Xədicə İsmayıla ölkədən çıxmaq yasaq edildi

“Azadlıq” radiosunun prezidenti ittihamları “cəfəng və təhlükəli” adlandırdı; jurnalistin özü isə yeni araşdırmaların anonsunu verdi

“Azadlıq” radiosunun əməkdaşı, araşdırmaçı-jurnalist Xədicə Ismayıl yenidən Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində şahid qismində ifadə verib. Dindirmədə onun vəkili Elton Quliyev də iştirak edib. Xədicə Ismayıl ifadə verdiyi müddətdə prokurorluğun qarşasına çoxsaylı jurnalistlər, ictimai-siyasi fəallar da toplaşmışdı.

“Müstəntiqə dedim ki, mən sirr saxla ya bilmirəm”

Təxminən 3 saat çəkən dindirmədən sonra Xədicə Ismayıl jurnalistlərə açıqlama verərək bildirib ki, o, fevralın 20-də axşam saat 17.00-da yenidən ifadə vermək üçün prokurorluqda olmalıdır.
Xədicə Ismayılın sözlərinə görə, fevralın 18-dəki dindirmədə olduğu kimi, bu dəfə də ondan təkidlə bir neçə gün öncə “facebook”da yaydığı materialın mənbəyini açıqlamağı tələb ediblər: “Eyni sualı 20 dəfə təkrar edərək, mənə bu yolla təzyiq etmək cəhdi oldu. Ancaq mən də KIV haqqında qanunu xatırladaraq, mənbənin məxfi saxlanılması hüququmun olduğunu dedim. Söhbət əsasən bu barədə gedirdi”.
Dindirmənin sonunda jurnalistə ölkədən xaricə gedərkən bu barədə istintaqa məlumat verməli olduğu haqda xəbərdarlıq edilib: “Eyni zamanda, xəbərdarlıq etdilər ki, istintaq sirrini yaymayım. Mən də onlara dedim ki, mənə heç bir sirr verməsinlər. Çünki mən sirr saxlaya bilmirəm”.

Jurnalist onu da qeyd edib ki, o və vəkili cinayət işinin başlanmasına səbəb olan məlumatın həqiqi sənəd olub-olmadığı barədə müstəntiqə sual veriblər. Ancaq müstəntiq sualı cavablandırmayıb.

“Araşdırmalarım hazırdır, hətta başıma bir iş gəlsə də, dərc olunacaq”

Jurnalistlər Xədicə Ismayıldan gələcəkdə dərc etdirməyə hazırlaşdığı araşdırmaları ilə əlaqədar hansısa təzyiqlərlə üzləşib-üzləşmədiyini soruşublar. Xədicə Ismayıl bildirib ki, araşdırmalarını artıq yekunlaşdırıb: “Hazırda məlumatların redaktorlar və hüquqşünaslar tərəfindən yoxlanılması prosesi gedir. Istənilən halda, yəni, hətta başıma hər hansı bir iş gəlsə də, həmin araşdırmalarım dərc olunacaq. Çünki mən araşdırmanın materiallarını redaktorlara təqdim etmişəm”.

“O sənəd dövlət sirri sayılsa belə, sirrini 3 il qabaq itirib”

Xədicə Ismayılın vəkili Elton Quliyev “Azadlıq” radiosuna açıqlamasında bu işlə bağlı hüquq müstəvisində araşdırma predmeti görmədiyini bildirib: “Hər halda, bu proses başlanıb. Hansı dayanacağa qədər gedəcəyiksə, birgə gedəcəyik”.
Vəkil sözlərinə bunu da əlavə edib ki, cinayət işi Xədicə Ismayılla bağlı deyil, sənədin ictimailəşdirilməsi faktı üzrə başlanıb: “Bu məlumat artıq bir dəfə – 3 il əvvəl yayılıb. Ona görə də dövlət sirri sayılsa belə, 3 il öncə yayıldığından, sirrini elə o vaxt itirib. Bu səbəbdən məlumatın 2-ci dəfə yayılmasını cinayət yurikdiksiyasında araşdırmağa ehtiyac yoxdur”.

