Kəbəni yağmalayanlar
Rüstəm Behrudi
Mən həmişə düşünmüşəm ki, insanın atəşi nura və işığa, ehtirası sevgiyə, haqq və ədaləti görüntüyə, riyakarlığı xeyirxahlığa, qorxunu Allaha çevirmək cəhdi onun zəkasına deyil, ona verilmiş ömrü – qısa zaman ölçüsünü öz həyatı ilə doldurmaq istəyinə hesablanmışdır. Biz ruhumuzun istədiyi bir şeyi kənarda – ayda, ulduzda, ağacda, çiçəkdə, böcəkdə, göy üzündə, Allahda axtarmağımızın yanlış olduğunun əzabını çəkməkdəyik. Uzun saqqal, gödək şalvarla allaha yol aramaq çabası, yanıbaşımızda olan bir şeyi uzaqda, kənarda axtarmaq qədər gülməli görünür mənə. Çünki:
Yüz dua qıl, əyil anda,
Duyacaqsan lap son anda.
Sən Tanrının dərgahında
Öz içindən gələn səsi.
I
Telefonda hıçqıran qadın
Aç, aç, o bədən qəfəsi,
Görəcəksən ruh nəfəsi.
Tanrıya yol birdi, özgəsi,
Puçdu, təriqət işidi!
Əziz və sayğıdəyər dost! Ağlım kəsəndən düşünmüşəm ki, əvvəl və son yoxdu. Onların əvəzində yol var. Və ən acınacaqlı odur ki, biz yolun kənarındakı çiçəklərə uyub, yolun özünü, yəni Allahı unutmuşuq.
Insan hara can atır? Ölüməmi? Ölüm haqqında düşüncələr ölümün özündən daha çox əzab gətirir. Ölüm qorxusu fəlsəfənin başlanğıc, dinin son səbəbidir. Ruhun ölümsüzlüyünə olan inam ölüm qarşısındakı dəhşətli qorxunun bir işarəsi, rəmzi, simvoludur. Isa da, Musa da, Məhəmməd də bilirdi bunu. Ancaq anlatmaq istəmədilər.
Sona qədər anlaşılması zor olan kitablardakı (Incil, Quran, Tövrat) sirr, bəndələrdə allaha gedən yolun müxtəlifliyi fikrini yaratdı. Olanı mövcud olmayana qurban verən insanın faciəsi də elə bundan başladı.
Mən bu fikirdəyəm ki, təriqətlərin çoxluğu allahın dərkinə yox, ona gedən yolun çoxluğuna, daha doğrusu yolun anlaşılmamasına gətirib çıxardı. Və gün gəldi ki, allaha gedən yolun çoxluğu allaha gedən əsl yolun yoxluğunun təsdiqinə çevrildi.
Bu mənada vəhabilik (sələfiyyə, sələfilər) müstəsna rol oynayır.
Uzun illər bundan əvvəl Tövratı, Incili, Quranı oxuyandan sonra qeyri-ixtiyari dilimdən bu misralar süzülmüşdü.
Ey daş qoyub, məscid quran,
Uzaq yoldu Incil, Quran.
Ağac, yarpaq, yoldu hər yan,
Bəndəylə Tanrı arası.
Biz türklərin bir əlimizdə qılınc, birində Quran tutub Islamı tək ərəblərin dini olmaqdan çıxarıb dünyaya yaymağımızdan min il keçdi. Kərbəla düzündə ərəblərin özlərinin belə unutduğu peyğəmbər övladlarına göz yaşı tökən biz, Çaldıran düzündə qardaşı qardaşa düşmən eləyən təriqətlərin qurbanı biz, beş yüz il bir-birinin qanını içməyə hazır olan ərəb tayfalarının arasında sülh qoyan biz, öz soydaşları və dindaşları tərəfindən ölümlə təhdid olunan övliyalara, – imamlara qucaq açan biz, istiqlal savaşında arxadan ərəblərin xaincəsinə vurduğu da biz!
