Ən ASAN iş dövlətdən oğurlamaqdırsa…

“ASAN xidmət”in yaradılması ilk gündən məndə gülüş doğurub. Belə çıxır ki, əvvəlcə həyatımızı çətinliklərə qərq edirlər, sonra da cüzi sayda yüngül xidmətləri asanlaşdırıb, xal qazanmaq istəyirlər. Hamı bu hiylənin nəyə yönəldiyini başa düşürdü, lakin oradakı xidmətlərin asanlığı bəzi ayıq dostlarımızı da heyrətləndirir və ağızdolusu danışmağa şövqləndirirdi. Bununla belə, yaxşı təəssürat ilk dəfə ora qədəm qoyduqda paylaşılacaq qədər güclü olur. Bundan sonra bir də yolun ora düşə, ya düşməyə. Ona görə də, son vaxtlar bu xidmətə təzə dütdülü funksiyalar da verdilər ki, hekayə ölməsin…

Həmin xidmət fəxrlə bir statistika açıqlayıb. Bəyan edirlər ki, 23 yanvar 2014-cü ilədək, yalan olmasın, 1 milyon adam bu xidmətdən istifadə edib. Əslində, utanılacaq bir rəqəmdir. Xidmətin yaranmasından bir il yarım keçir. Ölkədə də 9 milyondan çox adam var. Deməli, qalanları heç ora daxil olmayıb. Ən azı, əmək qabiliyyətli əhalinin sayı 6 milyondan çoxdur. Milyonlarla insan o “asan”ın nə olduğunu ümumiyyətlə bilmir. 1 milyon insan isə ildə bir və ya iki dəfə xırda bir işini orada asan yolla həll edibsə, qalan günlərdə – ilin dörd fəslində min bir çətinliklə yaşamağa davam edib.

Gülməlisi odur ki, 1 milyondan çox adam “ASAN xidmət”i təşkil edən hökumətin yanından yel kimi keçərək, yaşamağa və işləməyə başqa ölkələrə üz tutub. Rusiya bazarlarında “asan yollarla” alver edənlərə bu YAP icadından söhbət açsan və desən ki, ölkəmizə dönün, bizdə artıq “ASAN xidmət” var, sənə tərs-tərs baxar, cavab da verməzlər. Bilmirəm nə əcəb ölkədən gedənlər arasından paytaxt sakinləri tapmaq TV-lərin ağlına gəlməyib. Təsəvvür edin ki, kimsə Moskva bazarından, ya Isveçdən verilən reportajda deyir: “Gəldiyimiz ölkədə ”ASAN” xidmətinin olmamasına təəssüf edirik, çox darıxmışıq “ASAN” üçün”.

Əslində, bu xidmətin yaradılması ağlı başında olan vətəndaşa etirafdan başqa bir şey deyil. Hökumət boynuna alır ki, ən xırda da bizim ölkədə zibilin içindədir. Bəlkə belə deyil? Çətin deyilsə, niyə asanlaşdırırsınız? Enində-sonunda adamdan soruşarlar ki, nə ilə öyünürsünüz: şəxsiyyət vəsiqəsini bizə rüşvətsiz verməkləmi?

Indi gəlin “ASAN xidməti”ni kənara qoyaq və bir anlığa bu ölkədəki başqa asanlıqlara üz tutaq. Elə işlər var, onların asanlığı adamı heyrətə gətirir. Məsələn, dövlət mülkiyyətini, büdcə pullarını oğurlamaq. Heç nədən çəkinmədən qanunlar pozulur, ən sadə üsullarla tenderlər keçirilir. Elə şirkət var, dövlət qurumuna dəftərxana ləvazimatı satır, kənddə məktəb tikir, bağçaya süd gətirir, Neft Şirkətinə qazma qurğusu ixrac edir. Axtaranda görürsən ki, həmin şirkətin ofisi də yoxdur. Ofşor zonalarda prezident ailəsinin, nazirlərin, sadəcə adı istifadə edilən şəxslərin çox sayda şirkətləri yaradılır və ölkənin sərvətləri asanlıqla onların ixtiyarına verilir. Çox asan həll edirlər! Bəlli olur ki, bu ölkədə dövlətdən oğurlamaq qədər asan bir iş yoxdur.

Sevgili vətənimizdə ən asan işlərdən biri yalan danışmaqdır. Məmurlar, satqın ziyalılar, jurnalistlər TV-lərdə, qəzetlərdə yalanı elə asan danışırlar, adam onların məharətinə heyran qalır. Onlar ölkənin inkişafından, haqq-ədalətdən elə sözlər uydururlar ki, hətta “ASAN” xidmətinin adının mənasını yaddan çıxarırlar. Belə bir cümlə eşitsəniz, təəccüblənməyin: “Ölkədə heç bir çətinlik qalmayıb!”

Siyasi fəalların məhkəmələrini izlədikdə isə görəcəksiniz ki, Azərbaycanda ən asan işlərdən biri də şərləmək, yalançı ittiham düzəltməkdir. Heç bir fənd işlətməyə də ehtiyac yoxdur. Adama deyirlər ki, “bizim gətirdiyimiz narkotik maddə sənin cibindən çıxıb”. Yaxud heykələ qarşı əxlaqsızlıq edibsən. Yuxuda iğtişaş törədibsən və s.

“ASAN” xidməti bütün bu işlərin yanında heç nədir…