“Xədicə İsmayılın yaydığı material dövlət sirri sayıla bilməz”

Hüquqşünas Ələsgər Məmmədli “Turan” informasiya agentliyinə açıqlamasında bildirib ki, Xədicə Ismayılın yaydığı material məzmununa görə dövlət sirrinə aid edilə bilməz. Onun sözlərinə görə, dövlət sirri haqqında qanunda 4 kateqoriya məlumat müəyyən edilib: hərbi sirrə aid edilən məlumatlar, iqtisadi sahədə dövlət sirri, xarici siyasətdə dövlət sirri və kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətinə dair məlumatlar.
Ələsgər Məmmədli bildirib ki, hansısa müxalifətçinin fəaliyyətinə dair bilgi əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyəti baxımından dövlət sirri sayıla bilməz. Onun fikrincə, bu cür fəaliyyət növlərindən daxili siyasi məqsədlər, əsasən də müxalifətin gözdən salınması üçün istifadə oluna bilməz.
Ələsgər Məmmədli belə fəaliyyətin qanunsuzluğuna presedent kimi, Türkiyədə hay-küylü “Ergenekon” işini göstərib. Həmin işlə əlaqədar xeyli general və məmur həbs olunmuşdu.
Hüquqşünas qeyd edib ki, dövlət sirrinə aid edilən sənədlərin rekviziti, məxfilik qrifi (“məxfidir”, “tamamilə məxfidir”, “xüsusi dövlət əhəmiyyətlidir”) olmalıdır. Ələsgər Məmmədli vurğulayıb ki, Xədicə Ismayılın yaydığı mətndə belə rekvizitlər yoxdur.
Ələsgər Məmmədli hesab edir ki, istənilən halda, Xədicə Ismayıl dövlət sirrinin yayılmasına görə məsuliyyət daşıya bilməz: “Vətəndaşlar dövlət sirrinə çatımlı olsaydılar və onun yayılmaması üçün öhdəlik götürsəydilər, o zaman dövlət sirrinin yayılmasına görə məsuliyyət daşıyardılar”.
“Xədicə Ismayıl xidməti sirrin yayılmasına görə məsuliyyət daşıya bilərmi?” sualının cavabında ekspert deyib ki, xidməti sirrin yayılmasına görə məsuliyyəti onun saxlanmasına cavabdeh olan şəxslər daşıyırlar.

“İttihamlar siyasi motiv daşıyır”

Xədicə Ismayıla qarşı hakimiyyətin təzyiqilə əlaqədar Azad Avropa/Azadlıq Radiosu şirkətlər qurpunun prezidenti Kevin Klos da bəyanat verib: “Hökumətpərəst media tərəfindən dissidentlərin və müstəqil söz sahiblərinin şpionajda ittiham olunması Sovet dövründə geniş yayılmış bir hadisə idi. Təəssüf ki, keçmiş Sovet ölkələrində biz hələ də belə halları görürük. Xədicə Ismayıla qarşı sonuncu ittihamlar cəfəng olmaqla yanaşı, həm də təhlükəlidir”.
Kevin Klos əmindir ki, bu ittihamlar siyasi motiv daşıyır və jurnalistin təqib olunması məqsədilə uydurulub.

Qeyd edək ki, Xədicə Ismayıl 2 il bundan əvvəl sosial şəbəkələrdə Mustafa Kozlu adlı istifadəçi tərəfindən yayılmış sənədin foto-surətini ciddi redaktələrlə yayıb. Həmin sənədin dövlət sirrini əhatə etdiyi iddia olunur və bu əsasda fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 284.2-ci (Dövlət sirrinin yayılması, ağır nəticələrə gətirdikdə) maddəsilə cinayət işi qaldırılıb.
Jurnalist fevralın 18-də də Baş Prokurorluğun Ağır Cinayətlərə dair Işlər üzrə Istintaq Idarəsində şahid qismində dindirilib. Jurnalisti idarənin xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən Sənan Paşayev dindirir.

