qenimetzahid-yeni

Ukrayna savaşı

Qərb də, Rusiya da boş şeydir… bu savaşın motivləri tamam başqadır

Ukrayna olayları ərəb baharını xatırladır. Sanki böyük bir bölgəni qapsayacaq kimi iddialı hadisələr baş verməkdədir. Əlbəttə, gündəlik xəbər saytlarına, qəzetlərə göz atmaqla gündəlik təfərrüatları bilmək çətin deyil. Yorumlar da boldur. Ukraynada baş verənləri Qərbin iddiaları kimi yozanlar da, ukraynalıların demokratiya uğrunda mübarizəsi kimi şərh edənlər də çoxdur. Mən ikincilərdənəm və hesab edirəm ki, orada kimin hansı oyunu qurmasından, kimin hansı iddialarının olmasından asılı olmayaraq Ukraynada demokratiya uğrunda mübarizə gedir. Və Ukrayna xalqı özünə layiq bilmədiyi başçıdan, eləcə də özünə layiq hesab etmədiyi hakimiyyət komandasından xilas olmaq üçün çaba verir.

***

Ukraynaya layiq olmayan indiki hökumət hakimiyyəti devrimlə-filanla ələ keçirməmişdi. Seçkilər yolu ilə gəldi. 5 illik demokratiya hökumətinin təsbit etdiyi siyasi qaydalar onların önünü kəsəcək qədər avtoritar deyildi. Ukraynada demokratiya bərqərar olmuşdu və Rusiyapərəst güclər də bundan yararlanaraq arxalarında böyük gücün verdiyi dəstəklə təşkilatlandılar və hakimiyyətə gəldilər. Yanukoviçin hakimiyyətə gəlməsinin qarşısını kəsmək mümkün deyildi. Ortalıqda böyük güc vardı və bu güc özünü ifadə etməli idi. Əgər Yanukoviç və tərəfdarları hakimiyyətə gəlməsəydilər və ya onların önünü qeyri-demokratik yolla kəssəydilər, bu güc çox böyük dağıdıcı faktora çevrilə bilərdi. Onlar hakimiyyətə gəlməli idilər. Amma Ukraynanın böyük bir hissəsi, Ukrayna xalqının əhəmiyyətli bir faizi Yanukoviç hökumətinə yadellilərin müvəqqəti işğalı kimi yanaşırdı. İctimai rəydə belə bir ovqat vardı ki, bir dönəm hakimiyyətdə olub gedəcəklər və bir daha hakimiyyətə qayıda bilməyəcəklər. 2004-cü ildə Maydan mübarizəsi toplumu iki qütbə ayırmışdı. Bunların biri idealistlər, o biri isə praqmatiklər idi. Yuşenkonun hakimiyyəti dönəmində narıncıların da öz praqmatikləri peyda oldu – Yuliya Timoşenkonun timsalında. Amma Timoşenko demokratiya uğrunda mübarizənin qərarlaşdırdığı ictimai əhval-ruhiyyəni düzgün dəyərləndirə bilmədiyindən Yanukoviçlə rəqabəti uduzmuşdu. Hərçənd, fərq çox cüzi idi – 1 faiz həndəvərində! Amma bu bir faizlik fərqlə hakimiyyətə gələn Yanukoviç idealist Ukraynanı faiz-faiz sökərək öz praqmatiklərinə qarət üçün imtiyaz vermişdi. Bu qarət o qədər intensiv idi ki, eyni intensivliklə də Ukraynalıların nifrətini doğururdu. Yanukoviç hökuməti təkcə qarət elan etməmişdi…

