Hökumət “Sovetski” camaatına söz verdi

“Sovetski” sakinləri ilə hökumət nümayəndələrinin görüşü jurnalistlərin iştirakı ilə keçirilib.
“Virtualaz.org” xəbər verir ki, hətta baş nazirin müavini Abid Şərifovun görüşü jurnalistlərsiz keçirmək təşəbbüsünə baxmayaraq, sakinlərin müqavimət göstərərək buna imkan verməyiblər.

Sakinlərlə görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, baş nazirin müavini Abid Şərifov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev və Yasamal rayonunu təmsil edən deputat Ülvi Quliyev iştirak edib.

Sakinlər evlərin sökülməsi üçün bütün ev sahiblərinin razılığının alınmasını istəyiblər. Sakinlər əsasən də sahəsi az olan evlərə görə veriləcək kompensasiya ilə bağlı narazılıq ediblər və mənzillərinin əvəzindəonlara ev verilməsini tələb ediblər.

Sakinlər hazırladıqları müraciəti oxuyublar. Müraciətdə kompensasiyanın miqdarının hər kəsi qane edəcək şəkildə olması, ailələrin tərkibinin nəzərə alınması, kompensasiyanın mənzilin istifadə olunan bütün ərazilərinə eyni miqdarda verilməsi istənilir. Onlar kompensasiya ilə razılıq əldə edildikdən və evlər tamamilə boşaldıldıqdan sonra evlərin sökülməsinə başlanılmasını tələb edirlər. Sakinlər söküləcək evlərin yerində yaşayış binalarının tikiləcəyi halda onlara da həmin binalardan mənzil verilməsini istəyirlər.

Baş nazirin müavini Abid Şərifov çıxış eədərk bildirib ki, sakinlərin bu müraciəti nəzərə alınacaq və onlara bir həftə ərzində cavab veriləcək. A.Şərifov söküləcək evlərin yerində nəyin tikiləcəyi haqda icra hakimiyyəti tərəfindən ətraflı məlumastın veriləcəyini qeyd edib. “Mən belə tapşırıq almışam ki, heç kəs buradan zorla köçürülməyəcək” – deyə A.Şərifov qeyd edib. Söküləcək ərazidə

Burada heç bir otelin tikilməyəcəyini deyən A.Şərifov zalda əyləşən sakinlərin “bu sözləri deyənin, otel tikmək istəyənin Allah bəlasını versin” qarğışına “amin” deyə dəstək verdi. Baş nazirin müavini sakinlərə söküntü ilə razılaşılmayacağı təqdirdə heç kəsin qazının, işığının və suyunun kəsilməyəcəyi ilə bağlı da söz verib.

Yasamal rayonunun icra başçısı İbrahim Mehdiyev sakinlərə “Sovetski”nin sökülməsi məsələsinin nə zamandan gündəmə gəldiyini deyib: ““Təzəpir” məscidinin açılışı zamanı cənab prezidentimiz buradakı evlərə baxdı və bu insanların bu vəziyyətdə yaşamasını ürək ağrısı ilə qeyd etdi”.
İcra başçısı sakinlərin fevralın 16-da keçirilən aksiyadan sonra məsələnin ölkə rəhbərliyinə çatdırıldığını və bütün lazımi tədbirlərin görüləcəyini bildirib.

Görüşdən sonra jurnalistlərə açıqlama verən Hacıbala Abutalıbov bildirib ki, yekun qərar mart ayının 3-də elan olunacaq. Bakı meri Abid Şərifovun sədrliyi ilə yaradılan komissiya tərtəfindən lazım olan bütün işlərin görüləcəyini,  bütün sakinlərə fərdi şəkildə yanaşılacağını və hər kəsin razılığının alınacağını deyib. “Razılaşmayan heç bir sakinin evi sökülməyəcək”, – deyə o vəd edib.
Mer əmin edib ki, sökülən evlərin yerinə heç bir yaşayış binası tikilməyəcək: “Burada yalnız park salınacaq, yollar genişləndiriləcək”.

***

Bakının Yasamal rayonunun rəhbərliyi və rayondan seçilən deputatlar “Sovetski” məhəlləsinin sakinləri ilə görüşür. Görüş “Sovetski”nin sökülməsi planı ilə bağlıdır. Virtualaz.org-un məlumatına görə, saat 16-da başlayan görüş 150 nömrəli məktəbdə keçirilir.
Görüş başlamazdan əvvəl zalda gərginlik yaranıb. Belə ki, polislər məmurların göstərişi ilə jurnalistləri zaldan çıxarmağa başlayanda sakinlər buna etiraz ediblər.
“Jurnalistləri ona görə zaldan çıxarırsınız ki, problemi gizli şəkildə həll edəsiniz. Açıq-aşkar danışmaqdan, məsələlərin mətbuatda yayılıb xalqa olduğu kimi çatdırılmasından qorxursunuz. Jurnalistlər bayıra çıxmamalıdır. Əgər onları çıxarsanız, biz də çıxacağıq” – deyə sakinlər etiraz ediblər.