Ramin DEKO

***********************************

18.02.2014

Xədicə İsmayıl istintaqa cəlb olundu

Tanınmış jurnalistin “Facebook” paylaşımına görə cinayət işi başlandı

Əli Kərimli: «Xədicə xanımdan hakim ailəni ifşa edən korrupsiya araşdırmalarının qisasını alırlar»

Tanınmış araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı dünən axşam təxminən iki saat Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində dindirilib. Jurnalist Cinayət Məcəlləsinin 284-cü (dövlət sirrini yayma) maddəsilə başlanmış cinayət işi üzrə şahid qismində dindirilib. Dindirmədə Xədicə Ismayılın vəkili Rəşid Hacılı da iştirak edib. Xatırladaq ki, Xədicə Ismayıl “Facebook” səhifəsində MTN adından ona göndərilmiş bir sənəd forması yayıb. Orada müəyyən şəxsin MTN tərəfindən şantaj olunaraq ələ alınmasından, ona müxalifət birliklərini parçalamaq göstərişi verilməsindən və bu məqsədlə aylıq pul ayrılmasından söhbət gedir.

“Ya vaxtımı almaq, ya da həbs etmək istəyirlər”

Dünən günorta saatlarında Xədicə Ismayıl əvvəlcə telefonla prokurorluğa çağırılıb. Lakin jurnalist zəng edən müstəntiqin nəzərinə çatdırıb ki, rəsmi çağırış olmadan prokurorluğa getməyəcək.
Xədicə Ismayıl bu zəngdən sonra “Azadlıq”a açıqlamasında bildirib ki, hadisələrin sonrakı inkişafıyla bağlı iki variantı ehtimal edir: “Ya vaxtımı almaq və fəaliyyət imkanlarımı məhdudlaşdırmaq, ya da həbs etmək istəyirlər. Mənim hazır olmadığım variant yoxdur”.
Bir qədər sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsindən jurnalistin ünvanına çağırış daxil olub. Çağırışda jurnalistdən fevralın 18-i saat 16:00-da idarədə olmaq istənilib. Ardınca da müstəntiq təkrar Xədicə Ismayıla zəng edib: “Dedim ki, indi çatdıra bilmərəm. Vəkillə müqavilə bağlamalıyam, efirə çıxmalıyam. Hətta bütün bu işlər həll olmuş olsaydı belə, fiziki olaraq, gəlib ora çatmağım mümkün deyil. Sabaha vaxt təyin edin, gəlim. Müstəntiq məni hədələməyə başladı. Vəkillərlə danışdım. Dedilər ki, buna hüquqları yoxdur”.
Xədicə Ismayıl axşam saat 19.00 radələrində prokurorluğa gedib. Jurnalist idarədə dindirildiyi müddətdə prokurorluğun qarşısında xeyli ictimai-siyasi fəallar, media nümayəndələri olub.

“Mənə təzyiq göstərmək də o qədər asan deyil…”

Axşam saat 21.20 radələrində idarədən çıxan Xədicə Ismayıl “Azadlıq”a açıqlamasında bildirib ki, dindirmə yekunlaşmayıb. Sadəcə, iş günü başa çatdığından dindirmə yarımçıq qalıb. Jurnalist bu gün saat 11.00-da yenidən idarəyə getməlidir.
Xədicə Ismayılın sözlərinə görə, dindirmə zamanı ona əsasən sənədin kim tərəfindən, hansı şəkildə ötürüldüyü barədə suallar verilib: “Həmçinin məndən soruşdular ki, sənədi yayarkən hansı məqsədi güdmüşəm? Əlbəttə ki, mən sənədi verənin kimliyini açıqlamadım. KIV haqqında qanunun mənə belə bir ixtiyar verdiyini bildirərək, ad çəkməkdən imtina etdim. Amma müstəntiqin nəzərinə çatdırdım ki, hələ 2011-ci ildə mənə ötürülməmişdən əvvəl ”facebook”da “Mustafa Kozlu” profili həmin sənədi yayıb. Gerçəkdən araşdırma aparmaq istəyirsinizsə, istintaq səylərini o istiqamətdə davam etdirsin”.
Xədicə Ismayıl dindirmə zamanı cinayət işinin başlanması haqda qərarla tanış olmaq istəyib. Lakin müstəntiq həmin sənədi göstərməkdən imtina edib: “Istəyirdim görüm ki, hansı əsasla cinayət işi başlayıblar. Amma təəssüf ki, vermədilər. Amma ümid edirəm ki, istintaqın gedişində çox şeyləri öyrənəcəyik. Bir də onu dedim ki, bu sənədin yayılmasına görə istintaq aparırsınızsa, belə çıxır ki, o sənəd həqiqidir. Həqiqidirsə, bu o deməkdir ki, MTN insanların şəxsi həyatını güdüb, sonradan şantaj etməklə məşğuldur”.
Dindirmə zamanı təzyiqə məruz qalıb-qalmadığı haqda suala isə Xədicə Ismayıl belə cavab verdi: “Arada buna cəhd oldu. Başa düşürəm ki, iş gününün sonudur, əsəblər də dözmür. Amma mənə təzyiq göstərmək də o qədər asan deyil…”

