Günorta saatlarında başlayan yanğın 4 saata söndürülüb; Sahibkarlara külli miqdarda ziyan dəyib
Astara rayonunun mərkəzi bazarında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Idarəsindən verilən məlumata görə, yanğın dünən saat 15.00-da başlayıb. Hadisə yerinə FHN Astara Rayon Yanğından Mühafizə Hissəsindən 4 yanğınsöndürən maşın və canlı qüvvəsi gəlib. Yanğının əhatə dairəsi genişləndiyindən köməyə Lənkərandakı Yanğından Mühafizə Hissəsindən də daha bir yanğınsöndürən maşın və canlı qüvvə göndərilib.
Astara şəhərindəki mərkəzi bazarda başlayan yanğın dörd saatlıq mübarizədən sonra söndürülüb.
APA-nın cənub bürosunun xəbərinə görə, hadisə barədə məlumat daxil olan kimi əraziyə Fövqəladə Hallar Nazirliyinin Astara Rayon Yanğından Mühafizə Hissəsindən 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Yanğının əhatə dairəsi genişləndiyindən köməyə Lənkəran və Masallı rayonlarının yanğından mühafizə hissələrinin hər birindən əlavə olaraq daha iki yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Onların birgə səyləri ilə saat 19.00 radələrində yanğın lokallaşdırılıb.
Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 5000 kvadratmetr olan bazarın 1500 kvadratmetr ərazisi yanaraq sıradan çıxıb. Yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəyib. Hadisənin səbəbləri barədə hələlik açıqlama verilmir. Faktla bağlı araşdırma aparılır.
Astara sakini Vaqif Əhmədoğlu “Azadlıq”a bildirib ki, bazarın yanması nəticəsində sahibkarlara ciddi ziyan dəyib. “Təkcə mənim qohumum Sabit Ağayevə 50 min manat ziyan dəyib. Sahibkarlar çox pis vəziyyətdədirlər, nə edəcəklərini bilmirlər. Kompensasiya veriləcəyi də bəlli deyil”.