Ölkədə ab-hava qızdırmalı xəstənin əhvalına bənzəyir. Insan özünü yanğının ortasında başından od qalxmış kimi hiss edir. Qışın iki ayını beləcə, avqust alovu ilə yola salırıq gedir. Yanğın isə öz işində, yaxıb-yandırmaqdadır. Nə zamansa, Azərbaycanda özünüyandırma nümunəsinin belə geniş yayılacağı kimin ağlına gələrdi ki… Gün bu günmüş. Dəhşətlisi odur ki, bu işgəncəli özünəqəsd halı da başqa dərdlərimiz kimi getdikcə adiləşir. Artıq aksiyaya qadınlardan da güclü “impuls” gəlməyə başlayıb. Dünənki xəbərlərə görə iki qadın bir gündə özünü yandırıb. Bu canından bezmiş insanlar şəhərin “yeni simvolu” elan olunan “Alov qüllələri”ndən od alırlar, nədi?..
Boşuna yanğın çıxmaz, qığılcımı körükləyən bir səbəb var, şübhəsiz.
O alovun böyüyüb nəzarətdən çıxmasını istəməyən kəs önləyici profilaktik tədbirlərin qayğısına qalmalıdır. Keçən həftə yaşadığımız binada kiçik bir partlayış oldu. Işıqların anidən sönməsi ciddi bir səbəb olduğundan xəbər verirdi. Qapını açıb bayırda nə baş verdiyini yoxlamaq istəyəndə, qatı duman və kəskin yanıq qoxusundan geri dönməyə məcbur oldum. Bu tüstü ilə pilləkənlərdən aşağı düşmək cəhdi belə təhlükəliydi. Balkondan boylananda yanğınsöndürən maşınının qapıya çatdığını gördüm. Yanğın xidmətinin bu qədər çevik işləməsinə də heyrətləndim, doğrusu. Yenə də sağ olsunlar! Qısamüddətli müdaxilədən sonra aydın oldu ki, aşağı mərtəbədəki elektrik şitlərindən biri qığılcım alıb partlayıb. Səbəbi də o ki, həmin mərtəbədə yaşayan ailələrdən hansısa liftin elektrik xəttindən evinə qaçaq xətt qoşubmuş. Demək, liftin hərəkətli vaxtında partlayış olub, başımıza bir qəza gəlməyibsə, halımıza şükür etməliyik. Belə özbaşına və vecsiz adamı cəzalandırmayıb, neyləyəsən?
Yaradanın işinə qarışmaq həddim deyil. Ildırımı çaxar, meşə yanar, vulkan püskürər, bu başqa. Amma bir yanğının motivi insanla bağlıdırsa, onun önünə keçib böyük faciələrin qarşısını ala bilərsən. Içindəki dərddən tutuşan bir adam yanıb külə döndükdən sonra ona canpulu ödəmək feodal düşüncəsinə bənzəyir. Yaxud alov içində ah-naləsi yeri-göyü yandıran birinin alovunu söndürüb, dəlixanaya göndərmək nasist qaydalarını xatırladır. Bununla bir yerə qədər gedərsən. Sonra divar qurtarar, başın daşa dirənib qalar. Eynilə, indi Ukraynada olduğu kimi. Ukraynada da insanların səsindən, etirazından, bağırtısından yaranan hərarəti görə bilməyən “yanğınsöndürənlər” onun böyük alova dönüb ölkə boyunca yayılmasına əsas verdilər. Orada bu gün xalq yanğını var, şəhər-şəhər, məhəllə-məhəllə, küçə-küçə yayılan xalq yanğını. Bu, özüylə çoxlu sayda insan ölümü, dağıntı və qarışıqlıq gətirən fəlakətli bir yanğındır. Belə yanğınları asanlıqla söndürə bilməzsiniz, alıb başını gedər.
Bizdə son iki ayın içində ənənəyə çevrilən özünüyandırma halı on illərlə insanların içində yığılan qızdırmanın zahirə vurmasıdır. Azərbaycandakı bugünkü haqsızlıqlar və sosial problemlər hər kəsin bir yanğın ocağına çevrilməsinə əsas verib. Bu ocaqların birdən alışması ilə ölkədə nə baş verəcəyini təsəvvürünüzə gətirirsiniz? Çoxdan özünü büruzə verən o simptomları görmək üçün nə qədər kor olmaq lazımdır ki? Hazırda Ukraynada gördüyümüz mənzərəni də həmin kiçik ocaqların bir-birinə verdiyi qığılcım şəkilləndirib. Belə bir yanğın kök salıb oturduğu ölkənin “iqlimini” qiymətləndirməyən hər kəsi yaxalaya bilər. Bu təhlükə doqquz iqlim qurşağı keçən Azərbaycan kimi ölkələr üçün də çox realdır. Quba və Ismayıllı hadisələrini unutmamısınız ki?..