AXCP-dən Xədicə Ismayılla bağlı çağırış

Xədicə Ismayılın prokurorluqda dindirilməsilə bağlı AXCP bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, Xəcidə Ismayılın, şahid qismində olsa da, istintaqa çağırılması əslində, ona qarşı təzyiqin tərkib hissəsidir. AXCP Baş Prokurorluğun jurnalisti istintaqa çağırmasına heç bir ciddi hüquqi əsasın olmadığını bəyan edir.
Bəyanatda xatırladılır ki, Xədicə Ismayıl artıq neçə vaxtdır hakimiyyətin müxtəlif strukturlarının və hakimiyyətə yaxın mətbuatın hədəfindədir. Jurnalistin hədəfə gəlməsi isə Azərbaycanın hakim ailəsi ilə bağlı korrupsiya əməliyyatlarına dair araşdırma yazılarıyla bağlıdır: “Xədicə Ismayılın məluma araşdırma yazılarından sonra ona qarşı qaralama və şantaj kampaniyasının başladığı göz qabağındadır. Son günlərdə onun guya, xarici xidmət orqanları əməkdaşlarına ”casus siyahısı” təqdim etdiyi haqda hökumətyönlü mediada məlumatların yayılması da bu kampaniyanın tərkib hissəsidir. Bunun ardınca da Xədicə Ismayıl hələ bir neçə il əvvəl sosial şəbəkələrdə yayılmış, “MTN-in xidməti sənədi” kimi təqdim olunan materialı təkrar yaymasına görə dərhal və israrla istintaqa çağırıldı ki, bu da cəmiyyətdə jurnalistə qarşı etimadsızlıq və şübhə yaratmaqÿüçün planlı şəkildə iş aparıldığını göstərir.
Guya, müxalif düşərgədən kiminsə MTN-lə əməkdaşlığa cəlb olunmasını ehtiva edən materiala Baş Prokurorluğun görünməmiş operativliklə reaksiya verərək, “dövlət və xidmət sirrinin yayılması” adı ilə ciddiyyət qazandırması heyrət doğurur. Xüsusilə ona görə ki, həmin material bir neçə il qabaq orijinalında olduğu kimi sosial şəbəkədə yayılıb. Xədicə Ismayıl isə oradakı ad-soyadı və başqa xüsusi məlumatları pozaraq materialı təkrar yayıb. Lakin material olduğu kimi yayılanda Baş Prokurorluq buna heç bir reaksiya verməmişdi. Bundan başqa, Azərbaycandakı məmur özbaşınalığı, iri korrupsiya faktları, insanların intihara vadar olması və s. cinayətlər haqda az qala hər gün yerli və xarici mətbuatda, sosial mediada məlumatlar verildiyi halda, ölkənin hüquq-mühafizə orqanları, o cümlədən Baş Prokurorluq inadla susur. Bütün bunlar da Xədicə Ismayılın istintaqa cəlb olunmasının arxasında qərəz durduğuna əlavə sübutdur”.
AXCP Xədicə Ismayıla fəaliyyətində tam dəstək verdiyini bildirir və ona qarşı təqib-təzyiqlərin, gözdənsalma kampaniyasının dayandırılmasını tələb edir. Partiya yerli ictimaiyyəti və beynəlxalq birliyi Xədicə Ismayıla qarşı baş verənlərə biganə qalmamağa çağırır.

