Bakı ilə regionlar arasında fantastik fərq

Əmanətlərin 85%-i paytaxtın payına düşür

 

Samir Əliyev: «Regionların inkişafı ilə bağlı həyata keçirilən proqramlar effektiv deyil»

2013-cü ilin sonuna ölkə üzrə əmanətlərin həcmi isə 6,4 milyard manata çatıb. İl ərzində artım 25,5% olub. Əmanətlərin 92,5%-i Bakı şəhərində toplanıb. 

İqtisadçı Samir Əliyev Facebook səhifəsində təkcə ötən il ölkə üzrə 1,3 milyard manatlıq əmanət cəlb edildiyini, bunun da 85%-i və ya 1,1 milyard manatı paytaxtın payına düşdüyünü yazıb. 

S.Əliyevin yazdığına görə, regionlardan 200 milyon manatlıq əmanət yığılıb. Abşeron iqtisadi rayonda 51,6 milyon, Aran iqtisadi rayonunda 80,4 milyon, Lənkəran iqtisadi rayonunda 12,9 milyon manat həcmində əmanət cəlb edilib. Diqqəti cəlb edən məqam regionlarda əmanət cəlbinin azalmasıdır. Artıq 4 iqtisadi rayonda azalma müşahidə edilib. Gəncə-Qazax iqtisadi rayonunda 24,3 milyon, Quba-Xaçmaz iqtisadi rayonunda 9,3 milyo, Şəki-Zaqatala iqtisadi rayonunda 3,6 milyon, Naxçıvan iqtisadi rayonunda 1,6 milyon manat azalıb.

Eskpertin qənaətincə, regionlarda əmanət cəlbinin azalmasını və paytaxtda əmanətlərin payının yüksək olmasını bir neçə amillə izah etmək olar: “Birincisi, Bakı ilə müqayisədə regionlarda əhalinin gəlirləri xeyli aşağıdır və onların yığım imkanları məhduddur. İkincisi, əhalinin böyük hissəsi iş təminatı ilə əlaqədar paytaxtda cəmləşib. Üçüncüsü, Bakı cəlb edilən əmanətlərə təklif edilən faizlərin regionlarla müqayisədə yüksək olması. Məsələn, Bakıda əmanətlərin orta illik faiz dərəcəsi 8,3% olduğu halda, Gəncə-Qazax iqtisadi rayonunda 5,7%-ə, Şəki-Zaqatala iqtisadi rayonunda 6,1%-ə, Naxçıvan iqtisadi rayonunda isə 3,2%-ə bərabərdir”. 

Samir Əliyev hesab edir ki, Azərbaycanda adambaşına düşən əmanətin həcmi 2013-cü ildə orta hesabla 675 manat olub. “Bakı şəhərində bu göstərici ölkə üzrə orta göstəricidən 4 dəfə yüksəkdir. Paytaxt əhalisinin adambaşına əmanət qoyuluşu 2720 manata çatır. Regionlarda bu göstərici çox bərbaddır. Paytaxta yaxın Abşeron iqtisadi rayonunda vəziyyət nisbətən yaxşıdır. Xızı, Abşeron və Sumqayıt sakinlərinin hər birinin yatırdıqları əmanətin həcmi orta hesabla 297 manat olub. Paytaxtdan uzalaşdıqca mənzərə daha da pisləşir. Ən aşağı adambaşına əmanət qoyuluşu Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarındadır. Bu regionlarda adambaşına əmanət qoyuluşu uyğun olaraq 15 və 26 manatdır. Göstəricinin bu həddə aşağı olması daha çox obyektiv səbəbdən doğur. Çünki bu regionun işğal altında olması və əhalinin qaçqın vəziyyətində yaşaması əmanət qoyuluşunun həcminə mənfi təsir göstərir”. 

İqtisadçının sözlərinə görə, işğal olunmuş əraziləri nəzərə almasaq ən azı göstərici Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydə alınıb: “Hər iki iqtisadi rayonda adambaşına düşən əmanətin həcmi 32 manata bərabərdir. Ən çox adambaşına düşən əmanətin həcmi Aran iqtisadi rayonunda (71 manat) olub. Bununla da adambaşına düşən əmanətin həcminə görə Bakı ilə regionlar arasında ən azı 38 dəfə, ən çoxu 85 dəfə fərq var. Özündə Qobustan, İsmayıllı, Ağsu və Şamaxı rayonlarını birləşdirən Dağlıq Şirvan iqtisadi rayonunda adambaşına düşən əmanətin həcmi 45 manat olub. Adambaşına düşən əmanət qoyuluşu Gəncə-Qazax iqtisadi rayonunda 42 manat, Lənkəran iqtisadi rayonunda 46, Naxçıvan iqtisadi rayonunda 52 manat təşkil edib”.

Regionlarla paytaxt arasında belə böyük uçuruma bütün sahələrdə rast gəlmək olur. bu isə hökumət rəsmilərinin dediklərinin əksinə olarqa, regionların inkişafı proqramının nəticə vermədiyini göstərir.

«Azadlıq»a açıqlamasında ekspert regionlarla paytaxt arasında çox güclü disbalansın olduğunu deyir. Buna səbəb isə odur ki, ölkədə iqtisadiyyatın formalaşmasından tutmuş əhalinin gəlirlərinə qədər bütün məsələlər paytaxtın hesabına dəyişir: «Ən yüksək əmək haqqı məhz paytaxtdadır. Əmanət qoyuluşunun təxminən 93 faizi qədər Bakının payına düşür. Kredit qoyuluşu eyni vəziyyətdədir. 95 faiz Bakının payına düşür. Büdcənin formalaşmasının böyük hissəsi düşür Bakının payına. Vergi yığını da həmçinin. Yəni bütün göstəricilərə görə 80-90 faiz fərq var».

Ekspertin sözlərinə görə, bu gün Azərbaycan iqtisadiyyatı ancaq paytaxtdan ibarətdir. Bu da onun göstəricisidir ki, bu gün Azərbaycanda regionların inkişafı ilə bağlı həyata keçirilən proqramlar effektiv deyil. Hədəflər düzgün müəyyən edilmir. Fəaliyyət daha çox regionlarda ayrı-ayrı rayonların mərkəzlərinin abadlaşdırılmasından ibarətdir. Amma burda hər hansı nəticənin ömrü çox uzun çəkmir: «Regionlardan əhali axının qarşısı alınmalıdır, iş yerlərinin açılmalıdır. Bir sıra güzəştlər tətbiq edilməlidir. Paytaxtda əmanət faizləri yüksəkdir. Banklar daha yüksək faizlə əmanət qəbul edir. Amma regionda əmanətlər aşağı faizlə qəbul edir. Eyni zamanda kreditlərin faizi regionlarda artır, paytaxtda isə azdır. Bunlar əksinə, tərsinə olmalıdır ki, insanlar regionda əmanət yerləşdirsin. Əks halda regionların inkişafı ilə bağlı növbəti proqram əvvəlki proqramların taleyini yaşayacaq».

Fizzə