***

2004-cü ildəki Maydan hadisələri Ukrayna və Rusiya arasında sərhədlərin çox dərin qazılmasına səbəb olmuşdu. Zahirən çox yaxın kimi dəyərləndirilən bu iki toplum arasında fərqlər böyüdü. Fərqlər əvvəldən də var idi. Sovetlər zamanından üzübəri Ukrayna ictimaiyyəti Rusiyanı işğalçı ölkə kimi dəyərləndirirdi. Xüsusilə Qərbi Ukraynada Stepan Banderanın legionunun SSRİ-yə qarşı vuruşan döyüşçülərinin bir çoxu Sibir düşərgələrindən sağ-salamat qayıdıb gəlmişdi. Stalin Sovetizmi ilə Bandera Ukraynası arasında savaş Ukrayna toplumunun xatirələrində sağ-salamat idi. Qərbi Ukraynada hər bir kənddə Banderanın naməlum döyüşçülərinin şərəfinə yerli sakinlərin qoyduğu abidələr var. Qərbi Ukrayna Bandera müharibəsinin, Şərqi Ukrayna isə Stalin repressiyalarının Rusiyaya qarşı doğurduğu təbii etimadsızlığın nəticələrini unutmaq istəmir. Üstəlik, demokratiyaya daha yaxın olan Ukrayna avtoritar Putin Rusiyası ilə qətiyyən həmahəng deyil. Belə bir şəraitdə Yanukoviç hakimiyyəti Ukraynalıların ictimai heysiyyətini də nəzərə almadan ölkəni Rusiyalaşdırmaq üçün götürdüyü bütün öhdəlikləri yerinə yetirirdi və etiraf etmək lazımdır ki, bu, korrupsiyadan və yolsuzluqdan daha çox qıcıq yaradırdı. Bütün ölkənin gözləri qarşısında Yanukoviç Lukaşenkoya çevrilir, Ukraynanı isə Belarusa bənzətmək istəyirdi. Bu, yalnız sıravi Ukrayna vətəndaşlarının deyil, ziyalıların, toplumun qaymağının da nifrətini dərinləşdirirdi. Yanukoviçin şəxsi göstəricilərindəki bəzi cizgilər isə bu prosesə ironik rəng qatırdı. O, gəncliyində iki dəfə oğurluq üstündə həbs edilmiş, yetərli təhsil ala bilməmişdi və buna görə də az qala, bütün çıxışlarında təhsilsizliyin doğurduğu komik ştrixlər onu sürətlə nüfuzdan salırdı. Viktor Yanukoviç özünün bu qüsurlarını bilir və sanki bu natamamlıq kompleksindən əziyyət çəkirdi. Bu kompleks onu davamlı olaraq yanlış addımlar atmağa sövq edirdi. Ailəsinin qısa müddət ərzində yolsuzluqdan qazandığı milyardlar da həmin o yanlışlıqların nəticəsində əldə edilib. Şəffaflığa və demokratiyaya alışmış Ukrayna cəmiyyəti Yuşşenko və Yanukoviç hökumətlərinin davranışlarını müqayisə edirdi. Bu müqayisə isə Ukraynalıları təhqir edirdi.

***

Xüsusilə son iki ildə Ukrayna müxalifəti toplumdan geri qalmamaq üçün sürətlə təşkilatlanırdı. Bəli, məhz, toplumdan geri qalmamaq üçün! Cəmiyyət Yanukoviç hökumətinə qarşı olduqca sərt münasibətdə idi. Taksi sürücülərindən tutmuş universitet professorlarına qədər, hər kəs və hər kəs hökumetin yaramazlıqlarını dilə gətirir, hər yerdə qızğın müzakirələr gedirdi. Aralarındakı tarixi ədavətə baxmayaraq Polşa Ukrayna toplumu üçün ümid ünvanlarından birinə çevrilmişdi. İnsanlar iş və təhsil üçün kütləvi şəkildə oraya axışır, oradan isə bütün Avropanın dəyərlərini müşahidə edib öz ölkələrindəki reallıqlarla müqayisə edirdilər. Yanukoviç bütün müqayisələrdə uduzur və bütün hallarda məğlub edilirdi.

