Əminəm ki, bu ölkədə hamı YAP-ın neçə üzvü olduğundan xəbərdardı. Belə ki, uzun illərdi gecə-gündüz bizim nəzərimizə çatdırırlar ki, ümummilli partiyanın 600000 üzvü var. Son hesablamalardan sonra isə bəlli oldu ki, bu rəqəm 620000-ə dırmaşıb. Biz bu analoqu olmayan təşkilatlanmaya qətiyyən paxıllıq etmirik. Allah artıq eləsin. Ancaq bu 620000-lik ordu tez-tez prezidentimizə qarşı nankorluq edir. Onun müsahibələrinə, müşavirələrinə, səfərlərinə qətiyyən diqqət etmirlər, YAP mətbuatını oxumurlar.
Son olaraq isə pariya üzvləri Ramiz Mehdiyevin statusuna reaksiya verməyərək, növbəti dəfə prezidentimizə hörmətsizlik etdilər. Bir müddət öncə ölkəyə xəbər yayıldı ki, Ramiz müəllim “facebook”a qədəm qoyub. Biz də hamılıqla ağsaqqalın səhifəsinə təşrif buyurduq. Və gördük ki, cənab Mehdiyev öz statusunda yazır: “Mən hesab edirəm ki, hər bir dövlət qulluqçusu cənab Prezident Ilham Əliyevdən nümunə götürməlidir, öz fəaliyyətini yenidən dəyərləndirməlidir. Azərbaycan Respublikasının müasir dövlətçilik fəlsəfəsi dövlət qulluqçusundan Vətən qarşısında öz məsuliyyətini daha dərindən dərk etməyi tələb edir”.
Məntiqlə bu statusu onminlərlə insan “like” etməliydi. Ancaq fevralın 6-da yazılmış bu statusu 12 gün ərzində 1227 nəfər bəyənib. Uzun minnət, xahişdən sonra 1227 nəfər cənab prezidentdən nümunə götürməyə razılıq verib. 618773 nəfər isə bu “nümunə”yə etiraz edir. Diqqət etsək görərik ki, nə qədər partiya vəsiqəsi israf olunub. Əgər üzvlük haqqı məsələsi olmasaydı, bu “like” etməyən adamları “taq” eləyib türməyə atmaq lazım idi.
Niyə bu yapçılar 3-cü dəfə seçkidə qalib gəlmiş, analoqsuz inkişafa imza atmış liderlərindən nümunə götürmək istəmirlər? Cavab çox sadədir. Çünki cibində YAP vəsiqəsi daşıyan 10000-lərlə adam kredit bataqlığında çabalayır, 10000-lərlə adam 150-200 manatın girovuna çevrilib, 10000-lərlə adam “haqq” verməyə məhkum edilib, 10000-lərlə adam intihar haqqında düşünür, 10000-lərlə adam ailə qura bilmir, 10000-lərlə adam ölkədən qaçmağa məqam axtarır və s.
Vəziyyət o qədər də anlaşılmaz deyil. Kasıbçılıq səbəbindən bəyəndiyi qızı ala bilməyən yapçı gənc, Mehdiyevin məlum statusunu bəyənməyi ədalətsizlik hesab edir. Bəyəndiyi libası ala bilməyən sıravi yapçı xanım, istədiyi geyimi geyinə bilənlərin yazısını necə bəyənsin? Bu rejim sıravi yapçıların istəyini, arzusunu “like” etdimi ki, sıravi yapçı da prezidentdən nümunə götürməyi “like” etsin. Bir binanın üz qabığını yeniləyib, sonra uçurmaq yaxşı nümunə deyil axı. Büdcə kəsirini qapatmaq üçün benzinin, qazın qiymətini qaldırıb, eyni zamanda 245 milyonluq təyyarə almaq pis nümunədir axı. Seçkidə ziyalının qarşısına, ziyanlını çıxarıb və xalqa prezidentliyə namizəd kimi təqdim etmək bərbad nümunədi. Yəni bu ölkədə rejim mənsublarından nümunə götürməmək üçün kifayət qədər nümunələr var. Bu köşədən YAP ideoloqlarına təklif etmək istəyirəm ki, bundan sonra “bizim 620000 üzvümüz var” ın əvəzinə, “bizim 620000 vəsiqəmiz var” deyin. Aydın görünür ki, bu ölkənin vətəndaşları başqa nümunələr axtarışındadır. Həm də xeyli YAP üzvü 9 oktyabr seçkilərində Cəmil Həsənliyə səs verməklə nümunə göstərdilər. Sonda hörmətli akademikimizdən bir xahiş etmək istəyirəm. Belə bir status yazın: “Hamı Cəmil Həsənlidən nümunə götürməlidir”. Sadəcə, “like”ların sayına baxmaq istəyirəm.