Biz min dörd yüz il bundan əvvəl allahın göndərdiyi peyğəmbəri də, peyğəmbərinə göndərilmiş kitabı da türk milləti olaraq sevə-sevə qəbul elədik, öpüb gözümüzün üstünə qoyduq:
Bir əlində qılınc, birində Quran,
Yadlara qızıl taxt ucaltdı Turan.
Ucaldıb özünə daş atdı Turan,
Bu gün də bəlamız o
yaddan gəlir.
Türk dünyasının böyük fikir və düşüncə adamı N.Atsızın təbiri ilə desək, islam dini xalqımın dini olduğundan, başım üstə yeri var. Ancaq bu gün başım üstə yeri olan islam Azərbaycan ailələrinə bəla gətirən təriqətləri ilə yenidən məmləkətimizi işğal etməyə hazırlaşır.
Qısa şalvar, uzun saqqalları ilə Azərbaycan cəmiyyətinə “yeni” dini düşüncə aşılamağa çalışan, təşkilatlanan, silahlanan, partiyalaşan, siyasiləşən din dəllallarını cəmiyyətdən təcrid eləməyin zamanı gəldi.
Din iman məsələsidir. Iman gətirmək də sözün hərfi mənasında bir şeyi qəlbinlə təsdiqləməkdi. Bir də təkrarlamaq istəyirəm, qəlbinlə təsdiqləməkdi, qısa şalvar, uzun saqqalla yox.
Keçən il baş vermiş, fərqinə varmadığım bir hadisəni xatırladım.
Haşiyə:
Telefonuma tanımadığım nömrədən gələn zənglərə cavab vermədiyimdən bu zəngə də əhəmiyyət vermədim. Gün ərzində eyni nömrədən gələn zəng bir neçə dəfə təkrarlandığından telefonu qaldırdım. Telefonda bir qadın hıçqırırdı.
Şəxsən məni tanımadığını, nömrəmi də çətinliklə tapdığını söylədi. Danışığını olduğu kimi yazmaq istəyirəm:
“Rüstəm müəllim, Bayılda yaşayıram. Uzun illər bundan əvvəl qonşuluğumuza həyat yoldaşını Qarabağ savaşında itirmiş, hər şeyi əlindən çıxmış üç-dörd yaşlı oğlu ilə birlikdə cavan bir qadın yerləşdi. Gün çörəyinə möhtac abırlı-həyalı bir qadındı. Qonşuların köməyi ilə işə düzəldi. Küçələri süpürür, onun-bunun evində təmizlik işlərinə baxırdı. Hər cür əzab-əziyyətə qatlaşıb sevə-sevə, sevinə-sevinə oğul böyüdürdü. Əli Kərimin sözü olmasın – ”oğul deyirəm sənə”. Tərbiyəli, əxlaqlı bir oğul. Illər keçdi. Bir gün eşitdik ki, oğlan yüksək balla ali məktəbə qəbul olunub. Qonşuların sevimlisinə çevrildi bu oğlan. Anası sevincindən uçurdu…
Günlərin bir günündə gördük ki, uşaq məhlədəki dost-tanışlarından uzaqlaşıb. Və ana da əvvəlki ana deyil. Bir gün də o uşağı saqqallı, balaqları kəsilmiş şalvarda gördüm. Bunun nə olduğunu o vaxt anlamadım. Anası söylədi ki, uşaq daha o uşaq deyil, gedib vəhabilərə qoşulub. Sonra da bir tərəfdən qonşuların tənəsi və ana töhməti. Hamıya söz verdi ki, o adamlardan uzaqlaşacaq. Bir gün də eşitdik ki, vəhabi dostları ilə anası arasında seçim eləməyə gücü çatmayan o uşaq intihar eləyib. Bir neçə aydan sonra da qonşular anasını evində ölmüş tapdılar…
Bunu da sizə ona görə demək istəyirəm ki, balalarımızın başına bu “dindar”ların nə gətirdiyini bütün Azərbaycan bilsin!”.
