Dünən YAP-ın düşünən beyni, döyünən ürəyi, görən gözü, eşidən qulağı, danışan dili, bir sözlə əsl siması olan Siyavuş müəllimin açıqlamasına rast gəldim, açığı, oxumağa həvəs olmadı, eləcə başlığa göz atdım, məlum oldu ki, onun oğlu da deputat olmaq istəyir.
Hər bir uşağın gələcəklə bağlı arzuları olur, biri təyyarəçi, digəri həkim, başqa biri mühəndis, bir başqası hərbçi olmağın xəyallarını qururlar. Sonra bu arzuların arxasınca gedirlər, ya getmirlər, onların bu xəyalları gerçəkləşir, ya gerçəkləşmir, bu artıq başqa məsələdir. Və heç bir o qədər də önəmli deyil.
Amma yəqin ki, yalnız bizdə – Azərbaycanda uşaqlar təkcə gələcək peşələrini, ixtisaslarını deyil, gələcək vəzifələrini, statuslarını da elə uşaqkən müəyyənləşdirirlər, nazir, deputat olacaqlarını deyirlər. Əcəb edirlər. Bu ölkə xalq şairinin oğlunun illah ki, xalq şairi, xalq yazıçısının oğlunun xalq mütləq xalq yazıçısı, prezidentin oğlunun qeyd-şərtsiz prezident olduğu bir ölkədirsə, deputat oğlu nə düşünməlidir? Əlbəttə, deputat mandatının atasından ona keçməli olduğuna inanmalıdır. Hələ üstəlik, bu ölkədə parlament seçkili yox, təyinatlıdırsa, xalqın iradəsi ilə deyil, bir nəfərin iki dodağının arasından çıxan sözlə, seçicinin səsindən çox “otvyorka”nın qüdrəti ilə həll olunursa, nə problem var?
***
Insan gələcək nəsillərə, lap elə öz övladlarına necə bir ölkə miras qoyduğunu düşünəndə dəhşətə gəlir. Bir toplumun onurğasını təşkil etməli olan, onu irəli aparmalı, yüksəltməli, tərəqqipərvər dünyanın bir parçasına çevirməli olan dəyər və anlayışların bu ölkədə heç bir anlamı, mənası, hörməti qalmayıb. Burada heç bir bəşəri qanunauyğunluq işləmir. Bütün harmoniya pozulub, yaxşı, işıqlı, qutsal nə varsa deqradasiyaya uğrayıb, forma, şəkil olaraq qalsa belə, məzmun və mahiyyət olaraq iyrəncləşib, ürək bulandırmağa başlayıb. Mənəvi olan heç nəyin qiyməti yoxdur, heç nəyin. Istənilən ölkə üçün bundan dəhşətli, bundan qorxunc, bundan fəlakətli bir mənzərə düşünmək, təsəvvür etmək çətindir
Bu ölkədə bəşəri dəyərlər kimi, ali fərdi keyfiyyətlər, bilik və bacarıqlar da artıq heç bir dəyər kəsb etmir. Sənin bu ölkədə nəyəsə sahib olmağın, nələrsə qazanmağın, əldə etməyin üçün qarşıda illah ki, iki yolun var: ya dünyaya imtiyazlı, oliqarx bir atanın, yaptokrat deputat Aydın Mirzəzadənin təbirincə desək, “tanınmış bir ailənin” övladı kimi gəlməlisən ki, lap iki eşşəyin arpasını bölə bilmədiyin halda belə, karyeranın, komfortun, rifahın bütün qapıları üzünə taybatay açılsın, ya da əyilə bilməlisən ki, ayaqda qalasan, alçalmalısan ki, yüksələsən.
Üçüncü yol sadəcə, yoxdur.
Azərbaycan artıq iki rəngdən – ağ və qaradan ibarət bir ölkəyə çevrildiyi kimi, həm də iki yoldan ibarət bir ölkədir. Və bu yolun heç biri məbədə aparmır.
Indi biz övladlarımıza məhz belə bir ölkə miras qoyuruq. Yeganə, bəlkə də mənasız təsəllimiz isə barı onları qürurlu, ləyaqətli bir vətəndaş kimi böyüdə bilməkdir ki, hər şeyə – min cür mənəvi, maddi, sosial məhrumiyyətlərə rəğmən onlar bu anti-bəşəri və anti-insani gedişatın bir parçasına, alətinə çevrilməsinlər. Indi bu ölkədə bundan başqa bacara biləcəyimiz, əlimizdən gələn heç nə yoxdur.
Ağrılıdır, kədərlidir, amma nə yazıq ki, reallıqdır.
***
Ünlü türk şairi Cemal Süreyyanın sözləridir: “Oyuncağın kırıldı diye üzülme, çocuk. Büyüyünce kalbin paramparça olacak”.
Cemal əfəndi bunu harada, nə vaxt, niyə deyib, heç önəmli deyil.
Önəmli olan o sözlərin bu ölkədə bizim uşaqlarımızı, imtiyazlılardan, “seçilmişlərdən” olmayanların uşaqlarını gözləyən gələcəyi olduqca aydın, dəqiq ifadə etməsidir.
Təəssüf.
Çox təəssüf.