“Bu, qisas əməliyyatıdır”

AXCP sədri Əli Kərimli də “facebook” səhifəsində Xədicə Ismayılın ətrafında baş verənlərlə bağlı fikirlərini bölüşüb:

“Necə olur ki, prokurorluq ölkə rəsmilərinin korrupsiya əməlləri haqda mətbuatda yayılan dəhşətli faktlara reaksiya vermir; ölkənin 10 milyardlarla sərvətinin talan edilməsi haqda hesabatları görməzliyə vurur; Xədicə xanımın özünün çoxsaylı və tutarlı korrupsiya araşdırmaları əsasında cinayət işi başlatmır; çoxlu sayda vətəndaşımızın özünü öldürmə həddinə çatdırılması haqda mətbuatda verilən xəbərlərə biganəlik edir, amma MTN-in müxalifətə qarşı işlətmək məqsədilə əməkdaşlığa cəlb etdiyi şəxs haqda sosial şəbəkələrdə yayılmış bir məlumata görə dərhal cinayət işi başladılır, gecənin bu vaxtında Xədicə xanım istintaqa cəlb edilir?
Aydındır ki, qisas əməliyyatıdır. Xədicə xanımdan hakim ailəni ifşa edən korrupsiya araşdırmalarının qisasını alırlar. Həqiqətləri uca səslə deyən insanları qorxutmağa cəhd edirlər ki, rahat oğurlasınlar. Alınmayacaq!”

“MTN-nin belə bir işlə məşğul olması böyük bir biabırçılıqdır”

Xədicə Ismayılova dünən prokurorluğa getməmişdən əvvəl “Amerikanın səsi”nə istintaqa çağırılması, “facebook”da yayılan sənəd, ona qarşı yönələn fəaliyyətlər barədə geniş danışıb:

– Mənə bir nəfər zəng etmişdi, özünü Ağır Cinayətlərə dair Işlər Üzrə Istintaq Idarəsinin müstəntiqi kimi təqdim etdi. Dedi ki, fakt üzrə cinayət işi açılıb, “facebook”da sənəd yaymısız. Mən də soruşdum ki, belə çıxır, siz yayılan şəklin həqiqətən sənəd olduğunu və bunun dövlət sirri olduğunu artıq müəyyənləşdirmisiz. O dedi ki, gəlin, bu barədə söhbət edək. Dedim ki, zəhmət olmasa, rəsmi çağırış vərəqi göndərin. O da dedi ki, niyə belə aqressivsiz? Dedim ki, aqressiv deyiləm. Bir halda ki, vaxtınız çoxdur, boş-boş işlərlə məşğulsuz, real cinayətləri araşdırmırsız, zəhmət olmasa, mənə rəsmi şəkildə çağırış vərəqi göndərin. Dedi ki, ünvanı verin. Dedim ki, sizə 2012-ci ildə barəmdə törədilən cinayətlərlə bağlı istintaq aparılması məqsədilə məktub göndərmişəm, ondan sonra onlarla məktub göndərmişəm ki, Bakı şəhər prokurorluğunun hərəkətsizliyi araşdırılsın. Onlarla məktub göndərmişəm ki, mənim şantaj olunmağım və şəxsi həyatıma müdaxilə ilə bağlı cinayətin istintaqının nə yerdə olması ilə bağlı məlumat alım. Həmin məktublarda mənim ünvanım göstərilib. Gedin baxın, oradan mənim ünvanımı götürün. Bəlkə bu minvalla mənim şikayətlərimi də oxuyasınız. O dedi ki, biz istəyirdik ki, sizinlə xoşluqla, xoş münasibətlə, hörmətlə bunu həll edək. Siz də belə. Dedim ki, bunun qanunla nəzərdə tutulmuş ən hörmətli yolu budur. Mobil telefonumu bilirlər, amma ünvanımı bilmirlər. Çox maraqlı gəldi mənə… Mənə şəhər nömrəsindən zəng gəlmişdi, mən nə bilim kimdir. Bəlkə telefon xuliqanıdır.