Sonra telefon susdu…
Bu gün bu hadisəni yenidən xatırladım. Hansı bir təhlükə ilə üzbəüz olduğumuzun fərqində deyilik.
Hər bir sevda haqdan gəlir,
Səndə nə var, məndə nə var?!
Ölüm ruhun üsyanıdı,
Bu tövbəli dində nə var?!
Bir vaxt alıb məni məndən,
Sən çıxardın məni dindən.
Soy ruhunu bədənindən,
Gülüm, görüm səndə nə var?!
Ön qaranlıq, son qaranlıq,
Görün, Tanrım, bircə anlıq.
Görün, sirli pərdəni yıx,
Bilim, görüm səndə nə var?!
Ölüm gələ, ömür bitə,
Son anımda əlim yetə.
Şəriətdən həqiqətə,
Yolum, görüm səndə nə var?!
Doyub daha bezmişəm mən,
Tövbə eylə deyən dindən.
Ruhum çıx get bədənimdən,
Ölüm, görüm səndə nə var?!
II
Vəhabilər – Köhnə bazara təzə nırx (qiymət) qoyanlar
Gözləmişəm, nə haqq gəlib,
Nə haqq gəlib, nə baxt gəlib.
Min dörd yüz il nə vaxt gəlib
Haqq adlı andan keçəcək?
Bu yer üzü Musanın, Isanın, Məhəmmədin allaha ad-san bazarından başqa bir şey deyil. Və bu gün Azərbaycanda hörümçək kimi tor quran vəhabilər (sələfilər) köhnə bazara təzə nırx (qiymət) qoymaq istəyənlərdi.
Allah sevgisin riyakarlıq, allah qorxusunun yeni bir günaha açılan qapı adında fürsət olduğunu düşünürəm mən. Allah sevgisi də, allah qorxusu qədər cəfəngiyyatdır. Allah nə sevgidə, nə qorxuda, şüuraltımızda yaşayır bizim.
Mən ağlım kəsəndən düşünürəm ki, sünni ilə şiənin, sələfi (vəhabi) ilə zəfərinin yüz illərdi öz aralarında alıb-verə bilmədiyi nədirsə, onun Allaha, onun kitabına və peyğəmbərinə heç bir dəxli yoxdu.
Əgər bu təriqətlər və təriqət yaradıcıları doğrudan da Allahı Allah (yəni “lailahə-illəllah” şəklində), Məhəmmədi elçi (rəsul), Quranı göndərilmiş kitab kimi qəbul eləyirlərsə, onda təriqətlər Allahın inkarına yönəlmiş hər bir addım küfr hesab olunmalıdır. Yoxsa, belə görünər ki, təriqət başçıları Məhəmməd peyğəmbərdən daha çox müsəlmandırlar.
Bu da gülməli bir şeydi.
Vəhabiliyin yaranma tarixinə və təməl prinsiplərinə qısaca nəzər salsaq onun nəyə və kimə xidmət elədiyini aydınlaşdıra bilərik.
Islam tarixçilərinin yazdığına görə, vəhabilik təriqətinin qurucusu ingilis cəsusu Hempherin toruna düşərək islam dinin ortadan qaldırmaq üçün alət olan Məhəmməd ibn Əbdülvahadır. Hempherin “Ingilis casusunun etirafları” kitabında bu təriqətin quruluşu və mahiyyəti açıq-aşkar anlatılmaqdadır. Fikir və düşüncələri ingilislərin pulu və silahı ilə qəbilə rəisləri Məhəmməd ibn Səud tərəfindən dəstəklənmiş və yayılmışdır. 1738-ci ildə elan olunmuş vəhabilik ingilislərin siyasi və əsgəri yardımı ilə Ərəbistana yayılmışdır. Vəhabilərə inanan ərəb hakimi Məhəmməd ibn Səud 1791-ci ildə Məkkəyə hücum edib Kəbəni yağmalamışdır. Vəhabilərin Məkkəni yağmalamaqları bir neçə dəfə təkrar edilmişdir.
