhsil formasından asılı olaraq, müvafiq ixtisas üçün dövlət sifarişi və ya ödənişli təhsil üzrə müəyyən edilmiş illik təhsil haqqı nəzərdə tutulur”.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev vurğulayıb ki, tələbələr tədrislə bağlı bütün problemləri fakültə dekanları ilə müzakirə etməlidir. Onun sözlərinə görə, Təhsil Nazirliyi hər zaman tələbələrlə dialoqa getməyə hazırdır və bu dialoq sivil səviyyədə olmalıdır.

Y.Piriyev 2009-cu ildən bütün ali məktəblərin kredit sisteminə keçdiyini vurğulayıb: “Nazirlər Kabinetinin müvafiq qərarında da çoxlu müsbət məsələlər var. Qərara əsasən, tələbələr davamiyyətə görə ali məktəbdən xarici olunmayacaq və ömrü boyu oxuya biləcəklər”.

BDU-nun prorektoru İradə Əliyeva isə qeyd edib ki, hər bir semestrdə tələbənin seçdiyi fənlər üzrə ümumi kreditlərin sayı 30 kreditdən çox olmadıqda, hansı fənlərin seçilməsindən asılı olmayaraq, əlavə təhsil haqqı ödənilmir. Onun sözlərinə görə, təhsil haqqı ödəmək istəyən tələbə hər semestrdə yalnız 30 kredit götürməklə akademik borclarını ləğv edə bilər.

İnformasiya şöbəsi