Bildiyiniz kimi, Bakının “Sovetski” adlanan hissəsini sökürlər, camaat buna görə onlara təklif olunan kompensasiyanın məbləği ilə razı deyil. Dünənsə oxudum ki, həmin ərazidə narazı sakinləri dilə tutmaq, yola gətirmək üçün ağsaqqalları ələ alırlar.
Təəccüblü deyil, biz allahsız yerdə oturub ağsaqqalsız yerdə oturmayan camaatıq, böyüyün sözünə baxmayanda böyürə-böyürə qalırıq. Ağsaqqalın sözünün üstünə söz, əlinin üstünə əl olmaz bizdə. Qanunlar nə deyir, önəmli deyil, əsas odur ki, ağsaqqal nə deyir.
Xalqımızın yazılmamış, yazılı Konstitusiyasından fərqli olaraq işlək konstitusiyasına – mentalitetinə görə, yol böyüyündür, su kiçiyin. Niyə? Çünki yol işində çoxlu pul var, bu gün asfaltlayırsan, sabah söküb kanalizasiya xətti çəkirsən, birisi gün yenə asfaltlayırsan, ilboyu beləcə davam edir və cibişdanı doldurursan. Su isə “Azərsu”nun ümidinə qalıb, o nə vaxt insafa gəlib su verər, kiçiyə nə vaxt söz düşər, Allah bilir.
Dediyim odur ki, biz bu saat regionun lider dövlətinə çevrildiyimiz, analoqsuz inkişaf etdiyimiz üçün həm də ağsaqqallara borcluyuq. Onların müdrikliyi, uzaqgörənliyi olmasa, ölkəni anti-milli ünsürlər, ünsür də deməyə adamın dili gəlmir, elementlər, naftalin iyi verənlər başına götürər, Azərbaycanın xoş sədası Panamadan, Dubaydan, Mayamidən gəlməzdi. Təsadüfi deyil ki, müstəqilliyimiz təhlükə qarşısında olarkən, ölkə parçalanma ərəfəsində ikən, xalq gecələr çölə çıxa bilməzkən şairimiz “Allahım, mənə bir ağsaqqal yetir” deyə yalvarmış, qurbanolduğumuz da onun bu ümummilli xahişini yerə salmamışdı.
Həmçinin ölkəmizdə Ağsaqqallar Şurası adlı strateji qurum var. Bu qurumun əlindəki silahlar nəinki bizim Müdafiə Nazirliyində, heç dünyanın ən qüdrətli ordularında da yoxdur. Məsələn, “ağsaqqal öyüdü”. Bu elə bir silahdır ki, ikicə saatın içində Irəvanda üçrəngli bayrağımızı dalğalandıra bilərik. Amma dalğalandırmırıq. Niyə? Çünki hələlik bayrağın rənglərinin yerini yaxşı öyrənməmişik, tərs asmaq ehtimalı var. Qoy mavi rəngin yuxarıda, yaşıl rəngin aşağıda olduğunu tamam-kamal öyrənək, Irəvanın hər küçəsində bir Azərbaycan bayrağı asmasaq, mən də heç nə bilmirəm.
Bəs bu Ağsaqqal Şurasının sədri kimdir? Fəttah Heydərov. Niyə? Çünki Fəttah müəllimin oğlu Kəmaləddin müəllim də fövqəladə hallar naziridir. Soruşmayın ki, nə əlaqəsi var. Çox əlaqəsi var. Hansısa fövqəladə halın ağzı nədir ağsaqqal sözündən çıxsın? Bir ağsaqqal sözü kifayətdir ki, yanğın öz-özünə sönsün, zəlzələ yeri titrətməkdən əl çəksin. Ağsaqqal danışanda axan sular durar, beləliklə, Kür daşa bilməz, yarım saatlıq yağışla Bakı küçələri Venesiyaya çevrilməz və s.
Budur, rəsmi divar, üzr istəyirəm, rəsmi dövlət qəzeti “Azərbaycan”da (19 fevral, 2013) oxuyuruq: “Azərbaycan xalqının milli mental dəyərlərindən irəli gələrək tarix boyu ağsaqqallar cəmiyyətdə yüksək hörmət və nüfuz sahibi olublar. Hər zaman öz müdrikliyilə seçilən ağsaqqallarımız Azərbaycan dövlətçiliyinin çətin günlərində də xalqın ön sıralarında olub, insanlara ən doğru yolu göstəriblər. 1993-cü ilin təlatümlü günlərində də ulu öndər Heydər Əliyevi siyasi hakimiyyətə dəvət edənlərin böyük əksəriyyəti məhz ağsaqqallar idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində ağsaqqalların rolu daha da artdı. Ulu öndər həmişə ağsaqqal sözünün hikmətinin böyüklüyünə yüksək qiymət verir, onları cəmiyyətin ən fəxarətli üzvləri kimi qəbul edirdi.
Hazırda bu gözəl ənənə layiqincə yaşadılır və Prezident Ilham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti vaxtilə ulu öndər Heydər Əliyevin respublika ağsaqqallarına göstərdiyi diqqət və qayğını davam etdirir. Ölkə başçısı respublikamızın regionlarına, şəhər və qəsəbələrinə səfərləri zamanı mütəmadi olaraq ağsaqqal və ağbirçəklərlə görüşür, onların arzu və istəklərilə maraqlanır, təklifləri ilə əlaqədar yerli icra orqanlarına lazımi göstərişlər verir”.
“Sovetski” sakinlərinə sözüm odur ki, nə qədər ağsaqqallar evlərini partiya və hökumətə pulsuz, peşkəş verilməsini istəməyiblər, təklif olunan kompensasiyaya razılaşsınlar. Sonra çox gec ola bilər.
Məndən demək.