Allahın evinə hücum çəkib onu yağmalayan, Allahın rəsulunun məzarını ziyarət eləməyi küfr sayan, ziyarət eləyəni müşrik adlandıran, kitablarında başı, yanaqları qırxıb, saqqal buraxmağı əmr eləyən, Adəm peyğəmbəri peyğəmbər saymayan vəhabiliyin ziyanlı və yanlış bir dünyagörüş olduğu apaçıq ortadadır.
Ingilis casuslarının yardımı ilə yaradılmış bu təriqətin Islam dünyasında apardığı pozuculuq fəaliyyəti Azərbaycanda bu gün çiçəklənməkdədir. Bu çiçəklərin bar gətirməyinə imkan vermək olmaz.
III
Ey mənə kafir söyləyən
Bəndə həmən, allah həmən,
Sözəm, yendim allaha mən.
Incil, Zəbur, Quran həmən,
O müqəddəs həmən mənəm.
Allah öz kitabında deyir ki, “Ey iman gətirən bəndələrim! Əgər hər hansı bir yerdə islamiyyətə görə sizi incidib, əziyyət verərlərsə, orda sizi ölüm təhlükəsi gözləyərsə, yaxud orda dini vəzifənizi yerinə yetirə bilmirsinizsə, başqa yerlərə hicrət eləyə bilərsiniz. (”Hörümçək” surəsi,56)
Vəhabiliyin hakim din olduğu Səudiyyə Ərəbistanında onları hansı təhlükə gözləyir ki, onlar qaxılıb öz vətənlərində oturub ibadətlə məşğul olmurlar?
Bu darbalaq, saqqallı missionerlərin məqsədləri açıq şəkildə göz önündədir.
Nə qədər ki, Azərbaycanda dini və yas məclislərində Quran və din əvəzinə Kərbəla müsibətindən danışılacaq, başımıza hələ çox müsibətlər gələcək.
Ey mənə kafir söyləyən,
Çağır, qoy görsün hər kəsi;
Içimdə iman evi var,
Kədərdəndi minarəsi.
Inansa da hansı dinə,
Dönüb sevinə-sevinə,
Bir gün bu iman evinə
Bir kimsə varmı girməsin?!
Ey daş qoyub, məscid quran,
Uzaq yoldur Incil, Quran.
Çiçək, yarpaq,.. yoldu hər yan
Bənəylə Tanrı arası.
Yüz dua qıl, əyil anda,
Duyacaqsan lap son anda,
Sən Tanrının dərgahında
Öz içindən gələn səsi.
Səndən mənə o səs baxdı;
Ağıllıdan dəli haqdı;
Olsa da bir fərqi yoxdu
Kimin, nəyin divanəsi.
Tanrım, uduza-uduza,
Çevirdin məni yalqıza.
Apar bir soyuq ulduza
Bir kəs dalımca gəlməsin.
Bu iman evində mənəm,
Dinsizəm, haqq dində mənəm.
Dinimə gir sən ey sənəm,
Gir ki, dinimiz ölməsin.
Ortada Allahın kitabı (Quran) dura-dura müxtəlif təriqətlərin at oynatdığı Azərbaycanın gələcəyini qaranlıq görürəm. Allahın kitabını unudub hiylə və məkrlə bizi dinə-imana çağıranlara demək istəyirəm ki:
Imana gəl, deyən kəs.
Sevgi iman deyil bəs?!
Içimizdən gələn səs
Ən böyük imanımız.
P.S.Allahdan başqa özlərinə dost, hami qəbul edənlər özünə yuva qurmuş hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi isə şübhəsiz ki, hörümçək yuvasıdır.
(«Hörümçək» surəsi, 41)