Jurnalis üçüncü dəfə ifadə verdi və yenidən istintaqa çağırıldı
“Azadlıq” radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıl Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində üçüncü dəfə ifadə verib. Dindirmədə onun vəkili Elton Quliyev də iştirak edib. Vəkilin sözlərinə görə, jurnalist sabah saat 16 üçün yenidən İstintaq İdarəsinə ifadə verməyə çağırılıb.
Xədicə İsmayıl “Obyektiv” internet televiziyasına müsahibəsində deyib ki, cinayət işinin qaldırılması barədə qərarı görüb, onu Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov imzalayıb. Qərarda hansı səbəbdən ağır nəticələrə səbəb olan bəndin seçilməsi göstərilmir. Qərarda jurnalistin yaydığı materialın həqiqətən sənəd olub-olmadığı da göstərilmir.
Jurnalist bildirib ki, əgər onun yaydığı material doğrudursa, onda belə məlum olur ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) müxalifət partiyasının sıravi bir üzvünün gizli yataq səhnələrinin videosunu çəkib, sonra onu şantaj edərək əməkdaşlığa cəlb edib. Əməkdaşlıq edən şəxsə maaş təyin edib ki, bu maaş müqabilində müxalifət partiyalarında təfriqə salsın, informasiya ötürsün.
X.İsmayıl Cinayət Məcəlləsinin ağırlaşdırıcı bəndi ilə cinayət işinin açılmasının ona aydın olmadığını deyib. “Mən istintaqa suallar verdim ki, doğrudan da bu sənədin həqiqi olduğu təsdiq edilirmi? Doğrudan da ağırlaşdırıcı hallara səbəb olub? Mənim bu suallarıma cavab vermirlər”.
***
ABŞ Helsinki Komissiyasının (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası) sədri, senator Benjamin Kardin Xədicə İsmayıla davamlı təzyiqlərə cavab olaraq bəyanat verib.
“Azadlıq Radiosunun jurnalisti Xədicə İsmayılovanın təhlükəsizliyi və azadlığı üçün narahatçılıq keçirirəm. Araşdırıcı jurnalistika fəaliyyətinə görə, xanım İsmayılova hökumətin davamlı və çirkin hücumlarının hədəfinə çevrilib. O, indi də Birləşmiş Ştatlar üçün casusluqda ittiham olunur. Bu ittihamlar açıq-aşkar uydurmadır və mahiyyət etibarilə cəzalandırma məqsədi güdür. Helsinki Komissiyası Azərbaycan hökumətini bütün jurnalistlərə qarşı təqibi dayandırmağa, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) iştirakçı üzvü kimi media azadlığına hörmət etməyə çağırır.
Xanım İsmayılovaya qarşı təzyiq və onun dindirilməsi Azərbaycanda azad söz hüququndan yararlanan fəalların kədərli siyasi motivli həbslərinin bir hissəsidir. 2013-cü il prezident seçkisi ərəfəsində prezidentliyə potensial namizəd İlqar Məmmədov da daxil olmaqla, cinayət ittihamları ilə saxlananların siyahısı təşviş yaradır. Hətta Anar Məmmədli kimi seçki müşahidəçiləri də həbsdən yayına bilməyib. Cənab Məmmədli 2 aylığa saxlanıb. Azərbaycan hökuməti bu ilin iyulunda ATƏT Parlament Assambleyasına ev sahibliyi edəcək. Biz hökuməti bitkin təhlükəsizliyin əsas elementləri sayılan hüququn aliliyi və digər fundamental azadlıqlara hörmət etməyə çağırırıq”, – deyə bəyanatda qedy edilir.
Helsinki Komissiyasına ABŞ Konqresinin yuxarı və aşağı palatalarının – Senat və Nümayəndələr Palatasının hərəsindən 9 nəfər, Dövlət, Müdafiə və Ticarət Departamentlərinin hərəsindən 1 nəfər üzv daxildir.
Qeyd edək ki, Xədicə İsmayıl 3 il bundan əvvəl sosial şəbəkələrdə Mustafa Kozlu adlı istifadəçi tərəfindən yayılmış sənədin foto-surətini ciddi redaktələrlə yayıb. Həmin sənədin dövlət sirrini əhatə etdiyi iddia olunur və bu əsasda fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 284.2-ci (Dövlət sirrinin yayılması, ağır nəticələrə gətirdikdə) maddəsilə cinayət işi qaldırılıb.
Jurnalist fevralın 18-də də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində dindirilib. Jurnalisti idarənin xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən Sənan Paşayev dindirir.