– Onu nə məqsədlə yayırdınız?
– Mən bunu sənəd adlandırmıram və buÿifadədən çəkinirəm. Çünki mən o məlumatın həqiqətən sənəd olub-olmadığını bilmirəm. Bunu mənə 2011-ci ilin sonunda göndəriblər. Göndərən adam əvvəllər Milli Təhlükəsizlik Nazirliyi (MTN) orqanlarında işləyib. Sənədi göndərən adama da dedim ki, sənədin həqiqiliyini yoxlamaq iqtidarında deyiləm və heç kimə də şər atmaq niyyətim yoxdur. Ona görə də bunu yaymadım. Indi də yayanda oradakı bütün adları və detalları qaraladım ki, adama böhtan atılmasın. Çünki orada adam haqqında kompromatın olduğu göstərilir. Amma niyə indi bunu yaydım. Çünki o gün baxdım ki, ANS telekanalında MTN, vətənə xidmət, dövlətin kəşfiyyat və əks-kəşfiyyat işləri barədə ciddi danışırdılar. Bu sənəd bizim vergi ödəyiciləri kimi büdcəyə ödədiyimiz vəsaitlərin nə qədər qeyri-effektiv xərclənməsinin bariz sübutudur. Əgər bu sənəd həqiqidirsə və MTN bu işlə məşğul olubsa, bu böyük bir biabırçılıq, böyük bir skandaldır. Bu nədir? Yəni, Azərbaycan müxalifəti düşmən ölkənin hərbi sənayesidir ki, ora casus yerləşdirilir?
Indi məlum olur ki, həmin sənəd 2011-ci ildə mənə göndərilməmişdən əvvəl “facebook”da yayılıbmış. Əslində, yeni bir şey deyilmiş. Təəssüf ki, o vaxt ad qaralanmadan, bütün məlumatlar açıq şəkildə yayılıbmış. Bu, çox məsuliyyətsiz bir işdir. Çünki adamın bu şəkildə qaralanması heç yaxşı iş deyil. Amma bir halda ki, prokurorluq cinayət işi açır, bu məlumatı sənəd adlandırır, bunu belə ciddi-ciddi dövlət sirri hesab edir, ölkə üçün çox böyük biabırçılıqdır. Əgər bu həqiqidirsə, görün bizim MTN nə ilə məşğul olur. Mən dəhşət içindəyəm, şokdayam.

“Ortaya daha ciddi təxribatlar qoysunlar”

– Sizi həbs edə bilərlərmi?
– Əslində bu, ehtimallardan biridir. Ehtimal minimum budur ki, vaxtımızı almaq istəyirlər ki, biz ciddi işlərlə məşğuluq, o işləri bitirməyə, başa çatdırıb üzə çıxarmağa vaxtımız olmasın. Ikinci ehtimal da budur ki, ola bilsin ki, həbs etmək istəyirlər ki, uzun müddət başları dinc olsun. Bu da bir ehtimaldır. Bu ölkədə bu ehtimal hər bir şəxs üçün var.

– Son zamanlar ölkənin bir sıra media orqanlarında, rəsmi qurumlarda sizinlə bağlı fəaliyyətlər görünməkdədir. Nə ilə bağlıdır, niyə belə edirlər?
– Bu bir əmrdir, yuxarıdan gəlir. Mən, hətta saytlarda o yazıların tərcümələrinə fikir verdim, eyni ifadələr işlənmişdi. Yəni, bu, ən azı, qəzet redaksiyalarında hazırlanmış tərcümələr deyildi. Qəzet redaktorları bu işin icraçılarıdır. Heç bir halda bu işin təşəbbüskarları deyillər. Hesab edirəm ki, bu, Prezident Administrasiyasından və ya MTN-dən gəlir. Sadəcə qəzetlər, media orqanları bunu icra edirlər. Təəssüf ki, bəzi özünü müxalif adlandıran media orqanları da bu işdə iştirak etdilər. Bəli, prezidentlə görüşürsən, sonra bu işlərin icrası ilə məşğul olursan. Bu, prosesin bir hissəsidir. Prezidentlə dostluğun bədəli var, o bədəli ödəmək var.

– Sizə qarşı bu fəaliyyətlə məşğul olanlara sözünüz?
– Bir az ciddi olsunlar. Mən istəyirəm ki, bir az bizim intellektimizə hörmət etsinlər. Bir az daha ciddi təxribat hazırlasınlar. Belə ucuz-ucuz işlərlə vaxtımızı almasınlar. Hörmət qoyun bir az qarşınızdakı adama. Belə qeyri-ciddi işlərlə məşğul olmaq olmaz. Bu işlərin təşkilinə bu qədər pul tökülür. Məncə, bir az keyfiyyətli işləyə bilərdilər. Daha ciddi təxribatlar qoysunlar ortalığa, məsələyə daha kreativ yanaşsınlar. Yoxsa, bu nədir, casusluq. Köhnə söhbətlərdir, yeni bir şey fikirləşmək lazımdır. Bir az təxəyyüllərini işə salsınlar. Hörmət tələb edirəm özümə qarşı, hörmət.

Aytən Məmmədova