***

Və Gömrük İttifaqı… Ukraynalılar Rusiyalılar kimi yaşamaq və onların yanında olmaq istəmirlər. Təkcə ona görə yox ki, ruslar onlar «xaxol», onlar isə rusları «moskal» adlandırır və bir-birlərini bəyənmirlər. Yuxarıda sadalanan fərqlərdən başqa bir mühüm fərq də var. Ukraynalılar avtoritarizmə doğru geriyə qayıtmaq istəmirlər. Onlar insanların azadlığına mane ola biləcək siyasi rejim qaydalarını təsəvvür etmirlər. Üstəlik, Yanukoviçin qurmaq istədiyi avtoritarizm ukraynalıları gündəlik rüşvət faktları ilə üzbəüz qoyur, yaşamağı daha da çətinləşdirirdi.

***

Qərb Ukrayna hadisələrində maraqlıdırmı? Əlbəttə, Qərb Ukraynanı öz sərhədləri daxilində görmək istəyir. Qərb Rusiyanın cibinə uyğun olmayan iddialarının qarşısında geri çəkilmək niyyətində deyil. Amma Ukayna da hansısa ərəb ölkəsi deyil. Ərəb diktaturalarından fərqli olaraq postsovet ölkələrində, özəlliklə də postsovet məkanının qərbində əhalinin ümumtəhsil səviyyəsi yüksəkdir. Bu coğrafiyada vətəndaş -hökumət qarşıdurmaları illərlə davam edən İç savaşa çevrilə bilməz. Əhali psixoloji baxımdan, Qərb standartları ilə yaşamağa hazırdır. Buna görə də Qərb, Avropa Ukraynanı Rusiyanın nüfuz sərhədləri daxilində görmək istəmir. Həm də, hərbi-strateji baxımdan Ukraynanın Qərblə siyasi birliyi Avropanın uduşudur. Amma bunlar siyasi gedişləridir. Maydana toplaşan kütlə üçün Avropanın maraqları 100-cü yerdə də deyil. Yüz minlərlə insan oraya Ukrayna cəmiyyətinin heysiyyətinin təhqir edilməsinə dözmədiyi üçün çıxır. Heç bir Avropa, heç bir Amerika insanları 20-30 dərəcə soyuqda küçələrə axışmağa sövq edə bilməz. İnsanlar bu şaxtanı içdən gələn bir hərarətlə məğlub edə bilməsələr orada duruş gətirə bilməzlər.

***

Dünyanın bütün korrupsiyaçı rejimləri kimi Yanukoviçin hakimiyyəti də güclü hökumət deyil. Bu hökumətin bir nömrəli qayğısı şəxsi rifah və sərvət qazanmaqdı. Korrupsiyaçı rejimlərin gücü polis uniformasında təcəlla edir və ondan başqa heç nədə təsəvvür edilmir. Azərbaycanda və bu qəbildən olan başqa ölkələrdə də belədir. Amma təşkilatlanmış cəmiyyətlər nəinki polisdən, hətta ordudan da güclüdür. Ukrayna toplumu bir neçə aydır ki, bunu sübut etməkdədir.

***

Ukraynada müxalifət ötən ilin yayında son dəfə toparlandı. Bir neçə müxalif partiya birləşdi və siyasi ictimaiyyətə impuls verdi. Amma etiraf etmək lazımdır ki, ictimai rəydə birmənalı olaraq qəbul ediləcək bir lider yox idi. Hər kəs üçün bir «əmma» tapılır. Nə Yasenyuk, nə Kliçko,nə Pyotr Poroşenko,.. nə də başqaları. Amma bu adamlar bacardıqları qədər cəmiyyəti təşkilatlandırmağı, öz partiyalarını ictimai dirənişin, siyasi etirazın mərkəzinə çevirmək sitəyirdilər. Və günün birində etiraza qalxan toplum önündəki bu şəxslərin prosesləri idarə etməsinə məmnuniyyətlə razılıq verdi.

***

Ukraynada Qərblə Rusiyanın savaşı gedir, demək olar. Amma Ukraynada əsas savaş bu deyil. Orada əsas savaş heysiyyət uğrunda savaşdır. Toplumu özünə oxşamaqdan məhrum etmək istəyənlərə qarşı dirənişdir.

Yazı Qafqaz Strateji Araşdırmalar Mərkəzi üçün hazırlanıb və mərkəzin saytında (kafkazsam.net) dərc olunub