Muxtar Respublikada təhlükəli çağırışlar səslənir
Ukryana paytaxtı Kiyevdə hakimiyyət Avropa Birliyi ilə daha sıx əlaqələr tələb edən müxalifət fəalları ilə çəkişmədə ikən bu ölkənin tərkibində olan Krım Muxtar Respublikasında vəziyyət gərginləşir.
“Azadlıq” radiosunun müxbirləri xəbər verirlər ki, Krımda yollar hazırda Kiyevdə gedən Avromaydan hərəkatı əleyhinə şüarlarla doludur. Bu şüar lövhələrini yazdıranlar isə maliyyə mənbələri gizli saxlanan qeyri-hökumət təşkilatlarıdır. Şüarlarda “Stop Maydan”, “Krım sabitlik tərəfdarıdır”, “Ekstremizmə yox” kimi tələblər səsləndirilir.
Rusiyanın tərkibinə daxil olmaq çağırışları
Krımdakı Rusiya yönümlü qurumların çoxu açıq bildirirlər ki, əgər prezident Viktor Yanukoviç onların “faşist” adlandırdıqları müxalifətə güzəştlərə getsə “Krımın muxtariyyatını müdafiə” edəcəklər.
Hətta, özünü Xalq Cəbhəsi adlandıran Rusiya yönümlü təşkilatın rəhbəri Valeri Podyaçi təklif edir ki, Ukrayna öz borclarının əvəzinə Krımı uzun müddətə Moskvaya icarəyə versin. Bəs, məsələn, 99 illik icarə müddəti bitəndən sonra nə olacaq? Podyaçi bu suala da özünəməxsus cavab verir: “Məncə, Ukrayna müstəqil dövlət kimi 99 il yaşamayacaq. Rusiya qalacaq. Hər şey bir yana, Rusiya ABŞ, Çin, Avropa Birliyi kimi dünya oyunçusudur. Ona görə şübhəsiz ki, Rusiya mövcud olacaq. Amma Ukrayna qalacaqmı? Ona görə prinsipcə, Krımın icraəyə verilməsi hamını qane etməlidir”.
Amma belə təkliflər çətin ki, Krım tatarlarının ürəyincədir. Tatar Məclisinin rəhbəri Refat Çubarov bildirir ki, SSRİ dağılandan sonra Moskva keçmiş ittifaq məkanına nəzarəti əldə saxlamaq üçün bütün regional münaqişələrdən istifadə edib. İndi də daha çox Krımda etnik və dini qrupları bir-birinə qarşı qoymağa cəhdlər var.
Məclisin rəhbəri Çubarov hesab edir ki, tatarlar və başqa etnik azlıqlar arasında narazılıqlara baxmayaraq, əgər regiona kənardan təxribatlar olmasa, Krımda sabitliyə ciddi təhlükə olmayacaq.
Osmanlı İmperiyasından üzü bəri
200 il Osmanlı İmperiyasının nzəarətində olan Krım Yarımadası 18-ci əsrdə Rusiyanın əlinə düşüb. 1921-ci ildə Krım özünü Muxtar Respubliak elan edib. 1945-ci ildə sovet hakimiyyəti onun muxtariyyatını ləğv edib və 1954-cü ildə Ukraynanın tərkibinə verib. SSRİ-nin dağılmasından sonra Krım yenidən Ukrayna tərkibində öz muxtariyyatını bərpa edib.
Krımın 2 milyona yaxın əhalisinin 58 faizini ruslar, 24 faizini ukraynanlılar, 12 faizini isə tatarlar təşkil edir.
II dünya müharibəsi illərində Sovet hakimiyyəti yüz minlərlə Krım tatarını sürgün edib. Sovet İttifaqının dağılmasından sonra minlərlə tatar öz evlərinə qayıda bilib.
Rusiya yönümlü təşkilatların əsas məqsədləri Ukraynanı Moskvanın orbitində saxlamaq, Kiyevin Avropa Birliyi ilə daha sıx inteqrasiyasına imkan verməməkdir. Bu qüvvələr öz məqsədləri üçün tez-tez müsəlman Krım Tatarları ilə pravoslav ruslar arasında gərginliyi qabardırlar.
Krımda Rusiya pasportları paylanır
Amma Rusiya yönümlü təşkilatlar Moskva ilə bağlılıqlarını inkar edirlər. Rusiya demək olar bütün yarımadada mövcudluğunu saxlayır. Rusiyanın Simferepoldakı konsulluğu yarımadanın etnik rus olan sakinlərinə Rusiya pasportları paylayır. Krımın paytaxtı Simferepolda Rusiyanın MDB ölkələri ilə iş üzrə dövlət agentliyinin ofisi fəaliyyət göstərir.
Keçən həftə Rusiya prezidentinin Cənubi Osetiya və Abxaziya məsələləri üzrə məsləhətçisi Vladislav Surkov Krıma gizli səfərə gedib. O, bağlı qapılar arxasında Krımın Baş nazirinin müavini, parlamentin spikeri və Sevastopolun qubernatoru ilə görüşüb. Fevralın 20-də Krım parlamentinin spikeri Vladimir Konstantinov Moskvaya səfər edib Rusiya Dumasının spikeri Sergey Narışkinlə görüşəcək.