Hacıbala Abutalıbovdan “master-klass”

Ataların gözəl bir məsəli var – “ağıllı fikirləşincə, dəli vurub çayı keçdi”. Yəni özünü ağıllı hesab edənlər, çayın dayaz yerini təyin edənə qədər, kəm hesab etdikləri şəxs artıq çayın o biri tərəfindən gülümsəyir. Və ardınca qəribə bir vəziyyət yaranır, yəni çayın əks tərəfindəkilər axmaq vəziyyətə düşürlər, dəli hesab etdikləri şəxsi sorğu-suala tutur, ondan keçdiyi yerin dəqiq koordinatlarını istəyirlər. Bir sözlə, “dəlidən doğru xəbər gözləyirlər”…

Insanlar təhlükəsiz yerdən çayı keçirlər və məlum olur ki, bu adam heç də dəli deyilmiş. Əksinə, hətta mərd imiş, onu qovaraq əvvəl namərd ediblər, o da buna dözməyərək ağlını itirib…

Bəri başdan deyim ki, bu mənim yazıya girişimdir və mən yazımın qəhrəmanı haqda başqa fikirdəyəm. Beləliklə…

Bakı icra hakimiyyəti başçısı Hacıbala Abutalıbovun şəhər sakinləri ilə görüşdə dediyi “Azərbaycanda bir kişi var , o da Ilham Əliyevdir” fikri, ölkə başçısı haqqında indiyədək deyilən bütün tərif və məhdiyyələri gölgədə qoymaqla bərabər, onu söyləyənləri çətin dilemma qarşısında qoydu. Həm də onu ciddiyə almayanlara sözün əsl mənasında klassik bir dərs verdi. Dolayısıyla onları barmağına doladı…

Təsəvvür edin ki, bir iqtidar rəsmisinə Hacıbala Abutalıbovun yuxarıdakı fikrinə münasibət bildirməyi xahiş edirsiniz. Məmurun seçimi yoxdur, cavabdan yayına da bilməz, Tağı müəllimin sözü olmasın, “burcuda” da bilməz. Adamın tək bir şansı var, o da Hacıbala müəllimin fikri ilə razılaşmaqdır. Deməlidir ki, bəli, Hacıbala müəllim haqlıdır, Azərbaycanda bir kişi var, o da Ilham Əliyevdir. Digər variantlar, məsələn, “biz də kişiyik”, “Hacıbala müəllim emosiyalarını cilovlaya bilməyib”, “bu suala cavab verməyəcəm” istənilən məmurun karyerasına nöqtə qoya bilər.

Hacıbala müəllimin bu tarixi kəlamının əhəmiyyəti haqda geniş təsəvvür yaratmaq üçün bir paralel aparmaq istəyirəm. Bəlkə də sizə qəribə gələcək, amma…

20 il bundan əvvəl ukraynalı atlet Sergey Bubka şüvüllə hüdürlüyə tullanmaq üzrə elə bir rekord qırdı ki, bu günə qədər heç bir idmançı ona yaxın düşə bilmir. Bu günədək bütün idmançılar 6 metr 37 santimetrdən aşağıya tullanırlar.

Nə qədər haqqında müxtəlif şayiələr söyləsələr də, mən Hacıbala Abutalıbov haqqında “o” fikirdə deyiləm. Mənim fikrimcə, Bakının meri iqtidar səhnəsinin mahir aktyorudur. Hər zaman nə edəcəyini yaxşı bilir, lazım gələndə kütləyə oynamağı bacaran çox nadir rejim rəsmisidir. Hazırda iqtidar komandasında onu əvəz edə biləcək kadr hələ yetişməyib. Hətta mən deyərdim ki, bəlkə də biz müxalifətin “bəxti gətirib” ki, Ilham Əliyev başda olmaqla iqtidar nümayəndələri ona oxşamayıblar. Hacıbala Abutalıbov rejim rəsmiləri kimi darıxdırıcı və mənasız deyil, əksinə, iqtidar komandasının ən rəngarəng nümayəndəsidir, güclü yumor hissi var.

Fikir verirsinizsə, Hacıbala müəllim bir güllə ilə demək olar ki, Ilham Əliyev başda olmaqla, bütün iqtidar rəsmilərini “aşağı endirdi”.

Özünüzü Ilham Əliyevin yerinə qoyun, o indi Hacıbala Abutalıbovu vəzifəsindən necə çıxara bilər? KVN-şiklər demiş, “a imic?”…

Hacıbalanı üstələmək üçün yalnız bir yol var, onun da başqa adı “qaş düzəltdiyin yerdə vurub gözü çıxartmaqdır”. Ağlınıza başqa şey gəlməsin, bu sadəcə həmin ifadədə Azərbaycan sözünün… dünya ilə əvəz olunmasıdır. Ölkəyə beynəlxalq skandal yaşadan məmurun aqibətini necə ola biləcəyini yəqin ki, görmüsünüz. Mərhum bir deputat Fransanın o zamankı prezidenti Jak Şirak haqqında söylədiyi o məhşur frazadan sonra mandatla birlikdə həyata da əlvida etdi.

Yəqin ki, buna heç kim cəsarət etməyəcək və biz bundan sonra sönük, mənasız təriflər eşitməkdə davam edəcəyik.

“Bəla”nız mübarək, cənab yaltaqlar…